Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Fransisko Kapilla Martin və ispan dili mütəxəssisi Rəhimə Məmmədovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Fyodor Dostoyevski, Xuan Gil Albert, Qustavo Adolfo Bekker, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Roke Dalton Qarsia kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Orxan Fikrətoğlu
(1966)
· Yazıçı, jurnalist, kinodramaturq;
· Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib;
· C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviridir;
· “Dünya haqqında upuzun bir nağıl”, “Səhər”, “Üçüncü günün adamı”, “Tək”, “Ölü mətn” kimi nəsr kitablarının müəllifidir;
· əsərləri bir çox xarici dillərə tərcümə olunub;
· müəllifi olduğu “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri səhnələşdirilib;
· ssenariləri əsasında “Ümid”, “Solaxay”, “Səs”, “Ağ kətandakı adam”, “Qız qalası”, “Ərazi”, “Yalan”, “Kəpənək”, “Borc” adlı bədii və sənədli filmlər çəkilib;
· Əməkdar incəsənət xadimidir;
· “Yeddi” romanı Almaniyada Xüsusi mükafata layiq görülüb;
· “Xalça nəğməsi” filmi Birinci Beynəlxalq Yalta Kinofestivalının baş mükafatını qazanıb.
Son İgidin nağılı...
Deyir, insanın öldükdən sonra da dırnağı uzanırmış. Necə ki, ağacın meyvəsi üstündə budağı qırılır ha... Sonra həmin kəsilmiş budağın üstündəki meyvə qalıb-qalıb sulanır, şirinləşir ha... bax insanın öləndən sonra uzanan dırnağı da beləymiş, son qalığı, şirnisi, canından süzülən suyuymuş. Öz-özünə uzanan dırnaq qəfil hiss edəndə ki, hissəsi olduğu bədənin ruhu daha yoxdur, dayanır. Axı dırnaq candan deyil, ruhdan qidalanır. Ölümü anlamaq üçün dırnağa zaman lazım olur. Dırnağın özü belə yaşadığı bədənin tamam ölməsini o dəqiqə anlamır, zaman keçəndən sonra başa düşür... İndi mən necə sənin birdən-birə olmamağına inanım? Sən də məndən idin axı...
Olmasan da, məndən nağıl istəyirsən? Sənə bir gerçək danışacam. Sən onda da yox idin. Mən o son İgidin doğulduğunu öz gözlərimlə görmüşdüm.
İgid doğulana qədər buraların insanları bir-birinə sual verməzdilər. Öl deyilənə ölürdü, qal deyilənə qalırdı. İgidə, igidliyə ehtiyac yox idi. Adamlar at kimiydi. Yeyirdilər, yatırdılar, hər il kişnəyə-kişnəyə artırdılar. Bu yandan Əsəd kişinin qara arvadı qəfil vurub bu igidi doğdu. İgid Məsih kimi tarixə düşməsə də, başqa cür yadda qaldı. O, doğulandan bizə oxşamadı. Əli, ayağı, içi, fikri necəsə bizdən böyük çıxdı. İgidlik onun üzündə gülüş kimiydi. O, igidlik eləmirdi. İgidlik onun özüydü. İgid işləmədi, yemədi, atasına, anasına bağlanmadı, başını aşağı salıb gününü yeyən, adi adamların yanında yad bir nəsnə kimi illərlə var oldu. Hamı onun igid olduğunu bilirdi. Onun haçansa bir igidlik edib dünyanı dəyişəcəyini də görürdü. Amma İgid – igid olmaqdan ötrü igidlik göstərə bilmirdi. Buna görə də qanı qaraydı. İgid doğulan birinin igidlik etməməsi özü üçün də çox ağır iş idi, elə bizim üçün də. İgid dünyaya baxıb məəttəl qalırdı. Gün kimi hər axşam batıb, hər səhər işə çıxan insanların igidlik etmədən yaşamaları ona qəribə görünürdü. O, içini yeyən gücünü bilmirdi neynəsin. İllər beləcə igidin yanından qorxa-qorxa keçib-gedirdi. İgid illərə, illər igidə əl eləyirdi. İgidi bura göndərənin də məqsədi vardı. Yoxsa illərə qoşulub getmək igid üçün nə çətin iş idi ki?
Bir gün İgid darıxıb dağa qalxdı. Nağıl dili yazı yazanın da üzünü ağardır. Bu dil yüyrək olmasaydı, mən də igidin beş il sərasər heç cür o dağın başındakı halını yaza bilməzdim. Sən də darıxardın, elə özüm də. İgid beş il beləcə üç cümləyə sığan bir səbirlə bir sal daş üstə oturdu. Və elə bir məqam gəldi ki, ya gərək o, peyğəmbər olaydı, ya da gərək bu dağdan özünü aşağı atıb öldürəydi ki, canı qurtarsın. Çünki İgid dərk edirdi ki, bu var olmada özgədir. Baş verənlərin üzü, adı, bir görünən tutacağı da yoxdur ki, tutub onları güclə dəyişmək olsun. Bütün bu baş verənlər elə bil igidin yaşamadığı bir başqa vaxt kəsiyində baş verirdi. Və igid bu vaxta, məntiqə və əxlaqa yaxın olsa da, elə bil başqa bir vaxtda, baş verən işlərin, başvermə vaxtının lap yanında olan özgə bir zamanda yaşayırdı. Və o bu olanları dəyişmək istəsə də bacarmırdı. Bilirdi ki, insanlar örnək istəyir. Düşüncəni dəyişən bir misal görmək istəyir. İgidliyin nə olduğunu, igidliyin necə olmasını yaşamaq istəyir. İgid bunu anlasa da, bu başıaşağı insanların içində onu da anlayırdı ki, igidlik rəqibsiz ola bilməz. Və bu gün onun igidliyini döyüşdə sübut etməsi üçün bir tutarlı rəqibi yoxdur. İnsanlar İgidə nə dost idilər, nə də rəqib. İnsanlar elə beləydi... Yeyirdilər, yatırdılar... və heç nə düşünmürdülər...
Amma sən nağılı, ələlxüsus da nağılçını da elə-belə bilmə. İgidi bir yerə göndərən onun rəqibini də gec-tez meydana çıxarmalıdır ki, insanlar və ən çox da özü darıxmasın. İgid bir səhər gördü ki, göydən yerə mavi işıq içində bir boz qurd düşür. Qurd yerə enən kimi adam balasıtək danışmağa başladı. Təkcə “r” hərfini düzgün tələffüz eləmirdi.
– Mən o qurdam. Sən məni də öldürüb igidliyi bir toxum kimi dünyaya səpə bilərdin. Amma gecikmisən... Təəssüf ki, məni bir dəfə öldürüblər. Sənin dilində danışan peyğəmbər daha heç vaxt yerə göndərilməyəcək. Sizə bir dəfə məni göndərmişdilər. Mənanı anlamadan tutub məni yediniz. Gör indi qurd olmayan peyğəmbərlərin başına nə oyun açarsız. Hələ mən qurdam, sizinlə bacarmadım. Sənin igid olmaqdan ötrü bir əlacın qalıb. Kürreyi-ərzdə, iri nəhrin içində bircə dənə diri əjdaha qalıb. Ondan iri, güclü və mənfi olan nəsə bu dünyada daha yoxdur. Ölüm onun yanında mələkdir. Sən ancaq onu öldürməklə dünyada igidlik dəbini sala bilərsən.
İgidin sevincdən qırışığı açılsa da, qurddan:
– Onu niyə öldürüm... O mənə neynəyib ki? – soruşdu.
Qurd:
– O sənə heç nə eləməyib,– dedi, – Sənin nağılın budur. O son əjdahanın da sənin kimi, əslində, böyük mətləblərə heç bir dəxli yoxdur. Siz mənanın açılması üçün rəmzlərsiniz. Dünyada igidlik dövrü başlanacaq. Sən də bu dövrü dəb salmaq üçün seçilmisən. Əjdaha səni döyüşdə öldürsə belə, yenə igidlik bir toxum kimi dünyaya səpiləcək. Sən örnəksən, misalsan. Sən döngəsən. Səndən adamlar dərs almalıdır. Sən ilk cəhdsən.
