Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olundu
Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb.
Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə, o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən sətirləri eşidirəm...” fikirləri ilə açılan kitaba toplanan şeir silsilələri “Vətən”, “Həyat nədir, ölüm nə”, “Hardasan, dünyanın yaxşı adamı?”, “Mənə güc ver, İlahi!”, “Gedim bir az ağlayım”, “O biri həyatda dönərsən geri” kimi fəsillər üzrə təqdim olunur.
Vətən, həyat, mərhəmət, ölüm, sevgi kimi əbədi mövzuları əhatə edən kitabın ön sözünün müəllifi – akademik Nizami Cəfərov, şeirlərin tərcümə müəllifləri – Xalq yazıçısı Afaq Məsud, şair-tərcüməçi Salam Sarvan, redaktoru – yazıçı-tərcüməçi Yaşar Əliyevdir.
ÖN SÖZ
Hələ nə qədər gənc olsa da, məhsuldar yaradıcılığı ilə müasir Azərbaycan poeziyasında artıq özünəməxsus üslubunu təsdiq etmiş Leyla Əliyevanın oxuculara təqdim olunan növbəti kitabı, əgər belə demək mümkünsə, müəllifin yaradıcılıq miqyasını bütövlükdə əks etdirmək iddiasında olan “Seçilmiş əsərlər” səciyyəsi daşıyır. Və bu kitabda toplanmış şeirlər həm kəmiyyət, həm də keyfiyyət baxımından şairin dünyası, poeziyanın ən yeni üslublarından biri barədə geniş təsəvvür yarada bildiyi kimi, ədəbi-tənqidi münasibət, müfəssəl elmi-ədəbiyyatşünaslıq təhlili üçün də meydan açır.
Gənc şairin azərbaycanca ilk kitabına son dərəcə təsirli ön sözündə Xalq yazıçısı Afaq Məsud yazır ki, “ilk qələm sınaqlarından başlayaraq fərqli dünya duyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər artıq neçə illərdən bəridir ki, geniş intellektual oxucu auditoriyasının marağını, məhəbbətini qazanıb”.
Leyla xanım müasir insanın ruhunun dərinliklərinə enməyə cəhd edən, mürəkkəb psixoloji vəziyyətlərin mahiyyətinə varmağa çalışan, klassik ədəbi sələflərindən estetik idrakın üsullarını, bitib-tükənməz təcrübəsini əxz etməklə yanaşı, daha çox fitri istedadının kifayət qədər güclü enerjisinə güvənərək ardıcıl poetik axtarışlar ardınca gedən, sözün fəlsəfi mənasında düşünən (və düşündürən!) şairdir. Onun elə bir şeirini təsəvvür etmək mümkün deyil ki, bədii təhkiyənin, mükalimələrin bir neçə qatı, rəngi, çaları olmasın, yaxud hisslər, duyğular, düşüncələr öz təbii axarını, səmimi intonasiyasını hansısa sxematik effektə güzəştə getsin. Bu poeziyada istər şairliyin, istərsə də mütəfəkkirliyin ilkin şərti yaradıcı impulsların birbaşa həyatdan gəlməsi, poetik təfəkkürün ümumən mənəvi aləmin bütün romantikası ilə birlikdə məhz həyat reallığından, gerçəklikdən nəşət etməsidir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz ərazi bütövlüyünü təmin etdiyi günlərdə Azərbaycan poeziyası, tamamilə haqlı olaraq, öz zəfər nəğmələrini söyləyəndə Leyla xanım da təsirli şeirlər yazdı ki, onlardan biri “Qələbə”dir:
Mərmi partlayışı, güllə səsləri…
İyuldu, qan axır çay təki yenə!
Adı bilinməyən qəhrəman əsgər
Hədəfdi düşmənin güllələrinə!
Oyandıq! Savaşa hazırıq artıq!
Daha unutmarıq bu günləri biz!
Atanı gözləyən körpə uşaqsa
Göz yaşı axıdır səssiz-səmirsiz...
Bir gün qayıdacaq hər şey yerinə,
Bir gün sevinəcək bu yurd, bu ocaq.
