Selincerin “Seçilmiş əsərləri” nəşr olundu
150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünya şöhrətli Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.
Yazıçının “Yalnız özümçün yazıram...” başlıqlı müsahibəsi ilə başlayan kitaba “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Qarşılıqlı razılaşma”, “Eddi ilә görüş”, “Yeniyetmәlәr”, “Eleyn”, “Çәllәkdә siyәnәklәr”, “Yad adam”, “Lәnәtә gәlmiş qırx birinci il”, “Domye-Smitin mavi mövsümü”, “Teddi” kimi məşhur hekayələri və qızı Marqaret Selincerin atası haqqında yazdığı “Xәyallarda uçurumdan qoruyan” memuarı daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Tehran Vәliyev, Nəriman Əbdülrəhmanlı və Rәbiqә Nazimqızıdır.
“YALNIZ ÖZÜMÇÜN YAZIRAM...”
1919-cu ildə Nyu-Yorkda dünyaya gəlmiş Cerom Devid Selincer təkcə Amerikada yox, bütün dünyada ən qəribə, adamayovuşmaz və sirli yazıçı kimi tanınır.
Yaradıcılıq fəaliyyətinə kiçik hekayələr yazmaqla başlayıb. “Cavan adamlar” adlı ilk hekayəsi 1940-cı ildə “Stori” jurnalında çap olunub. On bir il sonra ona böyük şöhrət qazandıran “Çovdarlıqda uçurumdan qoruyan” adlı yeganə romanını nəşr etdirib. Ədəbiyyatşünasların yüksək qiymətləndirdiyi əsər ilk vaxtlarda “depressivliyinə və söyüş leksikasına görə” ABŞ-da və bir çox başqa ölkələrdə qadağan olunub. Lakin hazırda dünya ədəbiyyatının qızıl fonduna aid edilən əsər kimi, bir çox ölkələrdə məktəblilərin mütləq oxu proqramına daxil edilib.
Selincerin əksər əsərlərinin baş qəhrəmanı hələ on yeddi yaşına çatmamış yeniyetmələrdir. Bununla belə, onu “uşaq yazıçısı” adlandırmaq mümkün deyil.
Yazıçının həyatı da yaradıcılığı qədər maraqlıdır. Onun keşməkeşli həyatı barədə maraqlı film çəkmək olardı. Lakin Selincer həyatı boyu buna icazə verməyib, üstəlik, əsərlərini ekranlaşdırmağı da qadağan eləyib. Xüsusən də o, “Çovdarlıqda uçurumdan qoruyan” romanının ekranlaşdırılmasına qarşı çıxırdı. Yazıçının fikrincə, çoxsaylı fasiləsiz daxili monoloqların yer aldığı əsəri ekranlaşdırmaq mümkün deyildi. Lakin bu mülahizələr Billi Uaylder və Stiven Spilberq kimi böyük rejissorların əsərə müraciət etməsini əngəlləyə bilmədi…
Selincer orta məktəbdə çox pis oxuyurdu; orta məktəbdə yeganə nailiyyəti dram dərnəyindəki parlaq çıxışları idi. Nəticədə Devid heç bir ali məktəbə daxil olmayıb, Velli-Froc şəhərindəki hərbi məktəbi bitirməklə kifayətlənib. Ədəbiyyatda ilk debütü də burada baş tutur: o, məktəbin üç bəndlik himnini yazır; bu himn hələ də ifa edilməkdədir.
1942-ci ildə Cerom Selincer orduya çağırılır və əks-kəşfiyyat qrupuna daxil edilir. Avropada aparılan hərbi əməliyyatların fəal iştirakçısına çevrilir. Müharibə illərində hərbi müxbir işləyən Ernest Heminqueylə təsadüfən görüşür, bəzi əsərlərini ona göstərir. Heminquey yenicə fəaliyyətə başlayan cavan yazıçının yaradıcılığını yüksək qiymətləndirir. Selincer ən ağır döyüşlərdə belə “Çovdarlıqda uçurumdan qoruyan” romanının əlyazmasını yanında gəzdirir, əsərin ayrı-ayrı fəsillərini yazmağa davam edir. Bir çox qanlı döyüşlərdə iştirak edən yazıçı “posttravmatik stres” adlanan əsəb xəstəliyinə tutulur və 1945-ci ildə Nürnberq hospitalında müalicəyə göndərilir.
