Nigar Rəfibəylinin şeirləri Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “litprichal.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin rus dilinə tərcümə edilmiş “Neyləyim ”, “ Sevda kimiyəm”, “ Çiçəklər ” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – tanınmış Rusiya tərcüməçiləri Mark Şexter və Vladimir Portnovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “litprichal.ru” portalı mütəmadi olaraq səhifələrində A.Puşkin, A.Fet, S.Yesenin, A.Ahmatova, M.Svetayeva, O.Mandelştam kimi korifey şairlərin yaradıcılığını işıqlandırır.
Nigar Rəfibəyli
(1913–1981)
Şair, tərcüməçi;
“Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Zəfər nəğməsi”, “Anaların səsi” və digər kitabların müəllifidir;
Evripid, Əlişir Nəvai, Fridrix Şiller, Mixail Lermontov, Taras Şevçenko, Anton Çexov, Lilian Voyniç kimi dünya şöhrətli şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirib;
1981-ci ildə Azərbaycanın Xalq şairi fəxri adına layiq görülüb.
Neyləyim
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?
Əsən rüzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?
Bəlkə, tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
Sevda kimiyəm
Unudulmuş da, atılmış gülü sevda kimiyəm,
Gözlərimdən çəkilən bir dəmi röya kimiyəm.
Hicr əlindən ürəyim qanə dönər şamü səhər,
Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.
Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın,
Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.
Hər keçən yolçudan ağlar gözüm əhval sorar,
Hər buluddan su uman bir quru səhra kimiyəm.
Sənə bel bağladım, atdın məni, ey munisi can,
İndi sənsiz yaşaram, tarixi-dünya kimiyəm.
Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,
Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.
Çiçəklər
Sevib oxşadığım əlvan çiçəklər,
Əlvida, ey gözəl yaz çiçəkləri…
Öpdüm gözlərimlə sizi hər səhər,
Yığdım dəstə-dəstə ağ çiçəkləri.
Bəzən məhəbbətin dili lal olur,
Təbiətdə min rəng, min əhval olur.
Çiçəklərdə incə bir xəyal olur,
Bəzəyir hüsnünü naz çiçəkləri.
Sarı nərgiz, nazlı bənövşə, reyhan,
Sizdən ayrı könlüm olur pərişan,
Siz də yad eləyin məni bircə an,
Vəsf eləsin telli saz çiçəkləri.
Əssin üstünüzdən rüzgar ahəstə,
Yığsın sizi qızlar hey dəstə-dəstə,
Yel əssə tökülün sinəmin ustə,
Payız çiçəkləri, yaz çiçəkləri.
https://www.litprichal.ru/work/479565/ | |
https://www.litprichal.ru/work/479564/ | |
https://www.litprichal.ru/work/479563/ |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...