Amma atasının isti qucağı
Bir də o körpəyə açılmayacaq.
Bu şeirin ideya-estetik dəyəri ondadır ki, bir tərəfdən, Azərbaycan əsgərinin qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin bəşəri (və tarixi!) zərurəti barədə danışılır, digər tərəf-dən, tökülən qanlar, atasını itirmiş körpələrin gələcək taleyi unudulmur. Əlbəttə, Vətəni qorumaq, xalqı düşmən təcavüzündən xilas etmək üçün müharibə etmək, cəsarət göstərmək, ölümə getmək lazım gəlir, bu, bir millətin ləyaqəti naminə qaçılmazdır. Onun da baş qəhrəmanı Əsgərdir:
Köksündə Allahın pıçıltıları...
İlahi nəfəsdən gərilər sinə.
Yalanlar içində batan dünyanın
Yükünü qaldırar çiyinlərinə!
Şair haqlıdır ki, əsgərin taleyini düşmənin təsadüfi gülləsi yox, əbədi Vətən eşqi müəyyən edir, bu ilahi eşq onu qısa bir zamanda yeniyetmədən “addımı böyük, dizi bərk” Vətən keşikçisinə çevirir, ona görə də Vətən torpağında ən uca zirvəyə bir bayraq, bir də onu heç zaman enməyə qoymayan Müzəffər Əsgər yüksəlir.
İllərlə həsrətini çəkdiyimiz Qarabağın, onun tacı olan Şuşanın xilaskarı da Azərbaycan Əsgəridir. Neçə on illərin “məğlubiyyət” kompleksinin həyəcanlarını, ağrılarını daşımağa məcbur olan Azərbaycan xalqı bu gün öz doğma yerlərinə qayıdır, təcavüzkar əli ilə xarabaya çevrilmiş yurd-yuvasını yenidən bərpa edir. Və doğrudan da, bu möhtəşəm qələbəni əsl şair qələminin (və ürəyinin!) gücü vəsf edə bilər.
Leyla Əliyevanın poeziyasındakı analıq, xeyirxahlıq, mərhəmət duyğuları Vətən müharibəsinin ən azyaşlı şəhidi Zəhraya həsr etdiyi şeirdə emosional olduğu qədər də sərt, ittihamedici ifadələrlə əksini tapmışdır. Bu şeirin bir ədəbi dəyəri ideya-mövzu aktuallığındadırsa, ondan daha böyük bir dəyəri də ideya-estetik keyfiyyətində, şairin məhz şairlik məharətindədir:
Bağışla, mən səni tanımamışam...
Bağışla... Vətənin çox ağlayacaq...
Həyatda qol-qanad aça bilmədin...
Bizdən mələk kimi ayrıldın ancaq.
“Dünya” adlandırdığımız hadisə ilk baxışdan nə qədər adi, hətta bəzən yeknəsəq, birrəngli, birmənalı təəssürat yaratsa da, düşüncə sahibləri, mütəfəkkirlər ona çox müxtəlif nəzər nöqtələrindən baxmağın maraqlı təcrübələrini vermişlər. Onlardan ən geniş yayılanı belə bir qarşıdurmadır ki, biz Dünyanı daha çox ağılın, yoxsa hisslərin köməyi ilə dərk edirik... Şairlər, adətən, hisslərə üstünlük verirlər. Və dərhal da “ağılın çərçivələri”nə üsyan qaldırırlar...
Ağıl, zindanımsan, dar qəfəsimsən!
Səni anlayan gün, səni duyan gün
Qırdım məhbəsinin qandallarını!
O gecə gözümə göründü Tanrı…
İndisə heç nəyin qorxusu yoxdu,
Qismətdə nə varsa, o da olacaq...