Mürəkkəb taleyi olan Selincer qapalı, guşənişin həyat sürməyə üstünlük verirdi. “Çovdarlıqda uçurumdan qoruyan” romanı nəşr olunduqdan sonra 1953-cü ildə o, Nyu-Hempşir ştatının Korniş şəhərində, Konnektikut çayının sahilində mülk alıb, Nyu-Yorkdan köçür, ictimai və ədəbi mühitdən yavaş-yavaş uzaqlaşmağa başlayır. Sonrakı illərdə məlum olur ki, Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanının gətirdiyi məşhurluqdan faydalanmaq fikrində deyil. “Littl, Braun end kompani” nəşriyyatından tələb edir ki, nəşr etdiyi kitabların üz qabığından onun şəklini yığışdırsın; mühazirə oxumaqdan, ictimai çıxışlardan boyun qaçırır; jurnalistlərə müsahibə vermir, yuxarıda qeyd etdiyimiz kimi, əsərlərinin ekranlaşdırılmasına qarşı çıxır və bir növ, tərki-dünya həyat tərzinə üstünlük verir.
Bütün bunlara baxmayaraq, o, arabir sükutu pozmaq məcburiyyətində qalır. Məsələn, 1974-cü ildə “The New York Times” qəzeti üçün öz erkən hekayələrinin nəşrini şərh etməyə razı olur. Yaradıcılığının erkən dövründə qələmə aldığı hekayələr toplusunun nəşrindən xəbər tutunca hiddətlənən əlli beş yaşlı yazıçı “The New York Times” həftəlik nəşrinin redaksiyasına zəng vurur. Onu başa düşmək olardı: əvvəla, o, əsərlərinin nəşr olunmasına icazə verməmişdi. İkincisi də, müəllif hesab edirdi ki, bu kitaba daxil edilmiş hekayələri çap etməyə dəyməzdi. Müsahibədən aydın olur ki, Selincer müəllif hüquqları məsələsinə son dərəcə həssas yanaşır və bu hüququn pozulmasını şəxsi həyatına müdaxilə kimi qiymətləndirir: “Əsərlərimin nəşri şəxsi həyatıma amansız təcavüzdür. Bəli, yazmaq xoşuma gəlir, amma yalnız özüm üçün yazıram, çünki yazmaqdan həzz alıram”. Cerom Selincer bildirir ki, cəmi bir dəqiqə danışacaq, amma söhbət yarım saat çəkir. “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin müəllifi öz işi, mətbuatın zəhlətökən münasibəti və nəşriyyatların onun şəxsi həyatına müdaxiləsi barədə danışır... Qeyd edək ki, iyirmi beş min tirajla işıq üzü görmüş kitab San-Fransisko, Nyu-York, Çikaqo və digər şəhərlərdə nüsxəsi 3-5 dollardan satılırdı. “Şəxsi mülkiyyətim sayılan bəzi hekayələr mənim icazəm olmadan nəşr edilib. O əsərləri sözün əsl mənasında məndən oğurlayıblar. Bu, qanunsuzluq və ədalətsizlikdir. Bu ona bənzəyir ki, sevimli paltonuzu şkafdan asırsınız, amma kimsə onu geyinib gedir; siz də ondan məhrum olursunuz. İndi oxşar hiss keçirirəm. Təəccüblüdür ki, hüquq-mühafizə orqanları bunun qarşısını ala bilmir. Mən yalnız şəxsi həyatımın yerdə qalan hissəsini qorumağa çalışıram”. Selincer izah edir ki, qələmə aldığı nəsr əsərləri onun şəxsi mülkiyyətidir və toxunulmaz qalmalıdır: “O hekayələri çoxdan yazsam da, çap etdirmək fikrim olmayıb. Onlar mənimlə birgə axirətə köçməli idi. Bu, ilk illərdə yazdığım əsərləri gizlətmək istəyindən irəli gəlmir. Sadəcə, həmin hekayələr dərc olunmağa layiq deyil”. Sonra əlavə edir: “Müəllifin öz əsərlərini çap etdirməməsi gözəl şeydir. Onların nəşri şəxsi həyatıma yolverilməz müdaxilədir. Peşəmə bu cür münasibətə görə məyusam. Bəli, mən cəmiyyətdən gizlənən adam kimi ad çıxarmışam. Amma öz əsərlərimi qorumaqdan başqa niyyətim yoxdur. İstəyirəm, hər şeyə son qoyulsun, həyatıma müdaxilə olmasın. Mən hər gün və yalnız özümçün yazıram. Həm də daha heç bir əsərimi çap etdirmək istəmirəm. Yalnız mən öləndən sonra bəzi şeylər üzə çıxa bilər...”
