Zəlimxan Yaqubun şeirləri Gürcüstan portalında
Gürcüstanın populyar Gaxa.ge portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun gürcü dilinə tərcümə olunmuş “Azərbaycan torpağıyam” və “Mənə ümid kimi bax” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – Dövlət Tərcümə Mərkəzinin gürcü dili mütəxəssisi, tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, əsasən gürcü ədəbiyyatının aparıcı simalarının yaradıcılığını işıqlandıran portal Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının yayınına xüsusi yer ayırır.
Zəlimxan Yaqub:
(1950 – 2016)
· Azərbaycanın Xalq şairi, ictimai xadim;
· 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub;
· “Şair harayı”, “Sizi qınamıram”, “Od aldığım ocaqlar”, “Mən sənin qəlbinə necə yol tapım”, “Böyük ömrün dastanı”, “Qayıdaq əvvəlki xatirələrə”, “Gözlərimin nurudu doğulduğum bu torpaq”, “Mən bir dağ çayıyam” kimi şeir kitablarının müəllifidir;
· 1995–2005-ci illərdə Azərbaycanın Milli Məclisinin deputatı olub;
· Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilib.
AZƏRBAYCAN TORPAĞIYAM
Bu dağ mənim öz dağımdı,
Mən bu dağın bulağıyam.
Çəmənində közə dönmüş
Şölələnmiş çırağıyam.
Bu daş mənim öz daşımdı,
Öz tarixim, öz yaşımdı.
Qaya məğrur qardaşımdı,
Onun səsi, sorağıyam.
Bu yol mənim öz yolumdu,
O tay, bu tay sağ-solumdu.
Xəzər sinəm, Kür qolumdu,
Xan Arazın fərağıyam.
Seçməliyəm tükdən tükü,
Ağırdı çiynimin yükü.
Köküm Dədə Qorqud kökü,
Qaracoğlan bulağıyam.
Deməsinlər gəldi-gedər,
Keçirmərəm ömrü hədər.
Öləndə də qəbrim qədər
Azərbaycan torpağıyam!
MƏNƏ ÜMİD KİMİ BAX!
Mənə ümid kimi bax-doğruldum gümanını,
Mənə işıq kimi bax-dağıdım dumanını!
Mənə inam kimi bax-sinə gərim çətinə,
Mənə sevgi kimi bax-dönüm məhəbbətinə!
Mənə səhər kimi bax-çevrilim sabahına,
Mənə sevinc kimi bax-nöqtə qoyum ahına!
Mənə bahar kimi bax-yaşıllanım,allanım,
Mənə payız kimi bax-şirələnim,ballanım!
Mənə həyat kimi bax-hər gün qaynayım,daşım,
Bax,mənə necə baxır atam,anam,qardaşım.
Nə qədər ki,baxırsan mənə barmaqarası
Qəti sağalan deyil üreyimin yarası!
Demək qəlbimdə kədər,demək sinəmdə dağsan
Bu gedişlə,ey insan,
Nə mən yüksələcəyəm,nə sən ucalacaqsan!
https://gaxa.ge/Read/200371 |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...