Göründüyü kimi, bu obrazlar və ümumən şairin bu tipli şeirlərindəki bədii-fəlsəfi obrazlılıq xeyli dərəcədə arxaik səslənir. Həmin terminlərlə bir vaxtlar orta əsrlərin dahi əxlaq-mənəviyyat filosofları danışmış, görkəmli alimlər, ruhanilər, sufilər polemika aparmış, hansısa “həqiqət”ə çatmaq naminə mübahisələr əsrlərlə davam etmişdir. Bizim günlərin şairinin tarixə yenidən müraciəti, əlbəttə, sitat gətirmək xatirinə olmayıb, hər şeydən əvvəl, əbədi mövzuya yeni nəfəs vermək iddiasından irəli gəlir. Və xatırlatmaq lazımdır ki, müasir Azərbaycan poeziyasında bu cür iddialar az olmamış, S.Vurğun, B.Vahabzadə, N.Həsənzadə, M.Araz kimi düşünən (və düşündürən) şairlər “həyat nədir?” sualına cavab axtarmışlar. Ancaq etiraf edək ki, XX əsrin şairləri ilə müqayisədə XXI əsr şairi öz düşüncələrində daha konkret, daha prinsipialdır:
Həyat nədi, ölüm nə?
Cənnətlə aramda bir pillə qalıb.
Dostlarla rəqs edən kölgəmdi mənim,
Ürəyi içində can verə-verə…
Həyatla ölüm arasındakı fərqi müəyyən edərkən bu şeirin müəllifinin XIX əsr rus şairi M.Y.Lermontovu xatırlatması ona görə yerindədir ki, həmin dövrün rus şairləri insanın ruhi azadlığı uğrunda ardıcıl mübarizənin simvolu olaraq tarixə düşmüşlər. Və bu mübarizənin qəhrəmanları öz iradələrini yalnız böyük sözün qüdrəti ilə deyil, həyatla ölüm arasındakı sərhədi aradan qaldıran duellə də yeridirdilər:
Həyat nədi, ölüm nə?
Yaxında eşidən kimsə də yoxdu.
Göylər yaman çəkir məni içinə…
Yoxdu bu sevginin sonucu, yoxdu.
Kiməsə elə görünə bilər ki, Leyla xanım bu cür “inkarçı” mühakimələrlə pessimist şairdir… Ancaq onun hər hansı şeiri, bütövlükdə isə yaradıcılığı ilə yaxından tanışlıq göstərir ki, elə deyil – məsələ burasındadır ki, o, həyatla ölümü, sevinclə kədəri, sevgiylə nifrəti kəskin şəkildə ayıran, bir-birinə qarşı qoyan “ənənəvi” poetik məntiqin önünə keçib öz yeni psixoloji-etik mövqeyinə estetik haqq qazandırmaq istəyir, əslində, həqiqəti bir-birindən kəskin şəkildə ayrılan bu hədlərdə yox, onların təmasında axtarmaq lazımdır.
Afaq Məsudun ilk kitab barədəki təəssüratlarını şairin eynilə bu kitabına da aid etmək olar:
“Bu kitabı şairin bəzən parlaq günəşli yaşıl düzənliklərlə, bəzənsə ildırım və şimşək çaxıntıları dolu sıldırımlı, qasırğalı yollarla irəlilədiyi yaradıcılıq xəritəsi adlandırmaq olar. Bir qədər də yaxınlaşsaq, bu şeirlərin Yer üzünə sanki buludların yuxarısından qanadlarla enmiş məsum mələyin yadlıq və qəribəlikdə keçən həyat mənzərələri – mənasını, məntiqini heç cür anlaya bilmədiyi “həqiqətlər”dən üzülüb nazilmiş ruhuyla bu dünyanın darısqallıqlarından bəzən çıxış nöqtəsi, nəfəsliyi olmayan kip çərçivələrdən sivrilib gah üzüyuxarı – məchul ənginliklərə, gah da qəfil həyat yanğısıyla üzüaşağı – Yerə şığıyan mələk uçuşları olduğunu anlayırıq…”
Leyla Əliyevanın poeziyasında daim mükəmməlləşməsinə cəhd olunan, hər dəfə yeni səciyyəvi çalarlarıyla təzahür edən bir Şair obrazı var ki, müəllif Onu şeirlərinin mətninə heç vaxt təsadüfən gətirmir; ümumiyyətlə isə, bu şair (və şairlik!) həyatın canlı bir stixiyası, hərəkət qüvvəsi olub pedant tərbiyəyə – “ölü dərslər”ə qarşı meydan oxuyur:
Düzünə qalanda, çox yorulmuşam
O eyhamlar dolu ölü dərslərdən.
