İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Gülarə Heydərovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LESERING.de” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Frans Kafka, Huqo von Hofmannştal, Yohann Volfqanq Höte, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
İsi Məlikzadə
1934 –1995
· Yazıçı-dramaturq;
· Ağcabədi rayonunda anadan olub;
· Azərbaycan Sənaye İnstitutunu bitirib;
· “Gümüşgöl əfsanəsi”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə” “Günəşli payız”, “Şehli çəmənlərin işığı” kimi kitabları nəşr olunub;
· “Kişi sözü”, “Evlənmək istəyirəm”, “Ağ atlı oğlan” kimi filmlərin ssenari müəllifidir.
“Duz”
(hekayə)
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.
– Al, hələlik bunu xərclə…
Seymur səliqə ilə bükülmüş pulun arasını açdı. Üç dənə qırmızı onluğu görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı. Ayrılıq dəqiqələrində ürəyini sarmış kövrəklik əriyib getdi.
Deyəcəyi vida sözləri qırılmış zəncir halqaları kimi beynində dağıldı, pərən-pərən düşdü. Gözucu anasının ciblərinə baxdı. “Bəlkə, yenə verdi?.. Bəlkə…”
Firuzə sanki oğlunun titrəyən barmaqlarını görməmək üçün üzünü döndərdi.
Baxışları həsir zənbilin üstündə dolandı:
– Maşın küçədə səni gözləyir.
Seymur qırmızı onluqları ovcunda sıxıb yumruladı:
– Otuz manatla hara gedim?
Firuzə istədi oğlunun hirsini dağıtsın, könlünü alsın. Gülümsədi. Və tez də peşman oldu; anladı ki, bu təbəssüm Seymurun olan-qalan səbrini çalxaladı, daşdırdı.
Oğlan pulu stolun üstünə atdı:
– Bilsəydim belə olacaq, heç qış tətilinə gəlməzdim. Başqaları öz uşaqlarını ağıllı-başlı yola salırlar.
Ana köks ötürdü.
– Bizim də gücümüz buna çatır.
– Elə bilirsiniz, tələbə olmaq asandır? Şəhərdə dolanmaq asandır?
Seymurun səsi də titrədi, dodaqları da. Atası ilk dəfə onun nəzərində adiləşdi, balacalaşdı. “O da gedib özünə sənət tapıb. Poçtalyonluqdan nə çıxar? Otuz ildir, onun-bunun qapısına məktub daşıyır. Cibləri də boş”.
Firuzə istəmirdi ki, Seymur evdən narazı getsin. İstəmirdi ki, bu vida dəqiqələri sonralar ağır daş olub ürəyindən asılsın. Ana oğlunu məhəbbətlə süzdü. “Arıqlayıb Seymur. Rəngi də ağarıb. Ağız-burnu nəcimləşib. Yəqin, çətinlik çəkir, doyunca yemir. Neynəsin, yanında anası yox, bacısı yox”.
Ana ayrılığın, həsrətin dad-tamını bilirdi. Altı aydan bəri gecəli-gündüzlü bütün fikri-zikri oğlunun yanında olmuşdu. Bircə qismət çörək yeyəndə də, bircə içim su içəndə də Seymuru xatırlamışdı: “Görəydim günləri necə keçir balamın!”
Seymurun tətildə olduğu müddətdə ana onunla üz-üzə çox oturmuşdu; doymamışdı. Firuzə bu ayrılıq anını qorxa-qorxa gözləmişdi. Özünə söz vermişdi ki, Seymur yola düşəndə ağlamasın. “Uşaq birdən könlüqırıq gedər”.
– Bacarmırsınız, oxutmayın. Hələ birinci kursu qurtarmamışam. Bəs beş il məni necə dolandıracaqsınız?!
Firuzə cavab verə bilmədi. Ürəyində ərinin qarasına deyindi: “Heç olmasa, gəlib uşağı yola da salmadı. Bu yağışlı gündə çantasını atıb getməsəydi, dünya dağılmazdı ki!”
Küçədə maşın siqnal verdi. Ana stolun üstündən əzik pulları götürüb Seymura uzatdı:
– Al, bala, dəlilik eləmə.
– İstəmirəm!
– Axı təqaüd də alırsan.
– Ondan sizə nə?! Aldığım ayın başına çatmır. Ac qalanda kimin qapısına gedim?! Elə bilirsiniz, yeməkdən savayı xərclərim yoxdu?
– Biz də atanın maaşı ilə dolanırıq, bala. Axı səndən başqa evdə iki bacın da var.
– Məni adam yerinə qoymursunuz. Şəhərdə batsam da vecinizə gəlməz.
