Vaqif Aslanın şeirləri Avstriya portalında

Vaqif Aslanın şeirləri Avstriya portalında

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Aslanın alman dilinə tərcümə olunmuş “Kimiyəm...” və “Adam” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloqu Andreas Kriber və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatının müasir ədəbi nümunələrini işıqlandırır.

 

 

Vaqif Aslan 

 

·        Tanınmış Azərbaycan şairi və tərcüməçisi;

·        1950-ci ildə Şəkinin Kiş kəndində doğulub;

·        1968–1973-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunun Fransız və Azərbaycan dilləri fakültəsində təhsil alıb:

·        ilk şeiri 1967-ci ildə Şəkinin “İpəkçi” qəzetində dərc olunub;

·        “Ruhlarla söhbət”, “Qanımdan rəng alan gül”, “Aydın”, “Oğuz elinə salam”, “Hər şey zaman içində” və digər kitabların müəllifidir:

·        Məşhur fransız yazarları Pol Verlen, Ojen Dabi, Erve Bazen, Jan Batist Şardən Jermen Giyomun əsərlərinin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifidir.

·        Dövlət Tərcümə (Mərkəzi) Mükafatının laureatıdır.

 

 

 

 

KİMİYƏM

 

 

Yarım gün, yarım da duman içində...

Gözə boy verməyən dağlar kimiyəm.

Yəqinlik içində, güman içində

Göyləri yerlərə bağlar kimiyəm.

 

Məni tanıyanlar bətdən-bənizdən

Elə düşündülər olaram dizdən.

Gördülər böyükdür dalğam dənizdən...

İçimdən, çölümdən çağlar kimiyəm.

 

İstədim dağlara deyəm dərdimi...

Dağlar götürərmi bəyəm dərdimi?

Bir həzin dil ilə öyəm dərdimi...

Bilələr fəryadlar, ahlar kimiyəm.

 

Bağımdan, bağçamdan, barınammıram.

Yarım-yarımçığam, yarınammıram.

Hazır kəfənimə sarınammıram.

Büküb qoltuğumda saxlar kimiyəm.

 

Bir dünya sevincəm, bir dünya qəməm...

Tamam, yarımçığam, bütövəm, kəməm.

Mən Vaqif Aslanam, ayrı aləməm...

Lalə sinəsində dağlar kimiyəm.

 

 

ADAM

 

Ağ adam!

Qara adam!

Sarı adam!

Adam olun!

Barı, adam!

Olmursunuz, çıxın, gedin

Bu zamandan, bu eradan!

Durub bar-bar bağıraqmı?

Yerə adam çağıraqmı

Aydan, Marsdan,

Veneradan?

Ögeydirsə sizdən ötrü evdəkilər

Sizə dogma olacaqmı göydəkilər?

Siz ki yerli saymırsınız özünüzü

dogma yerdə.

Yersiz  yerli olarsınız

Saturnda, Merkuridə,Yupiterdə...

Yer üzündə düz gəlməyir

Ayınız da, iliniz də.

Sizdən adam düzəldəndə

çiylik qalıb gilinizdə.

Ağ adam!

Qara adam!

Sarı adam!

Adam olun!

Barı, adam!

Yaradanın kürəsində

bişin bir də!

Düşün adam qaydasına,

düşün bir də!

Ondan sonra

doğmalaşar

Sizin üçün

Göy də, Yer də. 

 

 

 

 

https://www.gedichtesammlung.net/Gedichte-Traeume/VAGIF-ASLAN/

 

 

VƏ DİGƏR...