Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında

İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının ispan dilinə tərcümə edilmiş “Sual” və “Min illər” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras və Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyasına malik “Alquibla” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Xuan Gil Albert, Qustavo Adolfo Bekker, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Roke Dalton Qarsia kimi məşhur dünya şairləri və yazıçılarının yaradıcılığını işıqlandırır.
Sabir Rüstəmxanlı
(1946)
– Azərbaycanın Xalq şairi;
– 1989-cu ildə Azərbaycanda ilk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetini təsis edib;
– “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. şeir kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı” kimi romanların müəllifidir.
SUAL
Bəlkə, bu dünyada mən yoxam artıq,
Qarışıb payıza uçub getmişəm.
Sahibsiz adımdır ortada qalan,
Özümsə xəlvətcə köçüb getmişəm.
Sən adda adam da yaşamır, bəlkə,
Özündən yadigar qoyub bu səsi.
Verdiyi əzabı unutdurmağa
Beş-on söz eşidim sevgi əvəzi.
Bəlkə, bu özü də bir aldanışdır,
Bəlkə, gördüyüm də yuxudur elə.
Çoxdan itirdiyim nəğmələrimi
Tale başqasına oxudu elə.
Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsansa, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?
MİN İLLƏR…
Yağışlı-çiskinli çöllərlə gedirəm –
Ürəyimdə Sən!
Ürəyimdə sirr çiçəyi, sevgi adlı möcüzə,
Mənimlə min illər yol gələn…
Min illər öncə bir ildırım şarı kimi düşdün içimə…
Min illərdir zülməti qova-qova acıq verirsən
Ayrılığa… Təkliyə… Qəmə…
Tarix bu sevgiyə bağlıdır.
Onun nəfəsiylə dirçəlir zaman…
Min illərdir sənə sevgi nəğməsi oxuyuram
Heç usanmadan…
Bu sevgidir yağış olub yağan,
Qar olub əriyən…
Güllərin könül rüzgarı kimi
Bu dünyanı bürüyən…
İkimizin köksündə bir ruh, bir can…
Gedir əbədiyyət karvanı – başında sevgimiz.
Həm karvana son qoşulan,
Həm də dünya qədər Qoca Sarvan!
![]() |
VƏ DİGƏR...
-
Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında
Almaniyanın populyar “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb...
-
Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.
-
Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”
Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.