Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – tanınmış filoloq alim, tərcüməçi Vilayət Hacıyev, redaktoru Hans-Jürgen Maurerdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Schreiber Netzwerk” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Yusif Səmədoğlu
(1935 - 1998)
· Yazıçı, kinodramaturq;
· ADU-nun Filologiya fakültəsi və M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb;
· “Azərbaycan” jurnalının və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi olub;
· “220 saylı otaq”, “Qalaktika”, “Qətl günü” kimi nəsr kitablarının müəllifidir;
· “Böyük tamaşa”, “Cəlil Məmmədquluzadə”, “Səməd Vurğun”, “Qətl günü”, “Səmt küləyi”, “Yeddi oğul istərəm...” kimi bədii və sənədli filmlərin ssenari müəllifidir;
· “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb;
· əsərləri bir çox xarici dillərə tərcümə olunub.
Soyuq daş
Cığırın qırağındakı, üstünə işıq düşəndə gümüşdən tökülmüş kimi görünən bu hamar daş, vaxtilə dağların başından axıb çağlaya-çağlaya bu yerlərdən keçən böyük bir çaydan yadigar qalmışdı.
Havalar yaxşı keçəndə, yağış, duman olmayanda, oğlan hər gecə meşəyə gəlir, bu daşın üstündə oturub papiros yandırır, düşünür, meşənin hənirtisinə qulaq asır.
Ona elə gəlir ki, göydən otların, yarpaqların üstünə görünməz damlalar düşür, palçalanıb cingildəyir.
Bu cingilti ona yuxuda eşitdiyi musiqini andırır. O, həmişə yuxuda musiqi eşidir və qəribə-qəribə rənglər görür. Səhərlər bu musiqini, rəngləri yadına salmaq istəyir, lakin heç bir şey xatırlaya bilməyib əzab çəkir...
Qız xırda və səssiz addımlarla ağacların arasından çıxıb oğlana yanaşanda o, yerindən qalxır, salam vermədən, dinməz-söyləməz pencəyini çıxarıb qızın çiyninə salır. Qız həmişə bilə-bilə nazik paltarda gəlir ki, oğlanın pencəyinə bürünsün.
Bu gecə qız gecikir, ay lap yuxarı qalxanda, ağacların kölgələri qısalanda gəlir. Gəlir və uzaqda dayanır. Oğlan durur, pencəyinin düymələrini aça-aça qıza yanaşır… Qızın əynindəki ağ yun jaketi görüb pencəyini çıxarmır, nəsə demək istəyir, ancaq demir, geri dönüb daşın üstündə oturur. Və birdən ona elə gəlir ki, eynilə yuxuda gördüyü kimi, indicə ağacların arasından qara bir duman qıvrıla-qıvrıla axıb qızı aparacaq, o isə heç bir müqavimət göstərə bilməyib oturduğu yerdəcə çapalayacaq.
Xeyli keçir. Qız ağaca söykənib, budaqların arasından göyə baxır. Oğlan başını aşağı salıb papirosunu çəkir.
Sakitlikdir. Haradasa, uzaqlarda qurbağalar boş-boğazlıq edirlər. Ayın işığı qocaman palıdların arasından süzülüb sanki oğlanın ayaqları altına ağ tül sərmişdir. Tez-tez koldan-kola sıçrayan xırdaca gecə kəpənəklərinin ağ qanadları işıldayır. Oğlana elə gəlir ki, bunlar ayın şüalarından qopub ovuc-ovuc havaya səpələnən mirvari dənələridir. Deyəsən birdən meh əsir, yuxarıda, oğlanın başı üstündə yarpaqlar xışıldaşır. Yarpaqlar tez də susurlar.
Qız pıçıldayır:
— Ulduz axdı...
Oğlan başa düşür ki, qız bu sözləri elə-belə, yalnız aradakı gərgin və darıxdırıcı sükutu pozmaq üçün deyir. Dünən gecə də o, əvvəlcə ulduzdan başlamışdı, sonra oğlanın cavab vermədiyini, başını aşağı salıb hey papiros çəkdiyini görüb yersiz-yersiz gülmüş və gedənə kimi qonaqlarından danışmışdı. Beş-altı gün bundan qabaq atası Mədət müəllimin köhnə dostunun oğlu onlara qonaq gəlmişdi. Qızın dediyinə görə, cavan qonaq bu yaxınlarda dünya səyahətindən qayıtmışdı. Hər gün ev yiyələrini başına toplayıb qəribə-qəribə söhbətlər eləyirdi...
