Məhəmməd Füzuli yaradıcılığı Almaniya ədəbiyyat portalında

Məhəmməd Füzuli yaradıcılığı Almaniya ədəbiyyat portalında

Almaniyanın populyar “Enzyklopädie des Islam” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Məhəmməd Füzuli – 530” layihəsi çərçivəsində dahi şairin alman dilinə tərcümə edilmiş müsəddəs və qəzəlinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan əsərlərin alman dilinə tərcümə müəllifi – tanınmış filoloq, alman dili mütəxəssisi, “Enzyklopädie des Islam”   portalının akademik direktoru – doktor Yavuz Özoguzdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən  izlənilən “Enzyklopädie des Islam” portalı mütəmadi olaraq səhifələrində Xaqani Şirvani, Nizami  Gəncəvi , Ömər Xəyyam, Yunus Əmrə, İmadəddin Nəsimi, Volfqanq Höte, Teodor Fönten, Fridrix Rükkert, Rayner Maria Rilke kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.

 

Məhəmməd Füzuli

(1494-1556)

 

·        XVI əsr dahi Azərbaycan şairi;

·        Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifi;

·        görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacibəyli “Leyli və Məcnun” poemasının motivləri əsasında Şərqin ilk operasını yazıb;

·        türk, ərəb, fars dillərində xeyli sayda qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai qələmə alıb;

·        əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;

·       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib;

·        vəsiyyətinə görə Kərbəlada, İmam Hüseynin məqbərəsinin yaxınlığında dəfn olunub.

 

Müsəddəs

Dün sayə saldı başimə bir sərvi-sərbülənd

Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd.

Göftarə gəldi nagəh açıb lə’li-nuşxənd,

Bir püstə gördüm bu dürci-dəhəndir – dedim, dedi:

– Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin!

 

Əymiş hilali üstünə tərfi-külahini,

Çox dilşikəstənin gögə yetirmiş ahini,

Zülfün dağtdı, gizlədi əbr içrə mahini,

Gördüm üzündə həlqeyi-zülfi-siyahini,

– Ol piçü tabı çox nə rəsəndir? – dedim, dedi:

– Dövri-rüxümdə rişteyi-canındürür sənin!

 

Vermiş füruğ şəm’i-rüxi gün çirağinə,

Salmış şikəst sərv qədi gül budağinə.

Dün sərv tək basanda qədəm göz bulağinə,

Bir neçə xardən ələm irmiş əyağinə,

– Gül bərginə batan nə digəndir? – dedim, dedi:

– Müjgani-çeşmi-əşkfəşanındürür sənin!

 

Ceyr ilə saldı bağə güzər ol səmən’üzar,

Ənvai-zibü zinət ilə fəsli-növbəhar,

Açmış gül üzrə sünbülü giysuyi-mişkbar,

Yaxmış lətif ayağına gülbərg tək nigar,

– Nəsrinə rəngi-lalə nədəndir? – dedim, dedi.

– Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!

 

Düşmüş üzarı üzrə müənbər səlasili,

Aşüftəhal edib neçə bisəbrü bidili,

 

Əqlimi valeh eylədi, şəklü şəmaili,

Göz gördü qamətin, dilü can oldu maili,

– Vəh, bu nə türfə sərvi-çəməndir? – dedim, dedi:

–Mənzuri-dideyi-nigəranındürür sənin!

 

Seyli-sirişkim oldu rəvan xaki-kuyinə,

Can valeh oldu lə’li-ləbü göftguyinə,

Dil düşdü dami-silsileyi-mişkbuyinə,

Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə,

– Əqrəb məhi-münirə vətəndir? – dedim, dedi:

– Ey çox xətalı, kəndi qiranındürür sənin!

 

Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab,

Gül çöhrəsindən atdı səba pərdeyi-hicab,

Gülzarə çıxdı seyr ilə ol rəşki-afitab,

Şəbnəm nisarın etdi yüküş lö’löi-xoşab,

– Bunlar nədir, nə dürri-Ədəndir? – dedim, dedi:

– Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin!

 

 

Qəzəl

Ruzigarım buldu dövrani-fələkdən inqilab,

Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab.

Şö’leyi-ah ilə yandırdım dili-sərgəştəyi,

Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab?

Lə’lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq,

Oldu vacib eyləmək ol biədəbdən ictinab.

Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim,

Rişteyi-tədbirdən dövrani-kəcrov açdı tab.

Olmadı ol mahə rövşən yandığm hicran günü,

Yandığın şəb ta səhər şəm’in nə bilsin afitab.

Göz ki, peykanın qapub, gögdən saçar hər yan sirişk,

Bir sədəfdir, qətreyi-barani eylər dürri-nab.

Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah,

Ah kim, almaz cəmalindən hənuz ol məh niqab.

Kəsmədi məndən səri-kuyində azarın rəqib,

Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab?

 

 

 

http://www.eslam.de/begriffe/f/fudhuli.htm

http://www.eslam.de/manuskripte/gedichte/fudhuli/fudhuli_ghazal.htm

http://www.eslam.de/manuskripte/gedichte/fudhuli/fudhuli_musaddas.htm

 

 

 

 

VƏ DİGƏR...