İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında

İkinci Mahmudun hekayəsi aparıcı ərəb portallarında

Küveytin “Fikr-Hur”, Əlcəzairin “alharir.info”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı İkinci Mahmudun ərəb dilinə tərcümə olunmuş “Yersiz ölüm” hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – ərəb dili mütəxəssisi Fərid Camalovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi məşhur yazıçı və şairlərin yaradıcılığının işıqlandırılmasına geniş yer ayırır.

 


 İkinci Mahmud (Mahmud Ağakişiyev)

      (1986 - 2019)


·     yazıçı, tərcüməçi;

·     2007-ci ildə Bakı Dövlət Universitetinin  filologiya fakültəsini bitirib;

.     2009–2010-cu illərdə Türkiyənin Bilkənd Universitetində Türk dili və ədəbiyyatı üzrə kurs keçib;

.     2013-cü ildən müxtəlif mətbu orqanlarda araşdırma yazıları, esse və hekayələri dərc edilib;

·   Artur ŞopenhauerAlber KamüUmberto EkoÇak PalanikViktor PelevinNodar DumbadzeHaruki Murakami kimi müəlliflərin esse və hekayələrini Azərbaycan dilinə tərcümə edib;

.     “Tarixin izi ilə” adlı bədii-sənədli filmin ssenari müəllifi və rejissorlarından biridir. 

 

 


Yersiz ölüm

(hekayə)

Tanıyanlar bilirlər, soyuqqanlı adamam, hər şeyi ürəyimə salan deyiləm. Həyatdır da, adamın başına hər iş gələ bilər. Sevərsən, ayrılarsan, varlanarsan, kasıblayarsan, lap elə yolla getdiyin yerdəcə yıxılıb ölə də bilərsən. Hər xırda şeyi dərd etməyə dəyməz, əvvəl-axır hamı öləcək... Nahaq yerə ölümdən söz saldım, düzünü desəm, ölümdən yaman qorxuram. Yadıma düşəndə tüklərim biz-biz olur... 

Deyirlər, adam öləndən sonra qulaqları üç gün eşidir. Açığı, heç ağlabatan şey deyil, elə də şey olar?! Amma hər ehtimala qarşı vəsiyyət edəcəm ki, mən öləndə dəfn eləməyə tələsməsinlər, üç-dörd gün gözləsinlər. Olmadı elə, oldu belə... Yox, mən elə də sadəlövh adam deyiləm, bilirəm ki, ölünün vəsiyyətini tutan olmur. Bilirəm, gözümü yuman kimi tezbazar bir molla çağıracaqlar, molla gəlib duracaq başımın üstündə, başlayacaq zırıldamağa. Zəhləm gedir mollalardan! Sonra da kəfənləyib aparacaqlar basdırmağa. Basdırıb qayıdacaqlar, hərə öz işinin dalınca gedəcək... Tutaq ki, birdən dirildim? Bəs onda? Doğrudan ha, birdən dirildim! Bir gün sonra dirilən ölülər haqqında o qədər əhvalat eşitmişəm ki. Sizi bilmirəm, mən inanıram. Gərək vəsiyyət edəm ki, mənim ağzıma pambıq tıxamasınlar. Ölən mən deyiləm?! Kefim belə istəyir! Ölünün vəsiyyəti tutulmur, bilirəm. Lap elə tutaq ki, dirildim, başladım qışqırmağa, kim eşidəcək səsimi? Nə bilim e, qarışıq məsələdi... 

Düzü, belə danışmağıma baxmayın, dərindən fikirləşəndə başa düşürəm ki, əvvəl-axır mən də öləcəm. Amma ölməkdən ölməyə də fərq var axı. Yaxşıca gün görəsən, yeyib-içəsən, gəzib-dolanasan, bütün işlərini görüb qurtarandan sonra deyəsən, hə, yaşadım qurtardım, indi ölə bilərəm. Yoxsa Əfqan dayı kimi? Yazıq Əfqan dayı! Vaxtsız getdi... Bir söz var e, deyir, hər ölüm elə vaxtsızdı, amma Əfqan dayının ölümü, doğrudan da, vaxtsız idi. Gərək elə həmin gün öləydi?! Lap bircə gün qabaq ölsəydi, məni bir elə yandırmazdı...

Yaxşısı budur, qoy lap əvvəldən başlayım... Əfqan dayı- hamı onu belə çağırardı, yaşlı da, cavan da- bizim işin yanındakı dayanacaqda dilənirdi. Hə, dilənirdi. Onu orada tanımışdım. Mən məsuliyyətli adamam, işə gecikməyi sevmirəm. Niyə də gecikməliyəm axı?! Nə olar, bir saat tez duraram yuxudan, işə vaxtında çataram, lap bir saat da tez çataram, lap elə durub qapının ağzında gözləyərəm ki, gəlib qapını açsınlar. 