***
İyirmi doqquz il guşənişin həyat sürən Selincer özü tərki-dünyalığının on yeddinci ilində yalnız bir müsahibə verib. Yazıçının Betti Eppsə verdiyi müsahibə “Paris Review” jurnalında dərc olunub. Həmin materialı diqqətinizə təqdim edirik:
“Hiss olunurdu ki, Selincer tez inciyən və mübahisə etməyi sevən insandır. Açığı, təəccüblənmişdim. Buraya gələndə fikirləşirdim ki, artıq yetkinləşmiş Holdenlə üz-üzə gələcəyəm, onunla səmimi söhbət edəcəyik; hətta arabir ürəkdən güləcəyini gözləyirdim. Amma belə olmadı. Selincer çox gərgin idi. Aramızda məsafə saxlamağa, ondan bir-iki addım aralıda dayanmağa məcbur idim. Selincer kimi insanlar özlərinin haqlı olduqlarını sübuta yetirməkçün hər sözü üzə deməyi sevirlər. Ucaboy Selincer sanki hər şeyə yuxarıdan aşağı, həm də zənlə baxırdı.
Dediyim kimi, məlum oldu ki, Selincer mənimlə söhbət etmək, klassik anlamda müsahibə vermək fikrində deyildi. O, söhbətə başlamaq əvəzinə mənə qısa mühazirələr oxumağa başladı. Yazıçıdan yazdığı əsərlər, gördüyü işlər barədə ümumi, mücərrəd deyil, konkret məlumatlar alacağıma ümid edirdim. İsrarla ondan bu barədə danışmağı xahiş edirdim. Holden haqqında yazmırsa, bəs nə yazır? Üzərində işlədiyi əsər “Çovdarlıqda uçurumdan qoruyan” romanının davamı deyilsə, bəlkə, Qlasslar ailəsi barədə hekayətin ardıdır? Bütün suallarıma bircə cavabı vardı: “Yox, yox. Yox”.
Axırda qeyd dəftərçəsini və qələmi kənara qoydum, gözlərinin içinə baxa-baxa soruşdum:
– Bəs mənimlə görüşməyə niyə razılıq verdiniz? Dağlardakı evinizdən niyə çıxdınız? Niyə məktubuma rədd cavabı vermədiniz?
O cavab verdi:
– İkimiz də yazırıq. Hesab edin ki, bir yazıçı digərinin yanına gəlib.
Mənim roman yazıb-yazmadığımı öyrənmək istəyirdi. İlahi, C.D.Selincer özü Betti Eppsin yazı-pozusuyla maraqlanır! Dedim ki, yazmışam. Onda romanımı çap etdirmək barədə düşünüb-düşünmədiyimi soruşdu. Cavab verdim ki, müqavilə bağlamışam, amma naşirlə aramızda fikir ayrılığı yaranıb, mən də güzəştə getmək istəmədiyimdən əlyazmamı geri götürmüşəm. Selincer mənim bu hərəkətimə dərhal haqq qazandırdı. O dedi:
– Yazmaq istəyirsinizsə, yazmalı, sonra onu masanın siyirməsində gizlətməlisiniz.