İgid qurdu son cümləsində qoyub nəhrə doğru qaçdı. Nəhrin suyu donmuşdu. İgid illərdir, içində nəhrin suyu kimi donmuş gücünü səsinə çevirib nəriltiylə əjdahanı səslədi. İgidin səsindən su şüşə kimi sındı. Şüşə suyun sınıqları altından ölçüsü, çəkisi bəlli olmayan çox iri bir nəsə İgidin gözü qarşısında göyə yüksəlməyə başladı. Bu dikələn nəsə beləcə altı ay dikəldi. Yeddinci ayın tamamında İgidə o dikələnin sözü də çatdı...
– Nənəm Sarı əjdaha öləndə mənə demişdi ki, səni bir igid öldürməyə gələcək. O sənin qismətin, yazındır, ondan qorxma. Birdən o igid sən olarsan ha.
İgid əjdahanın onu tanıdığına bərk sevindi.
– Düz deyirsən, mən sənin yazınam, – dedi.
Əjdaha igidin səsini yuxarıdan eşitmək istəsə də, eşidə bilmədi. Bir az aşağı əyildi ki, heç olmasa, onun nə dediyini kəsdirə. Bu əyilmənin havasından tufan qopdu. Nəhrdən əsən külək İgidin əlindəki qılıncı çevirib öz qarnına soxdu. Bu da sənə İgidin nağılı...
Amma tələsmə... Mən bu nağıl dili ilə sənə onu demək istəmirəm ki... biz devirə bilmədiyimiz qorxularımızın yanında çox kiçiyik. Mən onu da demirəm ki, iri əjdahanı göylər deyil, biz özümüz öz qorxularımızla şişirdib yaratmışıq. Mən onu deyirəm ki, nağıl burada bitmir. Bu nağılın tamam başqa və çox qəribə bir sonluğu var.
Öz qılıncından yaralanmış igid gözlərini açanda gördü ki, əjdahanın iri dəmir çarpayısında uzanıb. Əjdahanın özü də otaqdadır, qırmızı hamam xalatında oturub güzgülənir. Mizin üstündə iki şüşə albalı şirəsi var. Uzaqdan da həzin musiqi səsi eşidilir. Əjdaha İgidin özünə gəldiyini görüb gülümsündü. Onun sarı, iri dişləri leş qoxuyurdu. İgid taqətsiz olsa da, yazısını unutmamışdı.
– Məni öldürsən də, uduzmamışam. Səninlə savaşım baş tutmasa da, bu gündən insanlar igidliyimi öyəcək. Səninlə üz-üzə gəlməyim dünyanın havasını dəyişdi. İndi məna da dəyişəcək. Daha insanlar igid kimi yaşayacaq. Qorxu yenildi. Sənin nağılın da burada bitdi. Daha mənim nağılımın zamanıdır.
İgidin bu qəribə sözlərini əjdaha əvvəlcə anlamadı. O, dünyaya necə göründüyünü də bilmirdi. İgidə də rəqib kimi deyil, onun üçün çox xırda olsa da, bir erkək kimi baxırdı. Bilirdi ki, qarşısındakı adam son igiddir. O da son əjdahadır. Ondan hələ ki qorxmayan ilk canlı olan bu igidi əjdaha ilk baxışdan sevmişdi də. İgid isə əjdahanın yekə içindən xəbərsiz danışmağındaydı...
– Səni öldürsəydim də, ölüm məni haçansa öldürəcəkdi. Qanımı axıtmısansa, işini tamamla. Ölsəm də, daha rahat öləcəm. Mən İgidəm. Məğlub yaşaya biLmərəm.
Əjdahanın gözləri yaşardı. Düşündü ki... axı insanlar necə belə bəsit fikirlərini ali ədalət sayır. Bunun üçün hətta vuruşub asanca ölürlər də. Axı hamının, ən kiçik cücünün belə öz yazısı, öz ədaləti ola bilər. Amma bu ədalətlərin heç biri hamının ədaləti deyil. Görəsən, igid bu kiçik gücü ilə hansı igidlikdən danışır? İnsanlar bir küləkdən belə zəif olduqları halda nəyə görə qalib kimi yaşamaq istəyirlər? Bu onlara nə verir?
