Andre Moruanın “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – dünya şöhrətli Fransa yazıçısı Andre Moruanın “Seçilmiş əsərləri” kitabı nəşr olunub.
Kitaba yazıçının “Yad qadına məktublar” romanı, “Tufan”, “Fəslin çiçəkləri”, “Bacım, Ariadna...”, “Qızıl pulun qarğışı”, “Vəsiyyətnamə”, “Çərşənbə gününün bənövşələri”, “Bioqrafiya”, “Məşhurluğun yaranması” hekayələri, “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Anatol Frans” kimi məşhur ədiblər haqqında qələmə aldığı esse və ədəbi portretləri daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Hamlet Qoca, Mahir N.Qarayev və Nəriman Əbdülrəhmanlıdır.
Kitab yazıçının həyat, nikbinlik, bədbinlik, mütaliə, yazıçılıq peşəsi və s. haqqında qələmə aldığı dəyərli aforizmlərlə başlayır.
ANDRE MORUA:
“Mən nikbin adamam, çünki Yer üzündə nə isə edə bilməyin – həm öz şəxsi həyatımı, həm də bəşəriyyəti yaxşılaşdırmağın mümkünlüyünə inanıram...”
***
“Mənim nikbinliyim yalnız bir şeyə əsaslanır: həmişə inanmışam və inanıram ki, biz hadisələrə müəyyən ölçüdə təsir etmək iqtidarındayıq və əgər bütün səylərimizə baxmayaraq bədbəxtliyi dəf edə bilməsək belə, ləyaqətlə sinə gərməyi bacarsaq, onu yenə bilərik...”
***
“Bədbinlik yoluxucudur. Əgər qonşumun dürüst adam olmadığını fikirləşir və ona daim inamsız yanaşıramsa, mənim günahım ucbatından o belə də olacaq. Adamlarda qorxu yox, inam yaratmaq – antik dövrün müdriklərinin sirri məhz bundadır...”
***
“Kitabı necə oxumaq lazımdır? Əgər kitab bizi “tutursa”, birinci dəfə onu sürətlə oxuyur, səhifələri gözümüzə təpirik. Amma onu yenidən oxuyarkən (yaxşı kitab dəfələrlə, təkrar-təkrar oxunur) əlində karandaş, yaxud qələm olmalıdır. Bəyəndiyin hissələri, dərin fikirləri qeyd etməkdən yaxşı vərdiş yoxdur – ədəbi zövqü başqa heç nə bu cür formalaşdıra bilməz”. “Özünə söz verməlisən ki, yaxşı əsərdə bir cümləni də ötürməyəcəksən. Balzakın əsərlərində küçələrin, yaxud evlərin uzun təsvirlərini buraxan oxucu həqiqi sərraf sayıla bilməz...”
***
“Yazıçı ona lazım olan süjeti tapdığını necə bilir, bunu necə öyrənir? Əgər o, süjet üzərində düşünərkən həyəcan keçirirsə, mövzu qəlbinin həssas tellərini titrədirsə, ürəyində əzablı, yaxud şirin xatirələr oyadırsa, onda yazılacaq kitabın əla gələcəyi var... Hadisələrin dolayısı ilə yazıçının şəxsi həyatına aidiyyəti olmalıdır. Əgər roman yazmaq fikrinə düşsəniz, öz həyatınızda baş verən hadisələri dəyişdirmədən şərh etməyin, taleyinizə oxşar olan başqa taledən bəhs edin. Bu sizə həm öz hisslərinizi söyləməyə imkan verəcək, həm də illüziyalarınızı qoruyub saxlayacaq, sanki sifətiniz maska ilə örtüləcək...”
***
“Poeziya bütün həyəcanları sakit tərzdə xatırladan bir həyəcandır. Əgər sevgilinizi elə indicə itirmisinizsə, dərhal qolunuzu çırmayıb yazmağa girişməyin. Yaradan hələ qan axır; onu qurdalamaq yox, sarımaq lazımdır…”
***
“Nəşriyyatlar, yaxud ədəbi dərnəklər tərəfindən şedevr elan edilən, lakin altı ay keçməmiş büsbütün unudulan nə qədər əsər, nə qədər kitab var! Yaddaşımızı hədər yerə yükləməyək. Bir az gözləyək, dünyada tüğyan edən kitab bolluğunu diqqətlə izləyib onların arasından özümüzə dost seçməyə çalışaq...”
***
“Qadın həm əşya, həm də şəxsiyyət ola bilər”.
***
“Qadın şəxsiyyətdir – əgər sevdiyi kişinin yanında öz müstəqilliyini qoruyursa; əgər öz baxışlarında və planlarını qurmaqda tam sərbəstdirsə; əgər öz bədəninin ağası, öz düşüncələrinin sahibidirsə”.
***
“Qadın əşyadır – əgər özüylə əşya kimi davranmağa icazə verirsə; lap ən gözəl, ən qiymətli əşya olsa da, şəxsi iradədən məhrumdursa; əgər sahibinin istək və şıltaqlıqlarına itaətlə tabe olub, yalnız iştaha gələndə ortaya gətirilən dadlı yeməyə bənzəyirsə...”
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“BookZone” kitab evi
“Çıraq” kitab evi
“Çinar” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.
VƏ DİGƏR...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...
-
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın...