Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim edilən hekayənin tərcümə müəllifi – Mərkəzin rus dili mütəxəssisi Püstə Axundovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Artikl” jurnalı səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Saday Budaqlı
(1955)
· yazıçı, tərcüməçi;
· 1955-ci ildə Qazax rayonunda anadan olub;
· 1984-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib;
· “Çat”, “Yolüstü söhbət”, “Döngə”, ”Torpaq” kimi nəsr kitablarının müəllifidir;
· Moskvada rus dilində nəşr edilən “Uduş” kitabı M.Qorki adına Ümumittifaq mükafatına layiq görülüb. 1982-ci ildə Rusiyanın “Drujba Narodov” jurnalının təsis etdiyi “İlin ən yaxşı hekayəsi” mükafatına, 2009-cu ildə tərcümə nominasiyası üzrə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb;
· Yasunari Kavabata, Migel Delibes, Qabriel Qarsiya Markes, Kazuo İşiquro, Mario Varqas Lyosa, Xuan Karlos Onetti, Kamilo Xose Sela kimi dünya şöhrətli yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Yağmursuz havalar
(hekayə)
Dünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşdi ki, bəlkə, özünü öldürsün.
Havalar birdən-birə sərinləmişdi. Yatıb durmuşdular ki, axşamkı bürküdən əsər-əlamət yoxdu, yağış yağır, soyuq külək əsir, camaat əyin-başını qalınlaşdırıb. Arvadı qab-qacaq cingiltisi arasından yadlarına salmışdı ki, bu gün sentyabrın iyirmi ikisidi, yəni bu gün payız girib, o da bircə gündə cildini dəyişmiş adamlara, şəhərə baxa-baxa təbiətin işinə əməllicə heyrətlənmişdi.
Ancaq heyrəti tez keçmişdi, xırda-xuruş qayğılar onu üstələmişdi, qanını bir balaca qaraltmışdı; gərək təzə ayaqqabı alaydı, plaşı təmizlənməyə verəydi, hələ arvad-uşağa da nələrsə almaq lazım olacaqdı.
Bu narahatçılığa da çox davam gətirməmişdi, illərlə yığdığı təcrübə əhdinə sadiq çıxmışdı. Doğrudan da, darıxmağa, kefini pozmağa dəyməzdi, payızı, üstəlik, qışı da birtəhər yola verəcəkdi, yaz günəşi kürəyini qızdıran kimi də çəkdiyi bütün çətinlikləri, qanqaraçılığını unudacaqdı, necə ki, şükür allaha, unuda-unuda gəlirdi.
Bürkünü, bu il özünü aldada-aldada, günü günə sata-sata axır ki, getmədiyi çimərlik həvəsini yuyub aparan həmin yağışdan sonra istilər birdəfəlik sındı. Yağmursuz, günəşli günlər idi, şairlərin dediyi əsl qızıl payız idi, havalar sınmışdı deyə, elə bil təmizlənmişdi də, indi heç olmasa sinədolusu nəfəs ala bilirdi. Nədənsə payızın belə günəşli günləri həmişə onun yadına baharı salırdı, özü də bir ilin, beş ilin baharını yox.
Durduğu yerdə haradansa burnuna tüstü qoxusu dəyirdi, adını bilmədiyi bir hiss də bu tüstü qoxusuna qarışıb ona Novruz bayramını, uşaqlığını xatırladırdı. “Xatırlamaq” bəlkə də yalan sözdü, çünki keçmişin sehrinə bircə an düşürdü, nəyisə xatırlamağa heç macal da tapmırdı, uşaqlıq illəri, keçirdiyi hisslər, sevinci, ağrı-acısı sıxılıb-sıxılıb bircə ana sığışırdı. Ona görə həmin bircə anda baş aça bilmirdi ona nə olub, niyə doluxsunub, ağlamaq istəyi dərddəndi, xoşbəxtlikdən.
Ümumi həyətli, ümumi tualetli, bir-birindən taxta divarlarla ayrılmış, üst mərtəbənin bitişik, dar artırmaları yeriyəndə asma körpülər kimi yırğalanan bu ikimərtəbəli binadakı evlər quş qəfəslərinə oxşayırdı. Balaca bir hay-küy hamını diksindirirdi, səslər, sözlər evdən-evə keçirdi, ağızdan-ağıza düşürdü, çeynənib-çeynənib həyətə çıxırdı, o qədər dəyişirdi, bəzənirdi, az qala yiyəsi də onu tanımırdı.
