“Gürcüstan poeziyası günləri” Dövlət Tərcümə Mərkəzində
Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları David Şemokmedelinin “Astananın iki üzü”, Makvala Qonaşvilinin “Min ikinci gecə”, Bela Keburianın “Sayrışan şəfəqlər” kitablarının təqdimat mərasimini keçirib.
Tədbiri Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud giriş sözü ilə açaraq son illər Azərbaycan-Gürcüstan ədəbi əlaqə və mübadilələr istiqamətində həyata keçirilən tərcümə və nəşr layihələrindən danışıb, ortaya qoyulan işləri hər iki ölkənin ədəbi-mədəni həyatı və tarixi üçün əlamətdar hadisə və böyük töhfələr kimi dəyərləndirib. Daha sonra Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri, yazıçı-tərcüməçi Yaşar Əliyev, Mərkəzin Elm, təhsil, mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir Qarayev, şair-tərcüməçi İmir Məmmədli və Gürcüstanın Azərbaycandakı səfirliyinin baş müşaviri Avtandil Napetvaridze çıxış edərək son illər Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafından, Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi, Rustaveli Cəmiyyəti, Batumi Yazıçılar Evi, “Merani” və “İverioni” nəşriyyatları ilə birgə həyata keçirdiyi layihələrdən, Azərbaycan ədəbiyyatının Gürcüstanda, gürcü ədəbiyyatının Azərbaycanda tanıdılması və təbliği istiqamətində görülən işlərdən danışıblar.
Daha sonra söz tədbirin qonaqlarına verilib.
Gürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, şair David Şemokmedeli: “İlk növbədə, mən Gürcüstanın şeir sənətinin Azərbaycanda belə geniş formatda təqdim olunmasına görə Tərcümə Mərkəzinə və onun rəhbəri, Gürcüstan-Azərbaycan ədəbi əlaqə və mübadilələrinin təşkili istiqamətində misilsiz işlər görmüş Xalq yazıçısı Afaq xanım Məsuda dərin təşəkkürümü bildirirəm. Son illər Mərkəzin gördüyü işlər göz qabağındadır və bu bizləri həm sevindirir, həm də qürurlandırır. Azərbaycan dövləti ən ağır iqtisadi dönəmlərində Gürcüstana dəstək oldu və gürcü xalqı bu qardaşlıq köməyini heç vaxt unutmayacaq. Bu gün bu Mərkəzdə yüksək səviyyədə təşkil olunan “Gürcü poeziyası günləri” isə bizim ədəbiyyatımıza göstərilən ali mənəvi dəstəkdir ki, onun da əhəmiyyəti və dəyəri zaman-zaman artacaq, bugünkü və gələcək azərbaycanlı oxucular bu kitablar vasitəsilə gürcü poetik ruhunun mənzərəsi ilə tanışlıq imkanı qazanacaqlar”.
“Zgvauri” jurnalının baş redaktoru, şair Bela Keburia: “Mən ilk dəfədir ki, sizin gözəl şəhəriniz Bakıdayam. Bir məqamı qeyd etmək istəyirəm. Yaşadığım Batumidə Günəş həmişə dənizdə batır. Bu gün isə mən həyatımda ilk dəfə Günəşin dənizdən necə doğmasını gördüm. Haradasa, necə deyərlər, dairə qapandı. Bəli, bunun özünün şəxsən mənim üçün bir ilahi, rəmzi mənası var – həm həyatım, həm də yaradıcılığım üçün. Hər gün Xəzərdən Qara dənizə qədər yol gələn Günəş qoy daim ürəklərimizi isindirsin və bizləri bir-birimizə daha da doğmalaşdırsın. Və mən əminəm ki, bizləri bir-birimizə bağlayan bu tellər daimi, əbədi olacaq”.
Tədbirin sonunda şairlərin imza mərasimi keçirilib.
Qalereya
VƏ DİGƏR...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...
-
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın...