“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabı İspaniyada nəşr olundu

“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabı İspaniyada nəşr olundu

Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatı müasir Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Dövlət Tərcümə Mərkəzinin ispan dilində ərsəyə gətirdiyi “Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev” kitabını nəşr edib.

 “Mən Naxçıvanda doğulmuşam…”, “Bura da bir cəbhədir”, “Heydər və Zərifə”, “Bu peşəni yeniyetmə vaxtlarından seçmişəm”, “Respublikanın rəhbəri”, “Sən bütün İttifaqa lazımsan”, “Mən insanam, daşdan, dəmirdən deyiləm”, “Xalqıyla birlikdə olmaq haqqı”, “Doxsan üçüncü”, “Dünya siyasətində Azərbaycan nefti”, “Günəş dənizdən doğur”, “Prezident ili”, “Dünyanın gözündə” adlı on üç fəsil üzrə tərtib edilmiş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

 

 

Dünyanın gözündə


Aprelin 10-da Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi, Fransa parlamentinin deputatı Jak Bomeli qəbul etdi. Cənab Bomel Əliyevi keçmiş Fransa Prezidenti general De Qoll ilə müqayisə etdi: “Onun olduğu mövqedəki kimi siz də bütün qruplardan kənar qalaraq siyasət aparırsınız. Məhz buna görə də Azərbaycanla Avropa arasındakı əlaqələrin yaxınlaşması mühüm əhəmiyyət kəsb edir. Avropa sizi, demək olar ki, bütün sahələrdə dəstəkləyir. Bu, Azərbaycanın öz müstəqilliyini saxlamasına yardım edir”.

Fransız natiq həmsöhbətini kompliment atəşinə tutaraq onun gümrah görünüşündən və sağlamlığından danışdı. Heydər Əliyev də “borclu” qalmadı: “Cənab Bomel, sizə baxıram, yaxşı görünürsünüz, çox gözəl yaddaşınız var. Dünən axşam bizim milli rəqsləri necə maraqla seyr etdiyinizi görəndə buna bir daha əmin oldum”. Sonra isə ciddi şəkildə davam etdi: “Siz hər dəfə general Şarl de Qollun siyasətindən danışırsınız. İndi də bu mövzuya toxundunuz. Təbii ki, Şarl de Qoll dünyada tanınmış şəxsiyyətlərdən biridir, II Dünya müharibəsi zamanı və ondan sonra de Qollun etdikləri əsrlər boyu xatırlanaraq öz qiymətini itirməyəcək. Mənim üçün general de Qoll həm ideal, həm də bir nümunədir. Mənim bugünkü siyasətimin əsasında Azərbaycan müstəqilliyinin müdafiəsi durur”.

Əlavə edək ki, bu siyasət reallığa çevrilə bildi. Əliyev öz ölkəsinin maraqları ilə nəhəng dövlətlərin maraqlarını tarazlaşdırmağı bacardı.

Heydər Əlirza oğlu Əliyev, görəsən, digər ölkələrin ictimai və siyasi xadimlərinin gözündə necə görünürdü? Gəlin, onun haqqında yazılan qəzet materiallarını və xatirələri birlikdə vərəqləyək, həmsöhbətlərimizin bu məsələ ilə bağlı münasibətini öyrənək.

Türkiyə Prezidenti Süleyman Dəmirəl Əliyevi şərqlilərə məxsus bəlağətlə “Azərbaycanın demokratik yolla inkişafı naminə sinəsini qalxan edib qəhrəmanlıq göstərən əziz qardaş”ı adlandırır.

YUNESKO-nun baş direktoru Federiko Mayor Heydər Əliyevə müraciətlə: “Siz dünya miqyasında qəbul edilmiş görkəmli lidersiniz”, – demişdi.

Bu, doğrudan da, belədir. Etiraflar çoxdur – səmimi olanlar da, xüsusi niyyətlə deyilənlər də. Amerika diplomatiyasnın ekskomandoru xanım Olbrayt Əliyevə kompliment deyərkən özünü də unutmadı. ABŞ dövlət katibi vəzifəsində olduğu müddətdə “bu cür təntənə ilə qarşılanan ikinci bir prezident görmədiyini” demişdi. Yəni Dövlət Departamenti gör necə səy göstərib.

Xanım Olbraytın həmkarı Henri Kissincer isə məktubunda böyük bir proqramı əhatə etmişdi: “Öz qarşısında ABŞ və Qərb dövlətləri ilə əlaqələrin gücləndirilməsi məqsədini qoyan Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. O, bazar iqtisadiyyatının gücləndirilməsi və inkişafı işinə xeyli zəhmət sərf etmişdir. Heydər Əliyev müstəqilliyin qorunması sahəsində inadkarcasına və qətiyyətlə mübarizə aparır”.

Fransa Prezidenti Jak Şirakın yaratdığı obraz digərlərindən seçilir: “Bu qeyri-adi insan Azərbaycanın çiçəklənməsinə nail oldu. Mən görüşlərimiz zamanı onda müşahidə etdiyim iradə, mətinlik və uzaqgörənliyi yüksək qiymətləndirirəm. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində sadaladığım dəyərləri nümayiş etdirdiyini görürəm. Heydər Əliyev kimi zəngin siyasi təcrübəsi, böyük iradəsi, uzaqgörənliyi olan dünyaşöhrətli bir dövlət xadiminin Azərbaycanı idarə etməsi bu ölkənin xoşbəxtliyidir”.

Çox dəqiq və hərtərəfli bir qiymətləndirmədir. Zəngin idarəçilik təcrübəsini Əliyev hələ sovet dövründə dövlət xadimi kimi formalaşdığı zaman toplamışdı. Rusiya Prezidenti Vladimir Putin Əliyevin Rusiya Federasiyasında təkcə Azərbaycanın deyil, bütün Sovet İttifaqının çox görkəmli siyasi xadimi kimi tanındığını deyəndə məhz bu keyfiyyətə diqqət etmişdi.

Azərbaycanın müstəqilliyi uğrunda Əliyevin tarixi xidmətlərini ilkin olaraq AFR-in federal kansleri Gerhard Şröder və Yaponiyanın baş naziri Dzünitiro Koidzumi ayrı-ayrılıqda qeyd ediblər.

ABŞ Prezidenti Corc Buşun fikrincə, uzun müddət ərzində Heydər Əliyev Cənubi Qafqazda əsas şəxsiyyət olaraq qalıb. ABŞ və Azərbaycan arasında hazırkı dostluq münasibətləri onun şəxsi səyi nəticəsində yaranıb, Azərbaycan müstəqilliyi qorunub saxlanılıb.

Avropa İttifaqında Ukrayna nümayəndə heyətinin sədri, görkəmli Ukrayna şairi Boris Oleynik Heydər Əliyevi əsl xilaskar adlandırırdı: “Azərbaycanın müstəqilliyi təhlükə altında qaldığı bir vaxtda xalqın sadiq oğlu Heydər Əliyev sükanı əlinə almağı bacardı. Öz iradəsi, aqilliyi və cəsurluğu sayəsində Azərbaycanı ağır vəziyyətdən xilas etdi”…

 

VƏ DİGƏR...