Ona görə evdə hamı məcbur idi mehriban dolansın, səsini qıssın, hirsini-hikkəsini boğsun, kənardan baxanda elə bilərdin bu binada hamı xoşbəxtdi. O elə də bilirdi, hər halda, bilmək istəyirdi, çünki dərinə gedəndə nəsə tapırdı, sonra da tapdığından qaça bilmirdi, rahatlığını itirirdi. Di gəl, Xeyri qarı ona qaçmağa yer qoymamışdı. Xeyri qarı divarın o üzündə idi, gecəsini-gündüzünü çaş-baş salmışdı, görürdün, haçan oldu öz-özünə danışır, donquldanır.
Danışmayanda da nəfəsi eşidilirdi, elə bil körük basırdılar, elə bil kahadan külək üfürürdü. Bir torba ət-sümükdü, yaşını, indisini, keçmişini, ölüb-qalan uşaqlarının adını, adamların yaxşılığını, pisliyini unutmuşdu. Yeməyi qabağında qoyub qızını söyüb-yamanlayırdı, deyirdi çörək vermir, baxmır mənə, özünə ölüm diləyirdi, amma çimizdirəndə çırpınırdı, sıtqanırdı, ağlayırdı, elə bilirdi yuyat yeridi, yuyub kəfənləyəcəklər.
Bu qarının ona dəxli yox idi, bu qarı onun heç kimi idi – bunu çox təkrarlamışdı, intəhası, özü ilə bacarmırdı, divarın o üzündəki hənirti ovqatını qarışdırırdı, evlərində heç kim olmayanda ərinməyib səsə çıxırdı, ya arvad-uşaqdan kimisə göndərirdi, lazımdısa həkim çağırtdırırdı, dava-dərman tapdırırdı, həyət-bacada qoluna girirdi, aftafasını doldururdu, uzun-uzadı şikayətlərinə səbirlə qulaq asırdı… və bütün bunları fikrində eləyirdi. Beləcə o çoxuna yaxşılıq eləmişdi, dar gündə dadına çatmışdı. Ona görə də həmin adamlardan yamanlıq, kobudluq, soyuqluq görəndə yanıb-yaxılırdı.
Axır vaxtlar yenə tez-tez güzgüyə baxmağa başlamışdı. Deyəsən, daha ömrü xırıd eləyirdi; saçı seyrəlirdi, ordan-burdan ağarırdı, üz cizgiləri kobudlaşırdı, dişləri çürüyürdü. Yəqin bəzi xəstəliklərdən hələ xəbəri yoxdu, hələ o xəstəliklər yol gəlirdi, bədəninin harasındasa xımır-xımır öz işini görürdü, birdən ayılacaqdı ki, hazırdı. Yel, şəkər, astma, miokard…
Azar o idi ki, dəyişən üz cizgilərini güzgüdə gördükcə hövsələdən çıxırdı və belə şeylərə görə əzab çəkdiyi üçün xəcalətlənirdi. Ancaq özüylə, hissləriylə bacarsaydı nə vardı ki. Düzdü, hissləri daha əvvəlki kimi onu yerindən oynatmırdı, bir az kəsərini itirmişdi, korşalmışdı, bir az da özü noxtasını çəkirdi, nalını tökməsin deyə bacardıqca çarpışmalar, təlatümlər meydanına salmırdı, yorğa yerişlə, öz tanış cığırlarıyla sürüb gedirdi.
Çılğınlıq, səbirsizlik, yuxusuz gecələr – bu olmuşdu, əvvəllər olmuşdu, özünü tələsdirirdi, tez, tez, tez böyüsün, sərbəstləşsin, dost qazansın, qadın tanısın, evlənsin, uşağı olsun, arvada xəyanət eləməyin necəliyini bilsin, qısqansın, onu qısqansınlar, tez, tez, tez… Görə-görə gəlmişdi və birdən məlum olmuşdu ki, daha tələsməsə də olar, daha keçirdiyi hisslər üst-üstə düşür, bir-birini təkrarlayır, daha çox-çox şeyləri rahatca yerinin içində uzanıb təsəvvür də eləyə bilər.
Bəlkə təsəvvür eləyə bildiyinə görə də Səlvi ilə görüşə indi o qədər də can atmırdı.