Əfqan dayı məndən də məsuliyyətli adam idi, hər səhər obaşdan gəlib dayanırdı həmin dayanacaqda. Avtobusdan düşüb görürdüm ki, Əfqan dayı dayanıb acqarına papiros tüstülədir. Salamlaşıb hal-əhval tuturduq. Dayanacağın böyüründəki köşkün açılmağını gözləyirdik. Hər gün qəzet alırdım bu köşkdən, krosvord qəzetləri. Yaman dadanmışdım bir ara krosvorda. Sonralar krosvorddan da bezdim. Bezərəm də, əşi, belə də şey olar?! Çevir tatı, vur tatı... Bu dayanacaqda hər gün, eyni vaxtda, demək olar ki, eyni adamları görmək olar. Bir-birimizə o qədər öyrəşmişik ki, bir gün kimisə yerində görməyəndə narahat oluruq. Görən, nə olub? Bəlkə, xəstələnib? Hər səhər bir-birimizlə salamlaşır, hal-əhval tuturuq. Amma söhbətlərimiz elə də uğurlu alınmır. Bu qısa və candərdi söhbətlər əsasən iki mövzuda olur: bugünkü hava durumu və avtobusun gecikməyi. Qəribədir ki, havanın necə olmağından asılı olmayaraq hamı narazılıq edir. Soyuqda soyuqdan, istidə istidən gileylənirlər. Vallah, adamlardan baş açmaq olmur! Avtobus da ki hər gün gecikir. Amma Əfqan dayı nikbin insan idi; hər cür havada üzü gülürdü. Bir də görürdün, ayaqlarını sığallaya-sığallaya gələcəkdən xəbər verir: 

-Deyəsən, yenə yağacaq, ayaqlarım yaman ağrıyır.

Hə, lap yadımdan çıxmışdı, Əfqan dayı şikəst idi, əlil arabasında gəzirdi. Hər gün köşkün açılmasını gözləyə-gözləyə xeyli söhbət edirdik. Bütün həyatını əzbər bilirdim. Vaxtilə yaxşı vəzifələrdə işləmişdi, öz dili ilə desək, bəxti yaman gətirmişdi. 24 yaşında şərab zavoduna direktor qoymuşdular Əfqan dayını, öz dediyinə görə, dövlətin bir qara qəpiyinə də əyri baxmamışdı. Kişi kimi yaşamışdı, vicdanla. Amma 30 yaşında adicə qripdən yorğan-döşəyə düşmüş, ayaqları tutulmuşdu. Bəxtə bax ha! Sonra arvadı Əfqan dayını atıb getmişdi. Amma deyirdi ki, özüm boşandım, yola getmirdik. Bircə qızı var idi, varlı bir adama ərə getmişdi. Deyirdi ki, qızım məni evinə aparmaq istəyir, amma özüm getmirəm, heç kimə yük olmaq istəmirəm, onsuz da bu gün-sabah biletim "Cek Pot"u udacaq. Pulu götürüb gedəcəm İsrailə, ayaqlarımı müalicə etdirəcəm.

Hə, yenə az qala yadımdan çıxmışdı, Əfqan dayı lotereya azarkeşi idi, hər həftə “Bəxt” lotereyası alırdı. Özü də bir neçə ədəd. Nahara qədər dilənir, sonra çıxıb gedirdi evinə. Qoy yadımdan çıxmamış deyim, Əfqan dayının evi də yox idi. Deyirdi ki, qəpiyi qəpiyə calayıb özümə ev tikmişdim, günün günorta çağı bir “Kamaz” yoldan çıxıb özünü çırpdı evimə. Evdə evlik qalmadı. Bəxtə bax ha! Sürücünün heç burnu da qanamamışdı. Evin də sənədi yox, sünəti yox, hara getdimsə, bir kar olmadı. Düzünü desəm, Əfqan dayını anlaya bilmirdim. Axı bu adamın öz bəxtinə güvənməsi üçün heç bir səbəb yox idi.

Hər səhər Əfqan dayıya pul verirdik. Elə də çox yox, qəpik-quruş, onsuz da, çox verəndə götürmürdü. O da pulu alıb əvəzində xeyir-dua verirdi bizə. Deyirdilər ki, Əfqan dayıya pul verən gün işlərimiz yağ kimi gedir. Düzü sınamamışdım, nə bilim, ola bilər...