Onun fikrincə, yazmaq yeganə dəyərli məşğuliyyətdir.
– Heç ssenari yazmısınız? Ya gələcəkdə yazacağınızı düşünürsünüz?
– Başqa mövzudan danışa bilərik?
– Əlbəttə. Maraq üçün soruşuram, bir müddət gəminin əyləncəli tədbirlər bölməsində işləmisiniz, sərnişinlərin əyləncəsini təşkil etmisiniz, həmin gəminin adını xatırlayırsınızmı?
– Bəli, xatırlayıram – “Kunqsholm” idi.
– Ailənizin keçmişinə baxanda “niyə yazmaq istədiniz?” deyə soruşmaq istərdim.
– Dəqiq səbəbini bilmirəm. Hər hansı yazıçının bu suala dəqiq cavab verə biləcəyini də güman etmirəm. Yazmaq son dərəcə fərdi işdir, hər yazıçı üçün müxtəlif səbəblər ola bilər.
– Yazıçılıq karyerasına öz istəyinizlə başladınız, yoxsa necə?
– Bilmirəm (bir müddət susub cavab vermir). Doğrudan, bilmirəm. Bu barədə heç düşünməmişəm.
– Eşitdiyimə görə, evinizin arxasındakı beton emalatxanada yazırsınız…
– İşlədiyim yer istədiyim şəkildə düzəldilib, mənə görə çox rahatdır. Amma bu barədə danışmaq istəmirəm. İnsanların divara dırmaşıb pəncərədən içəriyə boylanmasını istəmirəm, istəmirəm. Mən belə rahatam, bu məni qane edir.
– Yazılarınızın dərc olunması nə qədər əhəmiyyətlidir?
– Asan sual olduğu üçün çox qısa cavab verəcəyəm. Yazdıqlarımı dərc etməyi heç düşünmürəm. Mənim üçün əhəmiyyətli olan yazmaqdır, yazmaq üçün də tənhalıq vacibdir. Tənha olmaq istəyirəm. İbtidai məktəbdə də özümü belə hiss edirdim, akademiyada oxuyanda da, əsgərlik xidmətindən əvvəl də, sonra da. İndi də belə hiss edirəm.
– Bəs əvvəlki yazılarınızı niyə dərc etdirdiniz?
– Hər şeyi əvvəlcədən hesablaya bilməzdim. Belə olacağını gözləmirdim, heç istəməzdim də. Bu o deməkdir ki, normal həyat sürə bilməyəcəyəm. Evimə gətirən yollara mühafizəçilər qoymağa məcbur oldum. Övladlarım da çox çətinlik çəkirdi. Niyə həyatım mənə aid olmamalıdır?
– Bəs görüş təklifimi niyə qəbul etdiniz? Məktubuma məhəl qoymaya da bilərdiniz.
– Siz yazırsınız. Mən də yazıram. Yazıçı öz həmkarı ilə görüşməlidir. Heç kitabınız nəşr olunub? Tirajlanmaq qorxunc və bərbad bir şeydir. Əsəri nəşr etdirməyin dəhşətli nəticələri olur. Onları çap etməsəniz, böyük ehtimalla, daha rahat yaşayarsınız.
Yazıçı kitab imzalamaz
– Niyə kitablarınızı imzalamaqdan xoşunuz gəlmir?
– Bu ritualı qəbul edə bilmirəm. Kiminçünsə adını yazıb imza atmaq… mənasız işdir. Aktyorlar üçün bu, qəbulolunandır, çünki onların tamaşaçıya verə biləcəyi yeganə şey sifətləri və adlarıdır. Lakin yazıçılarda vəziyyət fərqlidir. Onlar əsər yazırlar. Ona görə düşünürəm ki, əsərlə müqayisədə imza çox cılız görünür. Heç vaxt belə şeyə getməyin! Özünə hörmət edən yazıçı belə şeylərlə məşğul olmamalıdır.
