Mirmehdi Ağaoğlunun hekayəsi ərəb portallarında
Küveytin “Fikr-hur”, Əlcəzairin “alharir.info”, İraqın “Nur Mədəniyyət və Media Mərkəzi”, Suriyanın “Qısa hekayə”, Misirin “Hekayə və romanlar” mədəniyyət portalları və facebook səhifələri Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı gənc yazıçı Mirmehdi Ağaoğlunun ərəb dilinə tərcümə olunmuş “Fasilə” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili mütəxəssisi Fərid Camalovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, David Cozef Şvarts, Stiven Kovi, Robert Toru Kiyosaki kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Mirmehdi Ağaoğlu
(1982)
· Yazıçı, publisist;
· 1982-ci ildə Neftçala rayonunda anadan olub;
· Azərbaycan Dövlət İqtisad Universitetini bitirib;
· 2005-ci ildən mətbuatda dərc olunmağa başlayıb;
· “Görüş”, “Küləyi dişləyən”, “Bir gün səbir elə” adlı romanların və hekayələrin müəllifidir;
Fasilə
(hekayə)
Axır ki şüşə qapını aça-aça nişanı validatora toxundurdu. Cihazın sinirləri iynələyən o cır cüyültüsünü kim bilir neçənci dəfə eşidirdi.
Hava ilıq və günəşli idi. Yazın gəlişi indi-indi hiss olunmağa başlamışdı. Təzə-təzə cücərməyə başlayan yarpaqlar budaqlarda üzük qaşı kimi parıldayırdı. O bu mənzərə üçün sinov gedirdi, di gəl ki, gün ərzində bunu üst-üstə 10 dəqiqədən artıq seyr etmək imkanı olmurdu. Fasilə üç dəqiqə idi. Qapıdan aralanıb binanın tininə gəldi. Siqaret yandırıb azca yola əyilmiş qoca çinar ağacının altında dayandı.
Bu gün birinci siqareti idi. Səhərlər yuxudan ayılıb öskürə-öskürə tualetə gedəndə nəfəs yollarını tutmuş kəhrəba bəlğəmi çanağa tüpürmək ona insana yaraşmayacaq qədər ədəbsiz göründüyündən və axır vaxtlar nəfəsi tez-tez təngidiyindən siqareti tərgidə bilməsə də, heç olmasa, azaltmağı düşünürdü.
Çalışırdı ki, birinci siqaretini mümkün qədər gec çəksin. İki gün yaxşı keçdi. On birdən tez çəkmirdi. Bu gün isə sözünə yarımca saat xəyanət edəsi oldu. Bu dəfə dözə bilməmişdi.
İşdəki gərginlik onu yaman yorurdu. Yenə mühasiblə sözləri çəp gəlmişdi. Heç cür yola gedə bilmirdilər. Mühasibin verdiyi saysız-hesabsız tapşırıqlar nəinki iş vaxtını, bütün gününü, işdən sonrakı zamanını da alırdı. İşdə olanda işdən başqa nəsə barədə düşünə bilmirdi. Çölə çıxdığı siqaret fasilələrində də key kimi olurdu. Ailəsi, məişət qayğıları barədə düşünmək istəsə də, başını məşğul edən işin içindən heç birini dartıb çıxara bilmirdi. Heç ətrafı da doğru-düzgün müşahidə edə bilmirdi. Elə bil bütün günü kompüterə zillənmiş gözləri artıq günəşi, ağacları, yoldan ötən maşınları, sadə təbiət mənzərələrini belə yadırğamışdı.
Siqaret fasiləsinə çıxanda çox nadir hallarda evə zəng edirdi. Bəzən evə nədənsə narahat olduğu, ya içindən gəldiyi üçün deyil, sadəcə vərdiş etdiyinə görə zəng edirdi.
Gecə yatanda, səhər işə gedəndə yolda özünə söz verirdi ki, işdə vaxt tapıb, heç olmasa, siqaret fasiləsinə çıxanda mütləq dost-tanışlarına, qohum-əqrəbasına zəng edib hal-əhval tutacaq. Hər dəfə də unudurdu. Dostları, qohumları ilə arasında yaranan bu yadlaşma onu getdikcə daha çox ətrafdan, cəmiyyətdən tədric edirdi. Verdiyi cavablar isə heç kəsi qane etmirdi. İşdən başının açılmadığına inanan yox idi. Yaxşı ki bu siqaret fasilələri vardı – bir anlıq da olsa işdən ayrılırdı.
Siqaret yandırıb ötən maşınlara, qəşəng qadınlara baxırdı. Bəzən səmada oynaşan mavi buludları seyr edirdi. Beləcə, “indicə içəri girəcəm, həngamə yenidən qopacaq” qorxusunu içində boğa-boğa hər şeyi unutmağa çalışırdı.