Allaha inanır, şeir yazıram,
Peyğəmbər, peyğəmbər axtarıram mən!
Demək olar ki, bütün dinlərin tarixində Allahı ağılla, yoxsa hisslərlə dərk etməyin daha effektli olması barədə müzakirələr aparılmış, bu müzakirələr bir çox hallarda kəskin münaqişələrə gətirib çıxarmışdır. Din xadimlərindən, eləcə də filosoflardan fərqli olaraq, şairlərin allahaxtarıcılığı həmişə “vəcd”lə müşayiət edilir.
Məlum məsələdir ki, şeir (və şair!) sevgisiz nəinki dünyanı dərk edə, ümumən, dünyada mövcud ola bilməz – bu isə şairdən (və şeirdən!), ilk növbədə, sonsuz səmimiyyət istəyir:
Qəlbini uşaqtək açan adamın
Asandı könlünü qırmaq həyatda.
Sevgisiz nə varsa, ona yad gələr,
Can verər sevginin ayağı altda.
Afaq Məsud tamamilə haqlıdır ki, bu və bu cür şeirlərin müəllifinin “ən böyük uğuru və qələbəsi İlahi ərazilərdə baş verən bütün hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın və məqamın havasında, həmin təsirdə saxlamaq və kağıza köçürmək qabiliyyətidir. Bu şeirlər anlaşılmaz, dərk edilməz, dirildici bir enerji daşıyıcılığına malikdir. Burada sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən ilahi gözəlliklərinə vurğunluq kimi, qüssə də, kədər də, tənhalıq və çıxılmazlıqlar da şəfqətverici və oyandırıcıdır. Ən başlıcası isə, bütün bu yaşantıların öz həqiqəti və sevgisi ilə dünyanın, onun insanlar tərəfindən quraşdırılmış dayaqsız, məntiqsiz “Məntiq”inin üzərində, fövqündə qələbə çalmasıdır”.
Şairin “İlahi ərazilərdə baş verən bütün hadisələri… kağıza köçürmək qabiliyyəti”nin səciyyəvi məqamlarından biri bundan ibarətdir:
Gəl qovma fevralı, qürubu qovma,
Qovma nə gecəni, nə qaranlığı.
Əgər yağış yağır, dolu tökürsə,
Qəmi qonaq elə, evinə çağır.
Afaq Məsud o obrazlı ifadəsində də haqlıdır ki, Leyla Əliyevanın lirik qəhrəmanı “insanlarla dolu bu Yer üzündə qaranlıq, sakit gecələrdən, küləkdən, buluddan, Günəşdən və Aydan savayı heç kimi” olmayan bir Mələkdir. “Mələk belə yaşayır. Dünyanı ağrı-əzablardan xilas etmək eşqi ilə mənası qaranlıq mətləblərə, izahı olmayan sirlərə çırpıla-çırpıla, qanadlarının zərif tozunu dörd bir yana səpib itirə-itirə, cavabsız suallar içində üzülə-üzülə... Mələyi təslim olmağa qoymayın, ona insana çevrilməyə imkan verməyin...” Nə qədər üsyan eləsə də...
Bəli, mən yorğunam! Kifayət qədər!
Yaman yorub məni tənhalıq, təklik.
Bu gün nur saçacaq yoluma Günəş,
Gecəsə o yola ulduz səpəcək.
Ədəbiyyatın elmdən fərqi odur (və bu barədə dəfələrlə deyilib) ki, o, çoxsaylı dəlillər, faktlar gətirib nəyisə, hansı hökmü isə sübut etmək istəmir, onun məqsədi göstərmək, həyatın canlı mənzərələrini elə nümayiş etdirməkdir ki, insana hər cür sübutlardan daha çox təsir edib onun ruhi yaddaşına hopsun, hisslərinin, düşüncələrinin sağlam, humanist, zəngin reaksiyasını, sözün geniş mənasında ideya-estetik zövqünü, hər cür prozaik müdaxilələrə qarşı dayana bilən ruhi immunitetini hər dəfə yenidən yarada, gücləndirə bilsin...
