Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə uyğunlaşdırılmış “Biz artıq böyümüşük” hekayəsinin yayınına başlayıb.
Hekayə türk dilinə Mərkəzin türk dili mütəxəssisi Sənan Nağı tərəfindən uyğunlaşdırılıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermontov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Mövlud Mövlud
BİZ ARTIQ BÖYÜMÜŞÜK
(hekayə)
Yanaşı dayanan üç məktəbi deyirəm: 58, 36, 47. Məktəb binalarının arasında futbol meydançası da var idi. Mənim uşaqlığım oralarda keçib.
Əsas da yay aylarında – gün uzananda. Axşam böyüklər gəlib bizi stadiondan çıxarırdılar. Məcbur idik günortanın istisində – gün başımıza döyə-döyə oynayaq. Axşama qalanda tamarzı qalırdıq. Oyunun ən şirin yerində gəlirdilər, əvvəl topumuza, nəm-nüm eləsək, dalımıza bir təpik vurub qovurdular.
Evimiz yolun bu biri üzündə idi. Yeməyimin axırıncı loğmasını udmamış düz stadionun qırağında olurdum. Ortasında da ola bilərdim. Di gəl, pis oynayırdım, uşaqlar məni yaxın qoymurdular.
Günorta axşama əyilən vaxt məktəbin həyətinə getmişdim. Böyük qaqaşlar hələ gəlməmişdilər. Uşaqlardan da gözə dəyən yox idi. Bir az ora-bura gəzişəndən, pəncərələrə daş atıb yorulandan sonra evə qayıtmaq istədim. Bir-iki addım atmamış məktəbin dalından qışqırıq, fəryad, söyüş, qarğış səsləri göyə bülənd oldu. Udquna-udquna səs gələn tərəfə getdim. Əvvəl elə bildim, zarafatdı, oyundu. Sonra dedim davadı, yenə hallavarlılar bir-birini qırır. Arxa küçələrdə məşhur hallavarlılar məhəlləsi var idi. Yaman davakar idilər. Kişilərin bıçaq çəkdiyi, arvadların saçyolduya çıxdığı, cavanların süpürləşdiyi, balacaların uzaqdan bir-birlərinə tüpürdüyü bu davaları çox görmüşdük. Onların qanlı hesablaşmalarından polis də bezar idi.
…Nə oyun idi, nə dava. Süliddinlə Ramalı – arxa məhəllənin ən qansız uşaqların görən kimi tanıdım. Məktəbin arxasındakı kasıb evlərin birində qalan süpürgəçi qarının nəvələrinə işgəncə verirdilər. Üst-başından miskinlik tökülən, ağzında dişi olmayan bir qarının. Həmişə nəvələriilə bir yerdə olurdu. Dükana bir yerdə gedirdilər, bazardan bir yerdə qayıdırdılar. Biz dərsdən çıxıb evə tələsəndə onlar məktəbin həyətini süpürən nənələrinin yanına qaçırdılar. Anam bir-iki dəfə mənim yanımda qarıya pul vermişdi.
Məhəllədə danışırdılar ki, uşaqların atası müharibədə öləndən sonra anaları dəlixanaya düşüb. Nəvələr qalıb arvadın üstündə. Məktəbdəki müəllimlər başqa cür deyirdilər: “Ataları müharibədə şəhid olub, anaları xəstəxanada müalicə aldığına görə uşaqlar hələlik nənələrinin himayəsində yaşayırlar”.
Yəqin, Süliddin “himayə” sözünün mənasını bilmirdi, bilsə, o uşağın boğazını elə möhkəm sıxmazdı. Süliddin balaca nəvəni boğurdu, Ramal böyüyü. Nənə onların arasında qalmışdı. Süliddinə tərəf qaçanda Ramal böyük nəvəni çığırdırdı, Ramala yüyürəndə Süliddin balacanı yerlə sürüyürdü. Qəzəblə qorxunun qarışığından başım hərlənirdi. Başa düşürdüm, günahsız tifilləri Süliddingilin əlindən almaq lazım idi. Ancaq qorxurdum. Eşitmişdim ki, onlar mən yaşda uşaqların üstünə bıçaq çəkirlər. Geri-geri gedib stadionun yanındakı yarımçıq tikilinin arxasına girdim. Uşaqların ağlamaqdan, çığırmaqdan səsləri batmışdı. Nənə qışqır-bağır salır, hədələyir, axırda naəlac qalıb qarğış eləyirdi.
Mən istəyirdim, qarının da, nəvələrinin də günahı olsun. İstəyirdim, qarı Süliddingilin yumurtasını oğurlasın, nəvələri onların toyuğunu oğurladığı yerdə tutulsun, istəyirdim, nəvələr Süliddingilin itini daşa basmış olsun. Bu zülmün bir səbəbi olmalıydı. Belə olsa, mən özümə təskinlik verə biləcəkdim: “Günahları var cəzalarını çəksinlər”.
Ancaq Süliddinlə Ramal gülürdü. Mən hələ gülə-gülə cəza verən adam görməmişdim. Nənə aralıda qaça-qaça bir dəfə yıxıldı da. Ancaq tez də ayağa qalxdı. O, bu boyda həngamənin içində belə, əlində tutduğu torbanı (içində beş-altı kartof var idi) atmırdı.
Arvad yıxılanda mənim içimdə ümid közərdi. Dedim, bəlkə, yazıqları gələr, uşaqları buraxarlar. Əksinə oldu. Bir az da ürəkdən güldülər, uşaqların canını bir az da incitdilər.
