Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi – Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru – İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

Rəbiqə Nazimqızı

(1979)

·     şair, tərcüməçi;

·     2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ədəbiyyat ixtisası üzrə magistratura pilləsini bitirib;

·     1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi və redaktor kimi çalışıb;

·     “Sənə qədər”, “Epizodik sevgilər”, “Çətirlərin qiyamı”, “Vaxtı öpmək” adlı şeir kitablarının müəllifidir;

·     “Rixard Vaqner. Mənim həyatım” memuarını, Avqust Strindberqin “Tənha”, Elias Kanettinin “Korlaşma” romanlarını, Romen Rollanın “Seçilmiş əsərləri”ni, tərcümə edib.

 


Narahat şeir


Nə olsun ki, soyuğam, nə olsun ki, uzağam,

Nə bir məktub yazıram, nə də zəng eləyirəm.

Bilirəm, tələsirsən, məndən də qurtulmağa,

Mən də sənin başını belə dəng eləyirəm.



Bir yandan arvad-uşaq, ev-eşik qayğıları,

Bir yandan qohum-qardaş, qohumlar, bir də yadlar.

Bilirəm, həya bilmir canının ağrıları,

Qovursan da gəlirlər, öpürlər, oxşayırlar.



Qorxma, bircə sığallıq ömrü var sancıların,

Bir məlhəmlik vaxtım var, gətirib gedəcəyəm.

Gərəkdir ki, özümə bir xatirə saxlayam,

Sənin ağrılarını götürüb gedəcəyəm.



Könlümdən şeir-şeir süzüləcək bu sevgi,

Oxusan, dualarım səni hər an qoruyar.

Məndən narahat olma, canım bərkdi hələ ki,

Gözlərimdə su qalır, ağlayaram, quruyar.



Nə gəlirsə, əlimdən qapıb alır misralar,

Nə deyirəm qurtarmır, sözlərim yenə qalır.

Mənə qalır ağrını çəkib üstümə salmaq,

Məni qəmdən qurtarmaq yenə də sənə qalır.


 

Mənə bir şəkil göndər


Mənə bir şəkil göndər, köhnə illərdən gəlsin,

Canlansın yaddaşımda sarı işıqlı taksi,

Köhnə dayanacaqlar, doqquzmərtəbə evlər,

Xırda-xırda dükanlar, ya da kənd mənzərəsi.

Buludlarla köynəyin birləşsin bir vəzndə,

Mən də bir az hərlənim sənin gəzdiyin yerdə.

Mənə bir şəkil göndər ötən əsrin sonundan.

Doqquzunda, onunda, ya elə otuzunda

Qəfil çəkilmiş olsun. Bir az əzilmiş olsun,

Bir az cırılmış olsun, lap yanında dostların,

Ya da tanımadığım bir canıyanmış olsun.

Mənə bir şəkil göndər, görüm daha əvvəllər

Görmədiyim halını, tanıyım əhvalını.

Mənə bir şəkil göndər, yanıb yaxılım baxıb,

O kiçik mənzərədə özümə bir yer tapıb

Sənə yaxın dayanım.

Qoy yuxuma çəkilsin, səhərlər gec ayılım,

Axşamlar erkən yatım o şəklin hesabına.

Otağımda xəlvətcə ona bir yer ayırım,

Şəninə məclis qurum hər ayın axırında,

Hər maaşda göylərə bir az da ah köçürüm,

Mən tək qalan deyiləm, səni çağırmıram da,

Mənə bir şəkil göndər, onunla vaxt keçirim...

 

 


https://trabalibros.com/textos-libres/i/31894/67/enviame-una-foto

https://trabalibros.com/textos-libres/i/31895/67/poesia-inquietante

 

 

 

 

 

VƏ DİGƏR...

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.