...Əzəli halıyla gözəldi dünya,
Nəyi var, onunla tam mükəmməldi.
Bir bax, yuva qurur orada quşlar...
Say-hesabları yox, günahlar kimi.
Leyla xanım da bütün həqiqi şairlər kimi yaxşı adamların sorağındadır. Və bu yaxşı adamlar bəzən bir ailənin, bəzən bir xalqın, bəzən də bütövlükdə dünyanın tarixinə (taleyinə!) elə bir mənəvi dəyər kimi həkk olunurlar ki, poeziya onlarsız keçinə bilməz...
Hardasan, dünyanın yaxşı adamı?
Aç mənə sirrini, söylə, hardasan?
Şəfəq gülümsəyib deyir astadan –
Sən hər bir ürəkdə yaşamaqdasan!
Leyla Əliyevanın “Elegiya”sı isə elə bir Yaxşı Adam haqqındadır ki, Azərbaycan xalqına əvəzsiz səadət bəxş etmişdir. Bu gün ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni-mənəvi yüksəlişində əldə olunmuş böyük uğurlarda Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir... Leyla xanımın şeirləri isə Ondan doğma bir İnsan – dost, sirdaş kimi bəhs edir ki, bu, təbii olduğu qədər də təsirlidir:
Ulduzlar pillətək düzülsəydilər,
Dolsaydı gözlərim Ay işığıyla,
Qalxıb pillə-pillə mən göy üzünə,
Səni qaytarardım geriyə ordan.
Təklik, tənhalıq poeziya üçün özünün ən müxtəlif ideya-metodoloji təzahürlərində (sufizm, romantizm, modernizm və s.) yalnız hansısa səciyyəvi əhvali-ruhiyyə obrazı deyil, həm də (və daha çox!) bu və ya digər əhvali-ruhiyyə təmayülünün təqdimi üçün psixoloji-estetik kontekst, yaxud zəruri ilkin şərtdir.
Ədəbiyyatın elmdən bir fərqi də ondadır ki, hər nə qədər müəllifin mövqeyini, məramını göstərsə, əks etdirsə də, yalnız bir şəxsin dili, ovqatı, “üslubu” ilə danışmır. Və heç də təsadüfi deyil ki, haqqında söhbət açdığımız təsirli, dəyərli yaradıcılığın müəllifi – Leyla Əliyeva qeyd edir ki, “çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir”.
Leyla xanımın geniş siyasi, sosial, mədəni fəaliyyəti barədə həm Azərbaycanda, həm də dünyanın bir çox yerlərində çoxlarının xəbəri var. Və bu genişmiqyaslı fəaliyyətin mühüm bir sahəsini də kimsəsiz uşaqlarla bağlı gördüyü işlər təşkil edir. Həmin mövzudakı şeirləri göstərir ki, Leyla xanım son dərəcə əhəmiyyətli həmin xeyirxah işlərə, sadəcə, vəzifə – sosial məsuliyyət kimi yox, eyni zamanda bir şair olaraq mənəvi məsuliyyət, ürək ağrısı ilə yanaşır...
Körpə gülüşünlə ha gizləsən də,
Durur göz yaşların məsum üzündə.
Ümidi balaca ovcuna sıxıb,
Gizli saxlamısan özün özündən.
Poeziyanın qanadları onu çox-çox uzaqlara apara bilsə də, son dayanacaq, əsas mehvər sevgidir, məhəbbətdir, şair sözünün başlıca funksiyası daxili-mənəvi istəklərin azad, sərbəst, kimsədən (hətta ölümdən belə!) qorxub-çəkinmədən etirafı-dır – elə etirafı ki, məsələn, bu misralardakı kimi həqiqi sənət səviyyəsinə yüksəlir:
Sənə vurulmuşdum, elə bilirdim,
Məndən çevirməzsən heç vaxt üzünü.