Əjdaha ayağa qalxıb güzgünün önünə keçdi. Mülayim baxışları ilə İgidi süzüb dedi:
– Yeddi min ildir ki, tənhayam. Hamı məndən qorxduğu üçün qorxu içindəyəm. Danışmağa belə bir kimsəm yox idi. Sənə kim deyib ki, məni öldürməlisən? Bəlkə, mən səni sevirəm? Nə olsun ki, iriyəm, Əjdahayam. Mənim də ana olmaq haqqım var... Son Yeddi min ildə məni axtarıb tapan ilk canlısan... De görüm, nə istəyirsən? Amma aydın danış...
Zəhmli əjdahanın səsi İgidə çox incə gəldi. Əjdahanın hərəkətlərində də bir naz vardı. İgidə bu təzad qəribə görünürdü. Dünyanın ən iri gücü belə incə ola bilməzdi. İgid əjdahadan...
– Sən erkəksən? – soruşdu.
Əjdahanın gözlərinin içi güldü.
– Danışığından heç nə anlamaq olmur, – dedi, – Mən erkək deyiləm, dişiyəm. Özü də yeddi min ildir, heç kimi öldürməmişəm. Öldürmək fikrim də olmayıb. Mən səndən ancaq uşaq istəyirəm. İgidlikdir, qorxaqlıqdır, insafdır-zaddır – o sizin nağıllardır. O yalanlar mənlik deyil. Mən nəslimin artmasını təmin etməliyəm... Gəl belə eləyək... Sən məni istəsən də, sevə bilməzsən... bu aydındır... Amma istəməsən belə, mənə uşaq verə bilərsən... Sən mən deyəni elə, mən də sən deyəni... Sevdamız baş tutsa, mən səni öldürməyib yenə suyun dibinə gedəcəm... sən də get, dünyaya “İgidəm” deyə öz nağılını söylə... Nə deyirsən? Razısan?
İgid:
– Mən səni öldürə bilərəm axı! – qışqırdı...
Sonra bir müddət keçdi.
İgid:
– Mən səni öldürə bilərdim, – dedi.
Bir az da vaxt keçdi...
Və igid... “Yox, bunun heç bir mənası yox imiş”, – pıçıldadı...
Ondan sonra nə oldusa, əjdaha İgidi sağ-salamat yenə dünyaya qaytardı.
Özü də söz verdiyi kimi nəhrin dibinə köçdü.
İllər sonra İgidin igidliyindən, əjdahanı necə öldürdüyündən cild-cild dastanlar yazıldı. Əjdaha ilə İgidin o son görüşündən sonra insanlar tamam başqa cür yaşamağa başladı. Hərə İgidi özünə uyğun düşündü. Özünə oxşatdı. Onun əjdaha ilə savaşını hərə bir cür yozub nağıl etdi. Olanlarla olmayanlar bir-birinə qarışdı. Nağıl ilə gerçəklik bağrıbadaş oldu. Hamının ruhunu dəyişən bir igidlik nağılı əmələ gəldi. Bu nağılın əslini sənə mən danışdım. Nağılını isə insanlar özlərinə uyğun uydurdular. O görüşdən sonra İgidin igidliyi yeni əxlaqa, insanların xilası üçün savaşa qalxıb qorxunc əjdahanı bir qılıncla yenməsi isə insan gücü rəmzinə çevrildi.
Eyni zamanda nəhrin dərinliklərində sakit və dinc sular içində savaşsız-filansız törəyib-artan minlərlə böyük və kiçik əjdahalar da indiyəcən onların babaları olmuş bir dinc igiddən sevgi dolu əfsanələr danışırlar... Onların nağılları, sənə deyim ki, sizin nağıllardan daha şirin və sevgilidir ha...
Görürsənmi? Sən də deyirsən, mənə nağıl danış... Biz nağıl danışa bilmirik ki... Biz nağıl danışmaq üçün çox hirsliyik... Əsas məsələ nağılları danışmaq deyil. Onları yozmaqdır. İki müxtəlif əxlaqın, düşüncənin təmasından doğan həyatı gördünmü? Gördünmü güc necə sevgiyə, yalan necə gerçəyə çevrilir? Budur bizim nağılımız, mənim balam... İndi nəyin nağıl, nəyin doğru olduğunu sən necə ayırd edəcəksən? Sən əjdaha balasısan axı, özü də buralarda yoxsan... Mən səni necə adam içinə çıxarım?..
https://www.alquiblaweb.com/2023/11/20/el-cuento-del-ultimo-heroe-de-orkhan-fikratoghlu/ |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...