– Yazı intizamına riayət edirsinizmi?
– İntizam problem deyil. Ya yazmaq istəyirsən, ya da istəmirsən.
– Siyasətlə aranız necədir?
– Siyasətçilər mənə maraqlı deyil. Onlarla məni heç nə birləşdirmir. Siyasətçilər bizi çərçivəyə salmağa çalışır, mənsə həmin çərçivəni genişləndirməyə can atıram. Haqqında danışa biləcəyim heç bir siyasətçi ağlıma gəlmir. İnflyasiya, işsizlik, enerji – bunların heç biri fərd olaraq mənə təsir etmir. Mənim sahəm deyil. Onlar barədə heç nə bilmirəm.
– “Amerika Röyası”na inanırsınız?
– Öz versiyamda inanıram, bəli.
– Bunu bir az geniş şərh edərsiniz?
– Yox, etmərəm.
– Yəni Konstitusiya kişilər tərəfindən və kişilər üçün yazılıb, ona görə qadınlar kənarda qalıb?..
– Belə şeylərə inanmayın, bunu iddia edənlərə qulaq asmağa dəyməz. Kim deyir, sənin öz “Amerika Röyası” olmamalıdır, kim deyir?! Bu, qorxunc fikirdir! Heç vaxt bunu qəbul etməyin. “Amerika Röyası” bütün amerikalılar üçündür. Qadınlar da amerikalıdır. O sizin üçün də keçərlidir. İstədiyin budursa, haqqını tələb etməlisən.
Özgələrlə danışmaq istəmirəm…
Sonra Selincer məktublarını götürmək üçün poçta gedib. Qayıdanda Epps bir nəfərin yazıçını yolda saxlayıb, qolundan tutduğunu görür. Böyük ehtimalla adam yazıçının əlini sıxmaq istəyirmiş. Bu, Selinceri çox əsəbiləşdirib: “Yoldan qarşı tərəfə keçərək avtomobilimin yanına gəldi, pəncərəyə söykənərək mənə doğru əyildi və məni danlamağa başladı. Eynilə belə dedi:
– Sənin ucbatından tanımadığım, daha əvvəl heç görmədiyim adam mənimlə danışdı. Yolla getdiyim yerdə yaxınlaşıb qolumdan yapışdı, məni söhbətə tutmağa çalışdı… Belə şeylərdən xoşum gəlmir. Sənə görə qonşularıma zənglər gəlir, onları kiminsə narahat etməsini istəmirəm. Tək qalmaq istəyirəm. Buna görə bura köçmüşəm. Sakit, normal həyat sürə biləcəyim, yazı yaza biləcəyim bir yer axtardığım üçün bura gəlmişəm. Lakin sənin kimi adamlar məni rahat buraxmır. Kobud görünmək istəmirəm, mən təmkinli adamam. Amma narahatlıqdan xoşum gəlmir. Suallardan xoşum gəlmir. Özgələrlə danışmaq istəmirəm. Heç kəslə məxsusi danışmaqdan xoşum gəlmir. Mən yazıçıyam. İstəsən, mənə məktub yaza bilərsən. Lakin lütfən, bir də görüşməyə çalışma”.
Yazırdı, yoxsa yox?
Betti Epps: “Bir neçə dəfə ondan yazıb-yazmadığını soruşdum. Hər dəfə cavab verirdi ki, yazır, amma təfərrüatları açıqlamır, yeni hekayələr, kitablar, kinossenarilər barədə danışmaqdan boyun qaçırırdı. Demək olar, bütün suallarıma belə cavab verirdi:
“Bunu haradan çıxardınız? Bu sualları mənə niyə verirsiniz? Gəlin yazıçılıq haqqında danışaq”.
O, yazıçı peşəsindən savayı heç nə danışmaq istəmirdi.