Elə yaratmışdım səni qəlbimdə,
Görsən, tanımazdın özün də belə.
Hiss və Ağıl! Azadlıq və Məsuliyyət!.. Artıq qeyd etdiyimiz kimi, Leyla xanımın poeziyasında tez-tez qarşılaşdırılan, dərin bədii-fəlsəfi məzmuna malik anlayışlardır. Onun elə bir şeirini təsəvvür etmək mümkün deyil ki, həmin anlayışlar bu və ya digər dərəcədə mətnin ruhuna hopmamış olsun, ancaq elə şeirlər də var ki, sözügedən qarşılaşdırma – bədii-fəlsəfi təzad zəngin, rəngarəng (və düşündürücü!) emosiyalar spektri yaradır…
İndisə bilmirəm hayana gedim,
Canavar yaşayan yerlərə, bəlkə?
Qoşulub onlara Aya ulayım,
Öyrənim canavar nəğməsi, bəlkə?
Leyla xanımın poeziyasında aydın görünən (və dərk olunmuş!) Şair cəsarəti özünü, demək olar ki, hər məqamda göstərir, bir çox hallarda isə bu cəsarət ideya-estetik məram, qayə kimi daha inamla təqdim olunur:
Salmayın siz məni çərçivələrə!
Bu qayğı, bu diqqət gərəyim deyil!
Rəhminiz gəlirsə mənə bir azca,
Sadəcə, ruhuma azadlıq verin!
İstər şifahi, istərsə də yazılı ədəbiyyatın tarixi deməyə əsas verir ki, poeziyanın ən munis, ən səmimi və ən zəngin ideya qaynaqlarından biri kədərdir. Əsl şairlər kədəri yaxın buraxmaqdan, onunla həsb-hal etməkdən sonsuz “həzz” almışlar… Ancaq yəqin, çoxlarının yadına elə bir şair gəlməz ki, kədəri evinə qonaq dəvət edib halına yana, darıxmağa qoymaya…
Kədər axşam-axşam döydü qapımı…
Qapını bağlamaq çıxıb yadımdan.
Buyur, keç içəri, qəfil qonağım,
Qonaq olan evdə darıxmır adam.
Buyur, keç, sənə bir çay da dəmləyim,
Seçim mürəbbənin ən yaxşısından.
Heç darıxma, dostum, səninləyəm mən,
Hələ darıxmağa çox vaxtımız var.
Axşam qayıtmağa söz vermişdin sən,
Gəldin… gedəcəksən səhərə yaxın.
Çölə çıxıb görsən, yağışlar yağır,
Həmən geriyə dön, köksümə sığın.
Bu cür düşüncələrin müasir poeziyanın çoxsaylı cərəyanlarından hansına aid olub-olmayacağı barədə mübahisə etmək olar, ancaq əsas bir cəhət mübahisəsizdir ki, həmin düşüncələr böyük ədəbiyyatın faktı, hadisəsidir.
Şair “mənim ilham mənbəyim sevgidir – insanlara, təbiətə, həyata sevgi!..” sözlərini deməmiş olsaydı belə, Leyla xanımın şeirlərində böyük hərflə yazmalı olduğumuz bu Sevginin hərarətini, az qala, hər misrada duymamaq mümkün deyil. Və ara-sıra verdiyimiz nümunələr də göstərir ki, bütöv bir silsilə təşkil edəcək qədər “Ürək şeirləri” var ki, onlardan biri də “Mənim ürəyim”dir...
Çobanyastığına bürünüb ürək...
Zərif qoxusunu dəqiq duyuram.
Elə bil bu ətir qəlbimdən gəlir,
Bəlkə, bu sevgidi? Gül qoxuyuram!
Böyük ədəbiyyatşünas (və ədib!) Mir Cəlal bir vaxtlar yazmışdı:
“Doğrudur, lirikada obyektiv varlıq sənətkarın qəlb güzgüsündə əks olunur, onun fərdi, şəxsi duyğuları ilə “suvarılır”. Ancaq obyektiv aləm həqiqi məcrasından çıxmır, həqiqiliyini itirmir. Əksinə, sənətkar qələminin qüdrəti ilə daha da hərarət kəsb edir, əyaniləşir, gözəlləşir”.