Araya bir iş düşəndə, bəhanə tapılanda sevinirdi. Ancaq sonra özünü söyə-söyə, kiminsə üzünün suyunu tökə-tökə açarını aldığı otaqda keçirdiyi iki-üç saata da sevinirdi, Səlvini ona yetirdiyi üçün yaradana dua eləyirdi.
Səlvi ilə tanışlığı avtobusdan başlamışdı. Səhər-səhər uşağı bağçaya aparanda həmişə basırığa düşürdü. Və günlərin bir günü qarayanız, suyuşirn bir qız ondan uşağı alıb qucağına oturtdu. Bir dəfə belə, iki dəfə belə, üç dəfə belə, sonra bu təsadüfi görüşlərə öyrəşdilər. Uşağın ona getməyindən, kirimişcə qucağında oturmağından qızın xoşu gəlirdi; uşağı danışdırırdı, saçını sığallayırdı, oxşayırdı, hətta artıq uşaq üçün əl çantasında konfetdən, peçenyedən nəsə gəzdirirdi. Onlar ilk dəfə rastlaşanda qış idi; palto, papaq, qırmızı şərf.
Qış çıxdı, yaz girdi, Səlvinin ipək saçlarının yumşaqlığı, dərisinin hamarlığı, boynunun zərifliyi hiss olundu. Səlvi özünə, bəzək-düzəyinə fikir verirdi, elə bil onunla görüşə gəlirdi, elə bil bəzək-düzəkli otaqda gözə xoş görünsün, nəzəri çəksin deyə hər gün nəyinsə yerini dəyişirdi. Bəzən rastlaşmırdılar – Səlvinin gözləri umu-küsü eləyirdi; bəzən tək olurdu – Səlvi nigaran qalırdı. Hərdən də uşaqla əyləndiyi yerdə birdən-birə duruxurdu, sifəti kölgələnirdi, gözləri yol çəkirdi.
O bu qüssənin səbəbini başa düşürdü, bilirdi Səlvinin ürəyindən keçənləri – kaş bu uşağı o doğmuş olaydı, beləcə bir yerdə uşağı bağçaya aparaydılar, bağçadan gətirəydilər, indiki səddi qırıb onunla danışaydı, nəsə soruşmaq üçün qoluna toxunaydı, heç kimdən çəkinmədən üzünə gülümsəyəydi. O, Səlvini intizarda çox qoymadı…
Yaxşı ki, Səlvi onu incitmirdi, ürəyini ələk-vələk eləmirdi, astarına çevirmirdi. O da Səlviyə əxlaq dərsi vermirdi, arvad-uşaqlı kişinin subay, cavanca bir qıza tay olmadığını söyləyib onu haqq yoluna qaytarmağa çalışmırdı. Onsuz da haçansa ayrılacaqdılar, gec-tez nəsə olacaqdı, ya birdən-birə, ya yavaş-yavaş. Onsuz da həyat da müvəqqətiydi. Yel, miokard, astma…, ya avtomobil qəzası.
Bir də gördün arvadı şikayətlənirdi, deyirdi nə olaydı, bir dəfə də bizim bəxtimiz gətirəydi, nəsə tapaydıq, ya maşından-zaddan udaydıq. Düzdü, onların bəxti gətirib maşın-zad udmurlar, di gəl, gündə nə qədər adam maşın altına düşür, ya çayda boğulur, pilləkəndən aşır. Onların hələ ki bu sarıdan da “bəxtləri gətirmir”. Buna da şükür.
Hərdən könlünə toxunanda, görüşünə getməyəndə, ya elə-belə darıxanda quş olurdu, uçub Səlvinin pəncərəsinə qonurdu. İstəyirdi beş addım oyandakı Səlvini, onun necə baxdığını, gülümsədiyini, kiməsə nazlandığını, kimdənsə küsdüyünü görsün, yad adamlar içində dolaşan yad təbəssümlü bu qızın onun olduğuna özünü inandıra bilməsin, bir az qüssələnsin, əzab çəksin, özü özünü bir az ağrıtsın.