Qız yaxına gəlib oğlanla üzbəüz dayanır.
— Niyə dinmirsən?
Oğlan başını qaldırır.
— Heç… Sən danış görək, qonağınız nə deyir?
— Çox şey. Dünyanı dolanıb gəlib. Elə şeylər danışır ki...
Oğlan qızın sözlərini yox, səsini dinləyir. O, həmişə belə edir. Bu səsə qulaq asa-asa gözlərini yumur, xəyalında qızın sifətinə baxır. Onun nazik qara qaşları var. Gözləri həmişə bir rəngdə olmur, səhərlər tutqun görünür, axşamlar isə elə bil mavi işıq saçır. Oğlana elə gəlir ki, qızın gözləri içində bir-birinin ardınca saysız-hesabsız ulduzlar axır. Danışanda əlini çənəsinə aparır, şəhadət barmağını qatlayıb alt dodağının ortasına qoyur, tez-tez gülümsünür. Nədən söhbət edirsə etsin, elə bilirsən ki, nağıl danışır...
— Yenə mənə qulaq asmırsan? — deyə qız soruşur.
— Qulağım səndədir. — Oğlan gözlərini açır. — Nə deyir qonağınız?
— İtaliyadan çox danışır. Deyir ki, italyan qızları çox gözəldilər, lap mələk kimi. Bütün günü kafedə oturub limonad içirlər. Deyir ki, Romada qəribə restoranlar var, lüt arvadlar oynayırlar...
— Elə şey ola bilməz, — deyə oğlan başını bulayır. — Qonağınız yalan danışır.
Qız səsini ucaldıb nədənsə hirsli-hirsli cavab verir:
— Yalan-zad demir. Özün bizdə olsaydın, eşidərdin. Eh, əlqərəz, bütün dedikləri nağıla bənzəyir.
— Bizim nağıllarda mən nə restorana rast gəlmişəm, nə də lüt arvadlara.
— Mən ümumiyyətlə deyirəm.
Qız kəsik-kəsik nəfəs alır. Oğlan bircə anlığa onu çılpaq təsəvvür etmək istəyir. Lakin ona elə gəlir ki, utandığından qulaqlarının ucu da qızarır.
Qız soruşur:
— Sən istərdinmi İtaliyaya gedəsən?
— Mənim İtaliyada nə işim var?
— Elə-belə. Gəzməyə.
— Niyə istəməzdim, pis olmazdı.
Qız gəzişməyə başlayır. Onun ayaqları altında qalıb əzilən yarpaqların xışıltısından yaxındakı ağacın budaqları arasından bir quş pırıltı ilə qalxıb o dəqiqə də yox olur, elə bil qaranlığa daş atırlar.
Oğlan düşünür ki, çox zaman belə olur. Görürsən ki, yad bir nəfəs, sakitliyini, rahatlığını pozan gözlənilməz və yeni bir səs səni yuxudan eləyir, yuvandan didərgin salır, bu balaca quş kimi budağından qopub qaranlıqda yoxa çıxırsan.
— Niyə oturmusan? — deyə oğlan təzə papiros çıxarıb yandırır. Kibritin zəif işığı altında daş bircə anlığa parıldayır. Sanki bu soyuq parıltı oğlandan soruşur ki, qızın yeri niyə boşdur? Oğlan qıza baxır. — Gəl əyləş.
Qız cavab verir:
— Daş soyuqdur.
Oğlan fikirləşir ki, əvvələr qız saatlarla daşın üstündə oturub başını onun çiyninə söykərdi. Deyərdi ki, bu bizim daşımızdır.
— Qonağınız çox qalacaq?
— Allah bilir...
— Niyə gəliblər ki?
Qız irəli yeriyib yenə oğlanla üzbəüz dayanır.
— Anası deyir ki, oğlum evlənmək fikrinə düşüb. Özü də rayon yerindən qız almaq istəyir.
— Şəhərdə qız qəhətdir?
— Deyir şəhər qızları ərə getməmişdən min fırıldaqdan çıxırlar.
— Qələt eləyir!
— Qələt-zad eləmir. Düz deyir. — Qız geri dönür, yenə gəzişməyə başlayır, sonra bayaq durub göyə baxdığı yerdə dayanaraq ağaca söykənir və soruşur:
— Bilmirəm sənin niyə ondan xoşun gəlmir?
