Reglement des Zentrums
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Dövlət Tərcümə Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikasının dövlət dilindən (bundan sonra – dövlət dili) düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkilini və tənzimlənməsini, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasını və təbliğini həyata keçirən publik hüquqi şəxsdir.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Mərkəz müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, öz adı həkk olunan möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.7. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri
2.1. Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir.
2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;
2.2.2. ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və beynəlxalq əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
2.2.3. tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, yüksək ixtisaslı tərcüməçi kadrların hazırlanmasının təşkili;
2.2.4. Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğinin təmin edilməsi, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edilməsi və nəşri;
2.2.5. tərcümə olunan materiallarda dövlət dilinin düzgün işlənməsi, elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesinin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.
3. Mərkəzin vəzifələri
3.0. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. fəaliyyət istiqamətləri ilə bağlı qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.0.2. tərcümə sənətinin inkişafının elmi araşdırılmasını və ümumiləşdirilməsini aparır;
3.0.3. tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi üzrə tədbirlər həyata keçirir;
3.0.4. dövlət dilindən düzgün istifadə məqsədi ilə müvafiq ədəbiyyatların və sözlüklərin hazırlanmasını təşkil edir;
3.0.5. ölkə üzrə elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesini təşkil edir;
3.0.6. büdcə təşkilatlarının müraciətləri əsasında tərcümə prosesini təşkil edir, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirir;
3.0.7. dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği işini həyata keçirir, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edir, onları nəşr edir, habelə bu məqsədlə xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla və təşkilatlarla əməkdaşlıq edir;
3.0.8. dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqələr qurulmasını təmin edir;
3.0.9. tərcüməni peşəkar tərcüməçilərlə və bilavasitə tərcümə sahəsində ixtisaslaşmış təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində təşkil edir;
3.0.10. tərcümə sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;
3.0.11. Azərbaycanda və xaricdə fəaliyyət göstərən tərcüməçi mütəxəssislərin məlumat bazasını aparır;
3.0.12. dövlət dilinin əhəmiyyətini geniş təbliğ edir;
3.0.13. tərcümə standartlarına dair tövsiyələr hazırlayır;
3.0.14. tərcüməsini təşkil etdiyi materialların kağız və elektron daşıyıcılarından ibarət fond yaradır;
3.0.15. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
3.0.16. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;
3.0.17. Mərkəzə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.0.18. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
3.0.19. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.0.20. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;
3.0.21. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;
3.0.22. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;
3.0.23. Mərkəzin informasiya təminatını təşkil edir və onun təhlükəsizliyini təmin edir.
4. Mərkəzin hüquqları
4.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. fəaliyyət istiqamətləri ilə bağlı normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
4.0.2. sifariş əsasında tərcümə xidmətləri göstərmək, tərcümə olunmuş materialların ekspertizasını həyata keçirmək;
4.0.3. qəzet, jurnal, xüsusi bülleten və digər nəşrlər buraxmaq;
4.0.4. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğular vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
4.0.6. bu Nizamnaməyə uyğun olaraq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
4.0.7. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək;
4.0.8. tərcümə sahəsi üzrə müxtəlif formatlı müsabiqələr keçirmək;
4.0.9. müqavilə əsasında fəaliyyətinə ekspertlər və mütəxəssislər cəlb etmək;
4.0.10. tərcümə sahəsinin təkmilləşdirilməsinə və inkişafına dair konfranslar, simpoziumlar, müşavirələr və seminarlar təşkil etmək;
4.0.11. tərcümə işinin nəzəri və praktiki məsələlərinə dair metodiki vəsaitlər hazırlamaq və nəşr etmək;
4.0.12. fəaliyyət istiqamətləri üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
4.0.13. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
4.0.14. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək.
5. Mərkəzin idarə olunması
5.1. Mərkəzin idarəetmə orqanı onun İdarə Heyətidir.
5.2. İdarə Heyəti Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir.
5.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.
5.4. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
5.4.1. Mərkəzin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən edir;
5.4.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər (o cümlədən, Mərkəzin maliyyə hesabatını) təqdim edir;
5.4.2-1. Mərkəzin fəaliyyətini təşkil edir və ona nəzarət edir;
5.4.3. Mərkəzin fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
5.4.4. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;
5.4.5. bu Nizamnamənin 3.0.17-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
5.4.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;
5.4.7. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə Aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir;
5.4.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;
5.4.9. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;
5.4.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;
5.4.11. Mərkəzin əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq edir, Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir;
5.4.12. Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
5.4.13. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
5.4.14. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir;
5.4.15. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
5.4.16. Mərkəzin daxili audit bölməsi yaradıldığı halda, həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;
5.4.17. Mərkəzin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
5.4.18. bu Nizamnamənin 3.0.1-ci və 4.0.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
5.4.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
5.5. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyəti digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
5.5-1. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
5.5-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
5.5-3. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
5.6. İdarə Heyətinin sədri:
5.6.1. Mərkəzin fəaliyyətinə cari rəhbərlik edir və onu təmsil edir;
5.6.2. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
5.6.3. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.6.4. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;
5.6.5. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
5.6.5-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
5.6.6. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
5.6.7. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
5.6.8. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
5.6.9. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün müraciəti əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
5.6.10. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
5.6.11. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.6.12. Mərkəzin kargüzarlıq və arxiv işlərinin aparılmasını təmin edir;
5.6.13. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;
5.6.14. Mərkəzin fəaliyyəti ilə bağlı qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır, onların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
5.6.15. Mərkəzin fəaliyyətini əks etdirən materialların mətbuatda dərc olunmasını təmin edir;
5.6.16. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
5.6.16-1. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
5.6.17. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
5.7. İdarə Heyətinin üzvləri:
5.7.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
5.7.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
5.7.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
5.7.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;
5.7.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
5.7-1. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəri üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5.8. Mərkəz öz fəaliyyətində və idarəçiliyində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
6. Mərkəzin nizamnamə fondu və əmlakı
6.1. Mərkəzin nizamnamə fondu 2.040.124 (iki milyon qırx min yüz iyirmi dörd) manatdır.
6.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
6.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz istifadəsində olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirir.
6.4. Mərkəz qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Mərkəzin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
6.5. Mərkəzin məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6.6. Mərkəz sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Mərkəzin xərclər smetası əsasında istifadə edir.
7. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
7.1. Mərkəzin fəaliyyətinə nəzarəti təsisçinin səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.
7.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
8. Mərkəzdə uçot və hesabat
8.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
8.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
8.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
8.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
9. Mərkəzin yenidən təşkili və ləğvi
9.1. Mərkəzin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
9.2. Mərkəz ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.
Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.