Səlvinin otağı bapbalaca idi. Bu bapbalaca otaqda qapının girəcəyindən iri güzgü asılmışdı. Səlvi o güzgünün qabağında sığallanırdı, daranırdı, həyətə düşəndə də, nə üçünsə mağazaya qaçanda da tələsik güzgüyə boylanırdı. Qadın bəzənirsə, demək, istəyir xoşa gəlsin, diqqəti çəksin, sevilsin. Ancaq kişilərin çoxu sadəlövhdü; elə bilir biruzə versə, hiss elətdirsə, qadın ondan inciyər, onun haqqında pis düşünər. Amma heç bir qadın sevildiyini hiss eləsə inciməz, özünü incimiş göstərsə də inciməz. Bu da çox vaxt unutduğu həqiqətlərdəndi.
Səlvi ata-anasının tək uşağı idi. Ondan böyük bacısı üç yaşında ölmüşdü. Qohum-qardaş yaylağa yeyib-içməyə gediblərmiş, başları qarışır, bir də görürlər uşaq yoxdu. Axtarmadıqları, gəzmədikləri yer qoymurlar, meşəni ayaqdan salırlar, uşaq tapılmır ki, tapılmır. Anası başına-gözünə döyürmüş, deyirmiş yuxusunu görmüşdüm: görmüşdüm köç gedirik, arabadan bir quzu düşür, qışqırıram ki, a gözünüz tökülsün, görmürsünüzmü quzu düşdü, götürsəniz…
Uşağı səhər qayıdıb tapıblar, süfrə açdıqları yerdən bir azca aralıda. Demə onların başı qarışanda, uşaq gedib kolun dibində yatıbmış. Ona görə də gəzənlərin səsini, harayını eşitməyib. Deyir uşaq yan-yörəsini qazıq-qazıq eləyibmiş…
Əhvalatı eşidəndən o qız yadından çıxmırdı, gözünün qabağından getmirdi. Necə olub tapmayıblar? Ağılları kəsməyibmi ki, üç yaşlı uşaq uzağa gedə bilməz? Bəs ürəkləri necə gəlib ki, evə qayıda biliblər? Axır dözmədi, həmin ilə, həmin günə qayıtdı, gecənin bir aləmi yolunu o meşədən saldı, ağlamaqdan səsi kəsilmiş uşağı tapıb bağrına basdı, öpə-öpə, əzizləyə-əzizləyə meşədən çıxartdı, aparıb dərddən üzülmüş ata-anasına qaytardı.
Həmin uşaq elə Səlvi idi, bunu özü bilmirdi, ancaq elə ona görə evlərində hamı toxtamışdı, ona görə bu əhvalatı belə sakitcə xatırlayırdılar. Öz ürəyinə də toxtaqlıq gətirən sonluğu Səlviyə demədi, çünki dedi-demədi – fərqi yoxdu, o vacibdi ki, uşaq meşənin zinriyində zülüm-zülüm ağlayıb anasını çağıranda, torpağı cırmaqlayanda, böyürdən bir Allah bəndəsi çıxmışdı, qoymamışdı onsuz da ağrılı, əzablı dünyada heç nədən bir zülüm də olsun.
Dünyada hamı istəyirdi dərdi özündən uzaqlaşdırsın, necəsə, nəyləsə təsəlli tapsın. Yaşamaq doğrudan da ağır iş idi. Nələr fikirləşib tapmamışdılar, nələr quraşdırmamışdılar; məktəbi də vardı, zavodu da, əsgərliyi də, dustaqxanası da, kommunisti də, kapitalisti də, üstəlik, dəst-dəst qayda-qanunu, fərmanı, qadağası da. Hamısı da guya onun xatirinə ki, insan deyilən varlığın bir qarın yeməyi olsun, yağışdan daldalanmağa damı olsun, balasının altına atmağa palazı olsun.
Hələ möhürlə təsdiqlənənlər bir yana, yazılmamış qaydalara nə deyirsən: bunu eləmə, ona baxma, nəfsini boğ, ata-ananı sev, namus, vicdan, qeyrət – gəl indi bütün bunların içində baş çıxar, büdrəmə, yıxılma, alçalma.
Anası son zamanlar bir falçını tez-tez xatırlayırdı. Xatırlayib heyrətlənirdi, Allaha şəkk gətirənə söyürdü. Bu əhvalat çoxdan olmuşdu, onda hələ dünyada yoxuymuş. Ancaq falçı deyib ki, bir oğlun da olacaq. Atasının tutulmağı, “uzaq səfərdən” sonra başqası ilə evlənməyi, anasının belindəki ağrılar, bu ağrının ondan ölənə kimi əl çəkməyəcəyi – hamısı düz çıxmışdı. Falçı böyük oğlunun xoşbəxt taleyini də əvvəlcədən görmüşdü, özü də bunu iki-üç dəfə təkrar eləmişdi.
