Əlisəmid Kürün “Tənha Kentavr” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi, “Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində” kitablarının müəllifi, Türkiyənin “Qızıl çələng” poeziya ödülü (Antalya, 1992), “Vektor” Elmi Mərkəzinin Poeziya mükafatı (2003), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmətlərinə görə” ədəbiyyat ödülü (Ankara, 2014) laureatı Əlisəmid Kürün 70 yaşının tamam olması münasibətilə ədibin seçmə şeirlərinin toplandığı “Tənha Kentavr” kitabını nəşr edib. Kitaba şairin şeirləri ilə yanaşı, Arif Məlikov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Elçin, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nizami Cəfərov kimi tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun şəxisiyyəti və yaradıcılığı ilə bağlı söylədiyi fikirlər və həyatının müxtəlif dövrlərini əks etdirən fotoqalereya daxil edilib.
Əlisəmid Kür poeziyasının rəng çalarları o qədər zəngindir ki, şeirdən şeirə bu rəng və səs çalarları dəyişir – elə bil bir simfoniyaya qulaq asırsan. İnsanı düşündürən bəşəri kədər Simfoniyası – bir şair ömrünün döyüntüləri var onun şeirlərində...
Arif Məlikov
Dəfələrlə demişəm, yazmışam. Əlisəmid dövri mətbuatda az-az görünür. Niyə? Onun hər misrası şair taleyinin süzgəcindən keçib, sonra oxucu üzünə çıxır. Şeirdən umduqlarımızın hamısı – sevgi də, ölüm də, həyatın sirrini anlamaq cəhdi də, insana materiyanın ayrılmaz, üzvi tərkib hissəsi kimi baxmaq fəlsəfəsi də var. Ona görə Əlisəmidin hər bir şeiri hadisədir, ədəbi kəşfdir. Əlisəmidin az-az çap olunmasının sirri də bundadır.
Elçin
Əlisəmidin şeirlərini oxuya-oxuya birdən hiss etdim ki, o yazmaya bilməz. Çünki Əlisəmid əsl ömrünü yazılarında yaşayır. Həyatda isə elə-belə, bizim birimiz kimi gülərüz, bir az da aciz görünən bir adamdır. Əlisəmid yaxşılıq önündə acizdir. Belə olmasaydı, o, şeir də yaza bilməzdi.
Yaxşı ki, şeir var, yaxşı ki, şeiri duyub, anlayan var, yaxşı ki, şeirimizin Əlisəmid kimi davamçıları var. Belə olmasaydı, dünya dərd içində irişə-irişə qalardı...
Nüsrət Kəsəmənli
...Mən həmişə demişəm, yalnız Sözü duyan hazırlıqlı oxucu üçündür Əlisəmidin şeirləri. Bu şeirlər kütlə üçün deyil, bu şeirlərə Söz adamları, elitar oxucu dəyər verir.
Əlisəmid ədəbi əxlaqını qoruyan dəyərli şairdir – onu “Yol”da da belə görmüşəm.
Ramiz Rövşən
Əlisəmid öz taleyinin şairidir. Belə desək, inanılmaz dramatizm var onun şeirlərində. O, sözü ovsunlayan, sözləri ram edən söz sərrafıdır. “Araz xına qoyub Kürün suyuna”– deyir. Onun bir misraya sığışdırdığı birmisralıq sevgi şeiri dünyanın ən uzun sevgi dastanıdır.
Vaqif Səmədoğlu
Çox tanınmış, nüfuzlu yazıçı və şairlərimiz olub. İndi də var və onların da çoxu bir-birini həzm eləmir.
...Amma Əlisəmidi hamı qəbul edib və ona dəstək olub bütün dövrlərdə... Çünki Əlisəmidin SÖZÜ şax deməsi, haqqı nahaqqa verməməsi əsas məsələdir. O, təpədən dırnağa şair doğulub, şeirlərindəki SƏMİMİYYƏT şairimizin başucalığıdır.
Əlisəmid Kür böyük şairimizdir...
Nizami Cəfərov
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...