Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Xaqani Şirvaninin ingilis dilinə tərcümə edilmiş “Canım nə qədər var, mənə canan sən olarsan” qəzəlinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin ingilis dilinə tərcümə müəllifi – tanınmış ingilis tərcüməçisi Tom Bottinqdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Fridrix Şiller, Emili Dikinson, Pablo Neruda kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
Əfzələddin Xaqani
(1126 – 1199)
·Dahi Azərbaycan şairi, filosof;
·17 min beytlik lirik şeirlər divanının, “Töhfətül-İraqeyn” poemasının, bədii nəsrin maraqlı nümunələrindən sayılan 60 məktubun, yüzlərlə qəsidə, qəzəl, mədhiyyə, mərsiyə və rübainin müəllifi;
·“Şiniyyə”, “Mədain xərabələri” qəsidələri və “Töhfətül-İraqeyn” poeması bir çox dillərə tərcümə olunub;
·qəzəl və rübailəri ilə klassik Azərbaycan poeziya məktəbi ənənələrinin əsasını qoyub.
Canım nə qədər var, mənə canan sən olarsan
Canım nə qədər var, mənə canan sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.
Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sonra da canım üçün can sən olarsan.
Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.
Könlün necə istərsə, elə ver mənə fərman,
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.
Eylərsən əgər şərhini iman ilə küfrün, —
Baş hərflə sərlövhəyi-divan sən olarsan.
Bundan belə aldatma məni küfrlə, dinlə!
Xaqaniyə həm küfr, həm iman sən olarsan.
Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla!
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...