O, alın yazısına inanırdı. Ancaq içi tüklü məst kimi səssiz-səmirsiz dolaşan, yanında gözükölgəliymiş təki arvadından çəkinən, yemək yedikləri yerdə mətbəxə keçib, gizlincə yüz qram vurub qayıdan qardaşına onun xoşbəxt deməyə dili gəlmirdi. Bəlkə Allah üçün xoşbəxtlik o idi ki, adam varlı-hallı olsun, dişi tökülməsin, mədəsi ağrımasın, övlad görsün və uzun bir ömür yaşasın, Xeyri qarı kimi, elə uzun ömür ki, olub-keçəni, keçmişini, hətta əzablarını da unutsun – keçmişini unudan adamın nə əzabı – və ölüm gəlib onu vur-tut bədəninin ağrısından qurtarsın.
Daha sevgidi, yaxşılıqdı, pislikdi, bunları necə başa düşməkdi, nəyə sevinməkdi – yəqin bunları Allah adamların öz ümidinə buraxmışdı. Qoy onda biz başqa cür düşünək, Səlvi xanım, deyək ki, insan dünyaya əzab çəkmək üçün gəlir. Belə fikirləşək və taleyimizlə barışaq. Kim bilir, bəlkə taleyimizlə barışanda biz elə xoşbəxt oluruq?!ə
Amma Səlvi ondan sirr də saxlayırdı – hər halda özünə belə gəlirdi, elə bilirdi qara divlərin gecələr o bapbalaca otaqda ona əziyyət verməyindən xəbəri yoxdu. Divlərin gözü düşüb Səlviyə, istəyirlər ürəyinə xof salsınlar, şübhələr içində üzdürsünlər, ondan üzü dönsün. Hələ ki, gücləri çatmırdı, Səlvinin sevgisi onların əl-ayağını bağlamışdı, bu sevgi yoxa çıxanda divlər Səlvini ondan alıb yeddi dağın arxasına aparacaqdılar.
Ona görə Səlvidən soyuqluq hiss eləyəndə tezcə özünü yığışdırırdı, dönüb olurdu həssas, qılıqcıl, mehriban, məşuqəsi yolunda hər məşəqqətə qatlaşan igid bir oğlan. Bəlkə də Səlvini itirmək ona o qədər də yer eləməzdi, ancaq uduzmaq pis şeydi, bunun ağrısına, özü də bu yaşda, dözə bilməyəcəyindən qorxurdu. Həm də istəyirdi özünü bir sınasın, görsün divlərlə vuruşmağa qüvvəsi çatırmı, hələ nəyəsə qadirdimi.
Onun ötəri coşğunluğunu ola bilməzdi ki, arvadı hiss eləməsin, heç olmasa yataqda hiss eləməmiş olmazdı. İntəhası, yəqin gümanı başqa şeyə gəlmirdi, bunu həmin günün xoş havasından, ya bişirdiyi dadlı yeməkdən görürdü.
Kefi pis olanda, həmişə çalışırdı yaxşı geyinsin. Üzünü qırxırdı, ətirlənirdi, dodaqlarına təbəssüm qondururdu. Gülümsəməyi gözəl bacarırdı. Bəzən heç danışmırdı da, elə gülümsəyirdi. Evdə, işdə, yolda. Hamı da ondan razı idi. Çünki o hamının zəif yerini bilirdi və çalışırdı oraya toxunmasın. Bir də bilirdi ki, onu daha çox sevə bilərdilər. İmkanlı olsaydı, dost-tanış bir yana, evdə arvad-uşaq başına dolanardı, gələndə ayağa durardılar, ayaqqablarını çıxarardılar, pencəyini tutardılar, qılığına girərdilər.
O bu sevginin işığını bəzən uşaqlarının üzündə görürdü. Və həmişə belə olmadığına darılmırdı. Çünki bu, çox təbii idi. Bunları başa düşüb darılmadığı üçün hətta gizlicə özünə hörmət eləyirdi.
Arvadı pişikləri xoşlayır, ona görə o, hərdən pişik olur.
https://sunround.com/article/?page_id=5380#gsc.tab=0 |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...