“Qarabağın incisi – Şuşa” kitabı Bosniya və Herseqovinada maraqla qarşılanıb

“Qarabağın incisi – Şuşa”  kitabı Bosniya və Herseqovinada maraqla qarşılanıb

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Bosniya və Herseqovina Respublikasının zəngin ənənəli "Yesari Qrup" nəşriyyatında Bosniya dilində işıq üzü görən "Qarabağın incisi  ̶  Şuşa" kitab-albomu ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının Bosniya və Herseqovina Respublikasındakı Səfirliyinin dəstəyi ilə nəşr olunan kitab barədə ölkənin müxtəlif sahələrini təmsil edən tanınmış elm, sənət və siyasət adamları yüksək fikirlər bildiriblər. Bu sıradan Bosniya və Herseqovinanın müdafiə naziri cənab Zukan Helezin Azərbaycan Respublikasının Bosniya və Herseqovina Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vilayət Quliyevə ünvanladığı məktubu ixtisarla təqdim edirik:

 

"Cənab səfir,

Azərbaycan Respublikasının Bosniya və Herseqovina Respublikasındakı Səfirliyinin dəstəyi ilə nəşr edilmiş dəyərli hədiyyəyə  ̶ "Qarabağın incisi - Susa" kitab-albomuna görə Sizə dərin minnətdarlığımı bildirmək istəyir, Azərbaycan xalqının zəngin tarixini, mədəni irsini, öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsini işıqlandıran bu kitabı böyük məmnuniyyətlə qəbul edirəm.

 

Cənab səfir, hər bir xalqın mədəni irsinin qorunub saxlanılması və nəsillərdən-nəsillərə ötürülməsi son dərəcə vacib və taleyüklü bir məsələdir. Bu kitab Azərbaycanın zəngin tarixinin, mədəni irsinin öyrənilməsi və dəyərləndirilməsinə geniş imkanlar yaradır. Kitabda təsvir olunan Şuşanın tarixi və mədəniyyəti Bosniya və Herseqovina üçün də böyük dəyər və örnək kəsb edir. O səbəbdən ki, biz də bu yolda - öz mədəni irsimizi qoruyub saxlamaq, milli birliyimizi daha da möhkəmləndirmək uğrunda daim səylər göstəririk.

 

Bu gözəl və qiymətli hədiyyəyə görə Sizə bir daha təşəkkürümü bildirir, ən dərin ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm.

 

Hörmətlə,

Zukan Helez

Bosniya və Herseqovinanın müdafiə naziri"

 

 

VƏ DİGƏR...