— Mən dedim ki, xoşum gəlmir?
Qız cavab vermir. Oğlan papirosunu yerə tullayır, tapdalayıb söndürür. Soruşur:
— Gözaltısı varmı?
— Allah bilir...
Susurlar. Ayın qabağından bulud keçir. Ətraf qaranlıqlaşır. Palıdların işıldayan gövdələri görünməz olur. Yarpaqların torpağın üstünə naxışlar vurmuş kölgələri elə bil buxarlanıb havaya qalxır. Yenə meh əsir, ancaq bu dəfə meh elə bil ötüb keçmir, ağacların budaqlarına ilişib qalır.
Hava sərinləşir. Oğlan qalxıb pencəyini qıza vermək istəyir. Ancaq birdən yadına düşür ki, qızın əynində yun jaketi var.
— Yaxşı, qonağınız nə sənətin sahibidir? — deyə bir azdan oğlan sükutu pozur.
— Elmlər namizədidir. Maşını da var...
— Sənətini soruşuram.
— Dedim də. Elmlər namizədi… — Qızın səsi birdən-birə dəyişir, elə bil batmışdı, indi açılır. O, başını qaldırıb yenə budaqların arasından göyə baxır və davam edir.
— Oxuyanda eynək taxır… Qalın-qalın kitablar oxuyur. Hər gün üzünü qırxır. Çox mədəni adamdır… Bir dəfə bizim çayxanaya getmişdi, elə-belə, yolu düşmüşdü. Qayıdanda dedi ki, sizin rayonun kişilərində mədəniyyət-zad yoxdur. Əllərini də yumurlar, hamısının əli kirdən qapqara qaralıb. Deyir...
Oğlan özünü saxlaya bilmir, qızın sözünü ağzında qoyur:
— Qonağınıza de ki, o əllərdəki kir deyil, torpağın rəngidir, — deyir və özü öz səsinə heyrət edir. O, ömründə qızla belə sərt danışmamışdı.
Qız danışmır, deyəsən oğlandan qorxur. Oğlan isə yenə başını aşağı salıb, ürəyindəki yanğını tüstü ilə söndürmək istəyirmiş kimi, papirosunu dərindən sümürür. Tüstü boğazını dalayıb içəri dolanda o, ciyərlərində xoşagəlməz bir istilik hiss edir. Nəfəsi kəsilə-kəsilə öskürür. Həmişə olduğu kimi, indi də qızın tələsik addımlarla yaxına deyəcəyini gözləyir. Ancaq qız yerindən tərpən. Elə bil bu boğuq öskürəyi heç eşitmir də...
Oğlan güclə sezilən bir istehza ilə soruşur:
— Qonağınız papiros çəkirmi?
— Yox.
— Niyə?
— Niyəsi yoxdur ki!.. Kişi canının qədrini bilir də.
Yenə susurlar.
Meh get-gedə güclənir. Yarpaqların xışıltısı yeknəsəq uğultuya çevrilir. Oğlanın burnuna nəmli və tanış bir iy dolur. Bu, meşənin qurtaracağında axan çayın sağ sahilinə yaxın, yarıya qədər suya batmış nəhəng qayaların ya-yörəsindən sallanan yosunların iyidir. «Sabah yağış olacaq» — deyə oğlan düşünür. Çünki bu külək yenə də uzaqlardan, üfüq boyu uzanan qarlı dağların arxasından nəhəng, kömür kimi qara buludları gətirəcək, yağış ən azı iki gün şırhaşır tökəcək, meşənin bu yerində palçıq dizə çıxacaqdır.