Hə, onu deyirəm axı, yaman nikbin adam idi Əfqan dayı. Əyninə-başına yaman fikir verərdi, pal-paltarı tər-təmiz olardı. Hər gün üzünü taraş edərdi. Bir dəfə də üzünü tüklü görməmişdim. Saçına bir daraq çəkirdi, gəl görəsən. Saç da saç idi ha!

Bu adamdan baş aça bilmirdim. Həyatı uğursuzluqla dolu idi. Bəxt sarıdan heç yarımamışdı. Qripdən də ayaq tutular? Deyək ki, arvadını başa düşdük, ömrünü şikəst adama qulluq edərək çürütmək istəməyib. İstəməyib də! Bəs qıza nə deyəsən? Düzdü, Əfqan dayı yalandan deyirdi ki, özüm qızıma yük olmaq istəmirəm. Amma mən anlayırdım ki, yalan danışır. Bunu anlamaq üçün onun gözlərinə baxmaq kifayət idi. Mən başa düşürəm. Başa düşürəm ki, “qızım da məni atıb” demək bir ata üçün necə ağırdı. Başına bu qədər iş gələn adamın təzədən öz bəxtinə güvənməsini isə heç cürə başa düşə bilmirdim. Lotereyanın adına bax: “Bəxt”. Pahoo! Bu adamda bəxt nə gəzir, a zalım?! Hərdən istəyirdim deyəm ki, ay Əfqan dayı, əl çək bu sevdadan. Sən o "Cek Pot"u çətin udasan! Səndə bəxt nə gəzir, a kişi! Yaxşısı budur, get özünü ver bir qocalar evinə. Bizim qəpik-quruşlarımızla sənin yaran sağalmaz. Onsuz da, yığdığın pulların hamısını verirsən lotereyaya... Ay-hay! Gəl bunları Əfqan dayıya de, görüm necə deyirsən?! Deyəmməzdim. Deyəmməzdim, çünki Əfqan dayı əmin idi ki, "Cek Pot"u udacaq. Hər dəfə biz ona pul verəndə arxayınlıqla deyirdi: "-Narahat olmayın e, bu gün-sabah qaytaracam pullarınızı... "Cek Pot"u udan kimi qaytaracam..." Artıq hamı inanırdı ki, gec ya tez Əfqan dayı udacaq bu "Cek Pot"u. Özü də hansısa uzaq gələcəkdə yox, bu yaxınlarda, lap elə gələn tirajda...

Hər tirajın səhəri Əfqan dayı biletini həmin o köşkdə yoxladırdı. Öyrənəndə ki, bileti bu dəfə də "Cek Pot"u udmayıb, kefini də pozmurdu. Bircə dəfə öz-özünə mızıldanırdı dodağının altında:

-Eybi yox, demək, qismət bu tiraja deyilmiş... Sağlıq olsun!

4-5 gün idi ki, gözə dəymirdi. Düzü, hamımız narahat idik. Yazıq kişi! Kimi yox, kimsəsi yox... Kim bilir, başına nə iş gəlib... Köşkdəki oğlandan soruşmaq qərarına gəldim. Bilsə, bilsə, o bilcəkdi. Necə olsa, hər gün burada olur axı. Ola bilməz ki, xəbəri olmasın... Köşkə yaxınlaşdım:

- Qardaş, bu Əfqan dayı vardı e, neçə gündü gözə dəymir, xəbərin yoxdu, hara yoxa çıxıb?

-Hə, Əfqan dayı, öldü də!

-Necə yəni “öldü”, başa düşmədim?

-Öldü də, maşın vurdu... “Kamaz”..

-...

-Keçən tirajdan sonra gəldi bura, biletini yoxladım... "Cek Pot"u udmuşdu..

-Nə?

-Hə də, udmuşdu "Cek Potu"... 46 min!

-Bəs sonra? Düz-əməlLi danış görüm..

-Nə danışım?! Yoxladım, gördüm udub... Bileti götürüb dedi, mən getdim. Elə yolu keçəndə düşdü “Kamaz”ın altına... Öldü, getdi... Cumdum ki, heç olmasa, bileti götürüm.. Bilet nə gəzir! OrAda bilet, burAda bilet, tapılmadı ki, tapılmadı... Hə, belə...

 

 

 

https://fikr7or.com/%d9%82%d8%b5%d8%a9-%d9%82%d8%b5%d9%8a%d8%b1%d8%a9-%d9%8a%d9%88%d9%85-%d8%ba%d9%8a%d8%b1-%d9%85%d9%86%d8%a7%d8%b3%d8%a8-%d9%84%d9%84%d9%85%d9%88%d8%aa/
https://alharir.info/58218-2/
http://www.alnoor.se/article.asp?

https://www.facebook.com/groups/585570282370725

id=389953https://www.facebook.com/groups/170035056468017

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...