Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında
İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin italyan dilinə tərcümə müəllifi – tanınmış tərcüməçi Olqa Mazzinadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Dante Aligyeri, Françesko Petrarka, Italo Kalvino, Covanni Bokaçço, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
İmadəddin Nəsimi
(1369-1417)
· Dahi Azərbaycan şairi, filosof;
· Şərqdə divan ədəbiyyatı və hürufiliyin görkəmli nümayəndəsi;
· Azərbaycan türkcəsində divan, qəsidə, müstəzad, tərcibənd, tuyuq, rübailərin müəllifi;
· Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük Azərbaycan ədiblərinin yaradıcılığına əsaslı təsir göstərib;
· 2019-cu ildə şairin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi ili” elan edilib;
· əsərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə dövlət varidatı elan edilib.
Sığmazam
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
Surətə baxu mə'nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.
https://www.alidicarta.it/testo/732024625652 |
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...