Leyla xanımın bu sözləri isə ulu babasının “dünən”ki sözlərinin “bu gün”ə tərcüməsidir:
“Elə bilirəm, şeirlər mənə İlahidən gəlir. Mən misraları eşidirəm...”
“Aborigenlə söhbət” Leyla xanımın yaradıcılığında fərqli bir mövzunun diqqəti cəlb edən əsərlərindəndir... Ümumbəşəri adlandıra biləcəyimiz həmin mövzu şairin qarşısında yeni üfüqlər açır. Şeir hər cəhətdən əbədi epos intonasiyasını xatırladan təmkinli bir təhkiyə ilə başlayır:
Mənə söhbət açdı bir aborigen,
Babasının ruhu enibmiş Yerə...
Mən isə düşündüm – sayıqlayır o,
Uşaqlar inanar belə şeylərə.
Aborigen şairə öz ata-babasının bir vaxtlar necə təhqir olunduğundan (təbii ki, bu günə qədər şəkilcə dəyişilə-dəyişilə gələn müstəmləkəçilər tərəfindən) danışır... Əcdadların bunun əbədiliyinə inanan, əbədiyyətə canlı dünyadan daha çox ehtiram göstərən (və onun qanunları ilə yaşayan!) aborigenin “sadəlövhlüyü” bu dünyanın minüzlü konyunkturlarından müqayisə olunmayacaq qədər səmimi, ədalətli və humanist deyilmi?.. “Üzündə daim təbəssüm donu” gəzdirən müstəmləkəçi dünya hər hansı təhlükə hiss edəndə dərhal “donunu soyunub vəhşiləşmirmi?..”
...Axşam qürub çağı ayrıldıq, axır,
Xoş anlar yaşatdıq ruha, ürəyə.
Doğma adamıma döndü bu qərib,
Zaman toxunmasın bu xatirəyə.
Və şeirə, mahiyyət etibarilə, fəlsəfi məzmuna malik bir nöqtə (əslində, nida) qoyulur:
Sağ ol, əziz dostum, hər şeyə görə,
Unutma meşəni, unutma məni!
Nə qəzəb, nə də şər çökdürə bilər,
Həyatı sonsuza qədər sevəni!
“Aborigen” kimi “Romada” şeiri də şairin ideya-estetik idrak perspektivləri barədə ürək dolusu danışmağa imkan verir... Şeirdə bir-birindən sosial mövqe etibarilə kəskin şəkildə fərqlənən insanlar müqayisə olunur.
Və bu cür müqayisələr aparmaq həmişə ədəbiyyatın ən böyük yaradıcılarının sərəncamında olmuşdur. XXI əsr şairinin belə bir iddiaya düşməsi nə qədər ədəbi cəsarətdirsə, o qədər də istedadın kamilliyindən (və ədəbi varislikdən) gələn səlahiyyətdir...
Nədəsə bənzərik, demək, onunla,
Sualın cavabı bu olsun gərək.
Bu məqam şamların altından bizi
Götürüb apardı qəfil bir külək.
Leyla Əliyeva müsahibələrindən birində haqlı olaraq deyir ki, “uşaq böyütmək, dadlı yeməklər hazırlamaq, gözəllikləri dəyərləndirmək, işini ürəkdən görmək də yaradıcılıqdır. Ürəkdən gələn və bizə sevinc gətirən hər şey yaradıcılıqdır”. Ancaq hər oxunduqca, dinlənildikcə insana ruh verən gözəl, təsirli şeirlərdən ibarət “Seçilmişlər”in müəllifi olmaq, görünür, daha böyük yaradıcılıqdır.
Və onu da qeyd edək ki, şeirlər Azərbaycan dilinə kifayət qədər yüksək peşəkarlıq, bədii texnika ilə tərcümə olunmuş, şairin üslub özünəməxsusluğu, poetik intonasiyası qorunub saxlanmışdır.
Nizami Cəfərov
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Kitabxanası
Azərbaycan Dillər Universitetinin satış köşkü
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...