Uzaqda, işıqforun yanında sağ əlində bir dəstə bıçaq, digər əlində dama-dama “aeroport zənbili” tutmuş bir kişi göründü. Qırımından hiss olunurdu ki, yaxınlaşıb yanında dayanacaq. Elə də oldu.
– Qardaş, bir bıçaq al.
– İstəmirəm.
Elə bildi alverçi çıxıb gedəcək.
Əlində üç-dörd ədəd dəstəkləri qırmızı, göy, qara rəngli əldəqayırma uzun tiyəli mətbəx bıçaqları tutmuşdu. Arıq, uzun barmaqları arasında qırmızı izoləli iki kəlbətin, bir yumru yeyə də var idi. Yeyəyə paltar zivəsi kimi rəngbərəng qayçılar keçirilmişdi. Arıq, balacaboy adam idi. Bütün səyyar alverçilər kimi üst-başı tökülürdü.
Belələrini Valeh hər gün, heç olmasa, bir dəfə görürdü. Qab-qacaq, kəkotu, dərman bitkiləri, kiçik məişət əşyaları, ucuz ətirlə dolu zənbillərlə küçəbəküçə gəzir, idarələrə, mağazalara, məhəllələrə, dalanlara girib ucuz qiymətə məhsullarını təklif edirdilər.
Alverçi əl çəkmədi:
– Qardaş, bıçaq al.
– A kişi mən işdəyəm, bıçağı neyləyirəm?
– Lazım olar.
– Qəssabam?
Kişi inadla təkrarlayırdı:
– Götür, evdə işlədərsən. Siftə elə, götür.
Alverçi “ev” deyəndə yadına düşdü ki, evə zəng etməlidi. Səhər evdən hirslə çıxdığına görə yolda fasilə zamanı üzrxahlıq etməyi qərarlaşdırmışdı.
– Pulum yoxdu, sağ ol.
Alverçi əl çəkmək istəmirdi:
– Pulun yoxdu, pay götür. Götür, siftə ver.
– İstəmirəm.
– Götür, götür.
Siqaretə axırıncı qullabı da vurub kötüyü çinarın dibinə tullayandan sonra getmək istəyirdi ki, alverçi qabağını kəsdi.
– Götür, peşman olmazsan. Qoy siftəmi eləyim.
Kişinin əlində tutduğu bıçağın ucu düz qarnına dirənmişdi. Kişinin bundan xəbəri yox idi.
Kənardan elə görünürdü ki, sanki bıçağı Valehin qarnına soxmaq istəyir. Kişi inadla təkrarlayırdı.
– Götür, götür.
Artıq dayana bilmirdi. Kişinin səsi beyninə işləyirdi.
– Al da, al, niyə almırsan, al apar evə.
Kişini itələmək istəməsiylə onun bıçaqlardan birini Valehin əlinə dürtməsi bir oldu. Kişinin həyasızlığı onu lap təngə gətirdi. İşləri tökülüb qalmışdı. Heç olmasa, bir az iş gərginliyindən qurtulsun deyə səhər erkən, bir də axşam gördüyü günəşin bu parlaqlığından, işığından zövq almaq üçün bayıra çıxmışdı. Onu da bu həyasız alverçi məhv etdi. Təkrar işinə dönüb metro qatarı kimi dayanmadan işləyərək binanın bayırında ötən gözəl bir günü hiss etmədən başa vuracaqdı.
– Siftəmi ver.
Valeh hirsindən bıçağın dəstəyini var qüvvəsi ilə sıxdı.
– Al bıçağı.
Bıçağı geri qaytarırmış kimi kişiyə uzatdı və düz qarnına sapladı.
– Al, bu da siftə.
Kişinin ağ köynəyi qırmızıya boyandı. Azca qabağa əyilərək səndirlədi. Əlində tutduğu əşyaları daha bərk sıxdı, əlinin, üzünün əzələləri gərildi. Çinarın gövdəsinə tərəf əyilmək istəyəndə Valeh onun kürəyindən tutub ağaca söykənməyə kömək etdi. O biri əli hələ də bıçağın dəstəyində idi.
Kişi ağır-ağır yerə çökdü. Əlindəkiləri buraxıb qarnını qucaqladı. Dəhşət dolu nəzərlərlə altdan yuxarı ona baxdı. Valeh təlaşla bir sağa, bir sola döndü. İns-cins yox idi. Görən yox ikən içəri keçməli idi.
Əcəb oldu bu əclafa. Axı niyə onun istirahətini pozurdu? Axırıncı dəfə kişinin üzünə baxdı.
Alverçi ağzını güclə açıb xırıldadı:
– Yaman ağır əlin varmış.
Nişanı validatora yaxınlaşdırıb saata baxdı. Bu dəfə fasilə uzun çəkmişdi – on dəqiqə.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...