Maşın uzun-uzadı siqnal verdi. Seymur şəhadət barmağını çiyni üstdən qapıya tuşladı:
– Uşaq oxudan elə olar. Oğlunu öz maşınında stansiyaya göndərir. Mən də onun qoltuğuna qısılmışam. Mənim atam…
Firuzənin ərinə yazığı gəldi. Cansız-cəsədsiz kişinin bu yağışlı, küləkli gündə palçığa batıb qalacağından qorxdu. Naxoşlayıb yatağa düşəcəyindən qorxdu. “Pay-piyada nə qədər gəzmək olar? Ayaq döyməkdən bədbəxtin canının suyu da quruyub. Bir dəridir, bir sümük… Gör neçə ildir… Gör ha”.
Yenə siqnal səsi eşidildi, əsəbi Seymur çamadanın qulpundan yapışdı. Ana yalvardı:
– Ağrın mənə gəlsin, pulu al. Yenə tapıb göndərərik. Bir az… qənaətlə xərclə, israfçılıq eləmə.
– Yoxsa bu vaxta qədər gen-bol xərcləmişəm?! Bilirsən borc almaq nə deməkdir?! Şəhərdə olmusan? Bir stəkan suyu da pulsuz vermirlər.
– Al, bala.
– İstəmirəm! – oğlan zənbili götürdü.
Firuzə əzilib yumrulanmış pulu Seymurun paltosunun yan cibinə saldı.
– Dərdin mənə gəlsin.
Oğlan anasının ağarmış, xəstəhal çöhrəsinə baxdı. Titrəyən qansız dodaqlarına baxdı. Onun gözlərindəki nəmi sezmədi. Ürəyinin ağrılı-acılı döyüntüsünü eşitmədi. Qapını itələyib çıxdı.
Küləyin əydiyi çəpəki yağış ananın üzünə, sinəsinə nöqtə-nöqtə çırpırdı.
“QAZ-69” tərpəndi.
Seymur yanındakı yoldaşının adda-budda suallarını cavabsız buraxdı. Gözlərini maşının aramla, xışıltı ilə işləyən şüşətəmizləyəninə dikib fikirləşdi: “Dedilər, orta məktəbi qurtaranda sənə bahalı kostyum alacağıq. Əvəzində altmış manatlıq ucuz kostyum aldılar. Dedilər, instituta girsən, sənə qızıl saat alacağıq. Almadılar. Saat üçün cəmi-cümlətani iyirmi beş manat göndərdilər. İndi də… Pulları yoxdur, mənə nə? Haradan tapırlar, tapsınlar. Nə vaxta qədər qorxa-qorxa, qənaətlə xərcləyəcəyəm?.. Ata məni ötürməyə də gəlmədi… Verdikləri otuz manatı Bakıya çatan kimi poçtla geri göndərəcəyəm”.
Maşın dikə dırmaşan palçıqlı yolu güclə çıxdı. Üzbəüz gələn bir kişi əl qaldırdı, sonra dərənin dibini göstərib nəsə qışqırdı. Sürücü maşını saxladı. Qapını açıb aşağıya baxdı.
– Seymur, deyəsən, anandır, dalımızca yüyürür.
“Görəsən, nə olub? Məni neynəyir?” Seymur maşından düşdü. Təzə qəhvəyi tuflilərinin palçığa batacağından ehtiyat edib, təmiz yer seçə-seçə ayaqlarının ucunda təpənin üstünə gəldi. Qara şala bürünüb dikə dırmanan anasını gördü. Arvad kəsə yolla sürüşə-sürüşə qalxırdı. İki dəfə büdrəyib dizlərini yerə verdi. Sağ əlini tez-tez başının üstünə qaldırıb yelləyirdi.
Yağışın suyu oğlanın boynuna, bədəninə süzüldü. Əti çimçişdi. Silkələnib geri döndü. Ayaqlarını ehmalca qoya-qoya özünü maşına saldı. “Pul gətirir, qoy gətirsin”.
– Bəlkə, qabağına gedək? – deyə yoldaşı soruşdu.
– Çatıb. – Seymur üzünü, boynunu yaylıqla sildi, sarı, tüklü papağını çıxarıb çırpdı.
Firuzə oğlu tərəfdəki açıq dal qapıya özünü güclə yetirdi. Bənizi ağappaq idi. Nəfəs aldıqca bütün bədəni uçunurdu. Qurumuş boğazını yaşlamaq üçün tez-tez udqunurdu. Seymur anasının hədəqədən çıxmış nursuz gözlərinə baxdı:
– Nə olub?
Arvad ovcunda tutduğu bükülü kağızı Seymura uzatdı. Oğlan kağızı əlinə alıb barmaqları ilə yoxladı:
Firuzə sanki son nəfəsini topladı:
– Sənə zənbildə… soyutma toyuq… yumurta qoymuşam… Duz yadımdan çıxmışdı. Elə yerə qoy… islanmasın.
Seymur ağzını geniş açıb ciyərdolusu hava udan anasının göyərmiş nazik burnuna baxdı.
Onun üzündəki ifadəni yağış isladan tellərinin arxasından sanki daha aydın görmək üçün gözlərini qıydı. “Bunlar məni dolayıblar. Bunlar məni adam saymırlar”.
Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb, qapını zərblə çəkdi: Maşın tərpəndi. Təkərlərdən qopan horra palçıq yola
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...