Ramal sol əli ilə nəvənin boynundan yapışdı. Nəvəsi çığıranda nənə dəli kimi ona tərəf yüyürməyə məcbur oldu. Ramal uşağı arxaya sürüyə-sürüyə xırıltılı səslə güldü. Onun səsi məktəbin pəncərələrinə dəyib geri qayıtdı.
Qarı qışqırmaqdan batmış səslə naçar-naçar inlədi:
– Ramal, Ramal, anan qanını yalasın, bala!
Süliddin üzüyuxarı şaqqanaq çəkdi. Məktəbin damına qonmuş quşlar ürküb uçuşdular. Qorxumdan canıma üşütmə düşdü. Artıq orada qala bilməyib qaçdım.
* * *
Gördüklərimi bir-iki günə unutdum. Yenə əvvəlki həvəslə stadiona gedib-gəlməyə başladım. Sonra dərslər başladı, havalar soyudu, axşam tez düşürdü deyə ayağımız məktəbin həyətindən yığıldı. Boş stadionun payız yağışlarından başqa, qonağı olmadı.
Məktəb vaxtıydı. Axırıncı dərsin zəngi çalınmışdı. Qaça-qaça, itələşə-itələşə qapıdan çıxıb, evimizə getməyə tələsirdik. Qapının ağzında nəvələrdən birini gördüm. Bilmədim sevinəm, yoxsa utanam. Ancaq yenə də onu görməyimə sevindim.
Sevinməyim mənə qəribə gəldi. Orada öləsi deyildilər ki? Süliddingil onların ətinimi yeyəsiydi? Bunları fikirləşdikcə ürəyimdə Süliddinlə Ramala rəğbət oyandı. Nənəni, uşaqları buraxdıqlarına görə onlara “çox sağ ol” demək istədim. Gözümə oğlanın üzündəki xal ləkəsi sataşdı. Mənə elə gəldi ki, bu ləkə oğlanın göz yaşıdır, həmin gündən onun yanağında donub qalıb. Sinif yoldaşım kürəyimdən itələdi. Qapıdan çıxanda gözüm nəvəni axtardı, tapmadı. O, qarışıqlıqda gözdən itmişdi.
* * *
Böyümüşdük, aradan çox sular axmışdı. İndi nə Süliddindən qorxurduq, nə Ramaldan. Qorxmağa bir şey də qalmamışdı. Cavan yaşlarında ahıl kişiyə oxşayırdılar. Dişləri tökülüb, belləri bükülmüşdü. İkisi də türmədə yatıb çıxmışdı. İşsiz-gücsüz, səfil-sərgərdan günündə ondan-bundan siqaret dilənirdilər.
Məhəllə çayxanasıydı. Bir-iki dostla oturmuşduq. Süliddin əvvəl siqaret üçün bizə yaxınlaşdı, dilucu “gəl otur” deməyimizə peşman olduq. Stul çəkib çayçıya səsləndi: “Ordan bir stəkan gətir!” Xeyli söhbət elədik. Aranı dağa, dağı arana daşıdıq. Sülü – biz artıq onu belə çağıra bilirdik – əvvəl stoldakı bahalı siqaretlərdən çəkdi, sonra “sinəmə düşmür” deyib keçdi ucuzlara. Biz söhbətdən doyduq, amma o, siqaretdən doymadı.
Gecə düşürdü, əvvəl evlilərə, sonra subaylara zəng gəldi. Yavaş-yavaş qalxmaq lazım idi. Nə qədər özümü saxlayıb köhnə palan içi tökmək istəməsəm də, axırda dözmədim, Süliddindən həmin günkü əhvalatı soruşdum. O, arvada, uşaqlara edilən zülmə barmaq boyda səbəb tapmaq məni illər sonrası olsa da sakitləşdirərdi. Süliddin heç nə xatırlamadı. Əvvəl inanmağım gəlmədi. İnanmadım ki, insan belə bir iş tutsun, sonra yadından çıxsın. Həmin gün olanların hamısını danışdım ki, bəlkə, yadına düşə. Arvadın əlindəki torbaya qədər dedim. Torbanı xatırlamağım Süliddini güldürdü. Ha əlləşdi, heç nəyi yadına sala bilmədi. Həyat eşqi çoxdan ölmüş gözlərini mənə zilləyib dilsiz-ağızsız heyvan kimi yazıq-yazıq baxdı. Uşaqlardan biri yerdən söz atdı:
– Sülü balacamı baladı? O vaxt bunların əlindən həyətə çıxa bilmirdik. Yəqin, bir az oynadıb buraxıblar, gediblər təzə hoqqa dalınca.
Süliddin kinayəli gülüşlər altında əzildi. Ona ürəyim ağrıdı. Həmin ağrı idi – qarı üçün, nəvələr üçün gizildəyən ağrı. Bu halım özümə də qəribə gəldi, ona acıdığına görə içimdəki adama qəzəbləndim. Süliddinin küt baxışlarına dözməyib söhbəti bağladım.
Biz çayçıdan çıxanda şər qarışmışdı. Uşaqlarla sağollaşıb dağılışdıq. Gecəydi, evə gedirdim. Küçədə ancaq mənim addım səslərim idi. “Payız gəlib, gün gödəlib, – düşündüm, – bundan belə hava hər gün bir az da tez qaralacaq, futbol oynayanların ayağı məktəbin həyətindən kəsiləcək. Stadionun payız yağışlarından başqa, qonağı olmayacaq”.
Anlaya bilmirdim; bu, məni niyə bu qədər kədərləndirir?
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...