Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Söyüd krallığı” kitabının müəllifi – Venesuela şairi Anna Maria Oviedo Palomareslə görüş keçirilib.
Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud tədbiri giriş sözü ilə açaraq qurumun fəaliyyəti dövründə hər zaman Latın Amerikası ədəbiyyatına verilən xüsusi önəmdən, Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş əsərlərdən danışıb, “Söyüd krallığı” kitabının bu ənənənin davamı, növbəti təzahürü olduğunu qeyd edib.
Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəhbəri, yazıçı-tərcüməçi Etimad Başkeçid, tərcümə və nəşr məsələləri üzrə müşavir, yazıçı-tərcüməçi Yaşar Əliyev “Söyüd krallığı” kitabında yer alan şeirlərin bədii məziyyətlərindən, aktuallığından söz açaraq qələmə alınan mövzuların Azərbaycan oxucusu üçün maraqlı olacağını qeyd ediblər.
Daha sonra Venesuelanın səfiri cənab Kristofer Alberto Martinez Berroteran, Meksika Birləşmiş Ştatlarının səfiri xanım Viktoriya Romero Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışaraq ərsəyə gətirilən işlərin mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi, xalqlarımız arasında isti munasibətlərin yaranmasına mühüm töhfələr verdiyini vurğulayıblar.
Tədbirin sonunda söz Mərkəzin qonağına – məşhur Venesuela şairi Anna Maria Palomaresə verilib. Xanım Palomares, ilk növbədə, şeirlər toplusunun Azərbaycan kimi qüdrətli ölkədə nəşr olunmasından qürur duyduğunu, əsərlərinin Azərbaycan dilində işıq üzü görməsinin onun yaradıcı bioqrafiyasında əlamətdar hadisə kimi qalacağını vurğulayaraq Mərkəzə dərin minnətdarlığını bildirib, Azərbaycan poeziyası nümunələrinin Venesuela oxucusuna çatdırılması istiqamətində Mərkəzlə əməkdaşlığa hazır olduğunu qeyd edib. Daha sonra şair və toplunun bədii tərcümə müəllifi Mahir Qarayev kitabda toplanmış şeirlərdən nümunələri ispan və Azərbaycan dilində səsləndiriblər.
Qalereya
VƏ DİGƏR...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...