Qız evdə oturub yenə şəhərli qonağın İtaliyadan, Yunanıstandan etdiyi söhbətləri dinləyəcək, o isə səhər ala-qaranlıqda durub işə gedəcək, dərsini deyib, şər qarışan vaxtı yorğun-ağrın evə qayıdacaq, səhərdən qalıb soyumuş çaydan bircə stəkan içib üzüqoylu çarpayıya səriləcəkdir. Həmişə olduğu kimi, yenə də o, küləyin hiddətlə pəncərənin tutqun şüşələrinə çırpdığı iri yağış damlalarının boğuq tappıltısına qulaq asacaq, qıllı boynundan salanıb, xəşil kimi yumşaq torpağın üstündə ilansayağı qıvrılan uzun, paslı zəncirini sürüyə-sürüyə, daşa-kəsəyə vura-vura, darvazanın, hasarın əyri mıxlarına ilişdirə-ilişdirə evin həndəvərində olanan, yazıq-yazıq ulayan qoca köpəyin səsi onu əsəbiləşdirəcəkdir. Hər şeyi qatı dumana bürüyən yağışlı havanın rütubəti onun da balaca otağına dolub yorğan-döşəyi soyudacaq, küncdə mis qazanın içindəki çörəyi yumşaldacaqdır. O, yalnız gecə rahat olacaqdır. Yuxuda yenə musiqi eşidəcək, qəribə-qəribə rənglər görəcəkdir. Gün çıxıb ətrafı isidəndə, yolların, cığırların palçığı qaysaqlanıb quruyanda, meşədən yenə otların şirin qoxusu qalxanda görəsən onlar bir də görüşəcəklərmi?..
Oğlan papiros yandırır, kibriti kənara tullayır. Kibrit yanar böcək kimi bir müddət otların arasında parladıqdan sonra sönür. Oğlan nədənsə gülümsünür. Soruşur:
— Demək bizim rayon qonağımızın xoşuna gəlmir, hə?
— Niyə gəlmir?.. Deyir çox səfalı yerdir. İtaliyada bir ada var, lap ora oxşayır… — Qız başından yaylığını açıb saçlarını düzəldir. Ayın işığı onun üstünə düşür. Oğlana elə gəlir ki, qızın saçlarına saysız hesabsız qığılcımlar tökülür.
Qız yaylığını başına bağlayıb güclə eşidiləcək bir halda köksünü ötürür və dillənir:
— Atam deyir ki, ömründə belə ağıllı oğlan görməyib. Anam da onu yaman tərifləyir.
Oğlan yerindən qalxır, ancaq bircə addım qabağa atıb dayanır. Hansı bir qüvvəsə onu qıza yaxınlaşmağa qoymur. Soruşur:
— Sənin necə, xoşuna gəlirmi?
— Kim?
— Şəhər uşağı.
— Nə bilim… — Qız birdən sözünü kəsir. Çünki haradasa, lap yaxınlıqda it hürür. Oğlan hiss edir ki, söhbətin bu məqamında itin hürməsi qızı sevindirir. Oğlan geri dönüb təzədən oturur və başını aşağı salır.
Ürəyi tanış vurğu ilə döyünməyə başlayır. Atasının cəbhədən qara xəbəri gələndə onun ürəyi eynilə belə döyünmüşdü. Lakin o zaman dərddən, ağır itkidən, kimsəsizlikdən döyünürdü, bəs indi nədən?.. Oğlan heç bir şey daşa düşmür. Yalnız sövq-təbii ilə hiss edir ki, indicə nə isə ciddi br hadisə baş verəcək, dolan bulud boşalacaq. O, başını qaldırıb qıza baxır. Küt bir ürək ağrısı ilə düşünür ki, indi onların arasında ən azı minillik bir məsafə var.
— Niyə oturmursan?
— Dedim də… Daş soyuqdur.
Oğlan yalnız indi hiss edir ki, doğrudan da, daş soyuqdur. Bu soyuqluqdan onun bədəni od tutub yanır.
Qız yaxına gəlir.
— Yaman yorulmuşam, mən gedim.
— Niyə yorulmusan?
Qız nəsə deyir, oğlan heç bir şey eşitmir.
Külək yuxarıda, ağacların üstündə boğuq-boğuq uğuldayır. «Sabah mütləq yağış olacaq» — deyə oğlan düşünür. Yağış daşın ətrafındakı torpağı yumşaldacaq, xırda otların çoxunu kökündən çıxarıb aparacaq, onun da, qızın da ləpirlərini yuyub yox edəcəkdir. Bu dumanlı-çiskinli havada təsadüfən yolu meşədən düşmüş yolçular, bəlkə də bu yerdə ayaq saxlayıb düşünəcəklər ki, bu daşın üstündə hələ heç kəs oturmayıb. Çünki həftələrlə yağışın altında qalan daş yaman soyuq olur.
https://www.schreiber-netzwerk.eu/de/2/Geschichten/102/Kurzgeschichten/90961/Der-kalte-Stein/ |
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...