Qlasslar ailəsi haqda başqa əsərlər yazıb-yazmadığını dilinə gətirmirdi. Elə hey deyirdi ki, daha vacib şeylərdən yazmaq lazımdır. Qlasslar ailəsi barədə yeni əsər qələmə almaq istəmirdi”.
C.D.Selincer: “Bildirirəm ki, indi üzərində işlədiyim əsər Holden haqqında yazdıqlarımdan daha sanballıdır. Yeni yaradıcılıq layihələrim var, həqiqətən ciddi məsələlər üzərində çalışıram”.
Ondan məhz hansı məsələlərlə maraqlandığını öyrənmək istədim. Bu sual onu hövsələdən çıxardı.
C.D.Selincer: “Adamların liftdə yaxamdan yapışması, küçədə saxlayıb söhbətə tutması, şəxsi həyatıma burun soxmasından boğaza yığılmışam. Otuz il əvvəl öz mövqeyimi açıq-aydın ortaya qoymuşam... İstəyirəm ki, məndən əl çəksinlər, tək qalmaq istəyimə hörmət olunsun. Şəxsi həyatımı yaşamağı mənə çox görürlər”.
Soruşdum ki, “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin davamı olacaq, ya yox? Qətiyyətlə “yox” cavabı verdi, sonra birdən-birə hirsləndi, dedi ki, Holden obrazını yaratmaqda səhv eləyib. Bu obrazla bağlı başqa şeylər öyrənmək istəyirəmsə, romanı yenidən oxumalıyam.
Onun dönüb getmək istədiyini görüncə Epps bir sual da verib: “Sizi narahat etdiyim üçün çox üzr istəyirəm, cənab Selincer, bir dəqiqə… Doğrudan, yazırsınız?” Cavab belə oldu: “Hə, yazıram. Dedim axı, yazmağı sevirəm, sizi əmin edirəm ki, davamlı olaraq yazıram. Amma çapa vermirəm. Özümçün, öz zövqüm üçün yazıram. Ona görə də tək qalmaq istəyirəm. Xahiş edirəm bir daha bu niyyətlə buraya gəlməyin”.
Yazıçılıq peşəsindən danışanda həmsöhbətim daha səmimi olur, yeri gəldi-gəlmədi, hər şeyə etiraz etmirdi. O, yazıçılığın missiyası haqqında düşünür, amma şəxsi həyatına açılan qapını həmişə bağlı saxlamağa çalışırdı. Deyirdi ki, “Çovdarlıqda uçurumdan qoruyan” əsərini çap etdirməsə, ümumiyyətlə, o əsəri yazmasa, daha yaxşı olardı. Bu anlarda məndə belə bir hiss yaranırdı ki, həqiqətən səmimi insanla söhbət edirəm; onun suallara səmimi cavab verdiyinə, hisslərini və düşüncələrini olduğu kimi dilinə gətirdiyinə şübhə duymurdum. Sanki gərginliyi azalır, özünü daha sərbəst hiss etməyə başlayırdı. Hətta bir neçə dəfə sinəsinə çarpazladığı əllərini yanına saldı, amma bir dəfə də olsun, özü sözə başlamadı. Ömrümdə həmsöhbətini bu qədər diqqətlə süzən gərgin adamla rastlaşmamışdım. Bu, əsəblərimə toxunurdu. Mənə elə gəlirdi ki, o, gözlərini də qırpmır, özümü tikan üstündə oturmuş kimi hiss edirdim.
Həmsöhbətim yazdığını israrla iddia edirdi. Deyirdi, özü üçün işləyir, yazıçılıq elə bu deməkdir. Yazıçılar yalnız özlərinə məlum səbəblərdən qələm götürürlər, ona görə də yalnız özləri üçün yazmalıdırlar. Onun dediyinə görə yazıçılıq yeganə gərəkli işdir.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Kitabxanası
Azərbaycan Dillər Universitetinin satış köşkü
VƏ DİGƏR...
-
Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Venesuela şairinin kitabı X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...