Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu
Dövlət Tərcümə Mərkəzi bu gün Ermənistanın paytaxtı kimi tanınan qədim İrəvanın tarixindən – 1827-ci ildə bu ərazilərə köçürülmüş ermənilərin Çar Rusiyası hərbi birləşmələrinin köməyi ilə yerli əhalini – azərbaycanlıları şəhərdən sıxışdırıb çıxarmasından bəhs edən “Qədim Azərbaycan şəhəri necə Ermənistanın paytaxtı oldu” adlı sənədli videoçarx hazırlayıb.
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə müxtəlif dillərdə yayınlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.
Bu gün Ermənistanın paytaxtı kimi tanınan qədim İrəvan (indiki Yerevan) şəhəri ermənilərin “Ararat” adlandırdığı Ağrı dağı vadisindən keçən Zəngi çayının sahilində, səfalı, geniş bir ərazidə yerləşir. Şəhərin sonradan ermənilər tərəfindən təhrif edilmiş “Yerevan” adı bütün tarixi mənbələrdə öz əksini “Rəvan” və “İrəvan” kimi tapır. İrəvanın qədim tarixi, yaranma dövrünün araşdırıldığı bir çox tədqiqatlarda İrəvan sözü “ir” – türk dilində kişi, igid, “avan” – ölkə, yer, kənd, şəhər mənası daşıyan sözlər əsasında yaranaraq “igidlər ölkəsi” mənasını ifadə edir. XVI–XIX əsrlərdə burada Azərbaycan adları daşıyan xeyli sayda qala, qapı, meydan, məhəllə, bazar, məscid, karvansara, hamam və bulaqların qeydə alındığı bildirilir.
https://az.wikipedia.org/wiki/İrəvan
Məşhur türk səyyahı, coğrafiyaşünas Övliya Çələbinin (1611–1682) tədqiqatlarında Səfəvilər dövlətinin başçısı Şah İsmayılın 1509-cu ildə yadelli işğalçılardan qorunmaq məqsədilə strateji əhəmiyyətli qala tikilməsi barədə vəziri Rəvanqulu xana verdiyi göstəriş əsasında tikilmiş qala-şəhərin Rəvanqulu xanın şərəfinə “Rəvan” (xalq dilində – İrəvan) adlandırıldığı əks olunur.
https://www.tarixinstitutu.az/Web/uploads/books/2019/09/IrevanWEHERIES.pdf, s.11-12
Bir çox tarixi mənbələr 1827-ci ildə çar Rusiyasının işğalınadək İrəvan şəhərində və onun qəzasında 43 idarəedici şəxsin – xan, sərdar, bəylərbəyi kimi rütbələr daşıyan yüksək çinli məmurların qeydiyyat sənədlərinin aşkarlandığını bildirir. 1590–1728-ci illər üzrə demoqrafik vəziyyətə dair statistik hesabatlar – bir nəfər belə olsun erməni millətindən olan ada, yaxud soyada rast gəlinmədiyini, şəhər əhalisinin 90 faizindən çoxunun azəri türklərindən ibarət olduğunu bildirir. Həmin dövrlərə dair digər arxiv sənədlərində şəhərdə və onun qəzasında 4 xan, 41 bəy, 50 axund və molla ailəsinin və 8 xristian təriqətli keşiş ailəsinin yaşadığı müəyyən edilir.
Ömrünün bir neçə ilini Azərbaycanda və İranda keçirmiş fransız səyyahı Jan Batist Şardən (1643–1711) öz əsərlərində İrəvan qalasının 1627-ci ildəki mənzərəsini belə təsvir edir: “Qala səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (azərbaycanlılar) yaşayırlar. Səfəvilərdə dini və xalq bayramları çoxdur. İstər dini ayinlərin və əsas dini hadisələrin tarixi, istərsə də ilin fəsil dəyişməsini bildirən günlər müqəddəs, əziz günlər hesab olunur. Bununla belə, dini bayramlardan üçü təntənə ilə qeyd edilərək ənənə şəklində qorunur. Səfəvilər Orucluq bitən günün səhərini bayram edirlər. İbrahim qurbanı və Əli tərəfdarlarının din yolunda şəhid olması tarixi burada hüznlə qeyd olunur. Burada yeni il bayramı da, xalq bayramı olmasına baxmayaraq, təntənə ilə qeyd edilir. Bunu da qeyd etmək lazımdır ki, Novruz bayramı üç gün davam edir. Saraydakı kimi digər yerlərdə də bu bayram Günəş Qoç bürcünə daxil olduğu andan hesablanmaq şərtilə səkkizinci günədək davam edir. Bu bayram Novruzi Sultaniyyə adlanır ki, bu da “Möhtəşəm yeni il”, yaxud “İmperiyanın yeni ili” deməkdir”.
Şardenin “Səyahətnamə” əsərinin orijinal nüsxəsi hal-hazırda Paris Milli Kitabxanasında saxlanılır.
https://525.az/news/152267-xix-esrin-axirlarinda-irevan-seherinin-mehelle-adlari-arasdirma
1827-ci ildə rus qoşunları general İvan Fyodoroviç Paskeviçin (1782–1856) komandanlığı altında İrəvanda məskunlaşmış ermənilərin xəyanəti nəticəsində işğal olunmuş şəhər məscidlərinin, o cümlədən Osmanlı sərkərdəsi Rəcəb Paşa tərəfindən 1725-ci ildə inşa edilmiş məscidin günbəzindəki aypara çıxarılaraq yerinə xaç, minarələrə kilsə zəngləri quraşdırılır. Həmin il rus çarı I Nikolay həyata keçirilən bu əməliyyata görə İvan Paskeviçə “İrəvan qrafı” titulunu verir və 1828-ci ildə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ərazisini əhatə edən “Erməni vilayəti” yaradılır.
Şəhərin işğalından sonra yerli əhalinin böyük bir qismi hərbçilərin və şəhərdə məskunlaşmış ermənilərin təqib və işgəncələrindən, qətl-qarətlərdən xilas olmaq üçün İrana və Türkiyəyə köçmək məcburiyyətində qalırlar.
https://www.iravan.info/shererin_tarixi.html
Bütün bunlara baxmayaraq çar Rusiyasının qeydiyyat idarələri tərəfindən 1829-cu, 1880-ci, 1917-ci illərdə İrəvan şəhəri üzrə aparılan demoqrafik statistikaya dair bütün sənədlərdə şəhərdə ermənilərin sayının yenə azərbaycanlılardan xeyli dərəcədə az olduğu əks olunur.
https://iravanaz.com/rus/index.php?newsid=6251
1918-ci il mayın 28-də öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti ertəsi gün – mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi barədə qərar qəbul edir. Lakin Azərbaycan dövlətinin bu xeyirxah addımı ermənilərin tamahını səngidə bilmir. İrəvan Ermənistanın paytaxtı elan edildikdən sonrakı 2 il ərzində Azərbaycanın Naxçıvan, Zəngəzur, Qarabağ kimi qədim əraziləri uğrunda davam edən qanlı savaşlarda 50 mindən çox dinc, mülki Azərbaycan əhalisi amansız vəhşiliklərlə qətlə yetirilir, 300-dən çox şəhər, kənd və qəsəbə dağıdılıb talan edilərək erməniləşdirilir.
Və beləliklə, 1918-ci il mayın 29-da 9 min kv.km. ərazidə qurulan Ermənistan Respublikası xarici havadarlarının hərbi-siyasi dəstəyi nəticəsində 29.743 kvadrat kilometr əraziyə sahib olur.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...