Şahmarın hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “İzba çitalnya” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın rus dilinə tərcümə olunmuş “İtki” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə tərcümə müəllifi – Dinara Gərəkməzlidir.
Qeyd edək ki, 2007-ci ildə yaradılan və geniş oxucu auditoriyası tərəfindən izlənilən portal 2020-ci ildə Rusiyanın aparıcı internet-resursları siyahısına daxil edilib.
ŞAHMAR
(1939–1989)
· Yazıçı, publisist;
· Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib;
· A.Şaiq adına Dövlət Kukla Teatrında çalışıb;
· Kukla Teatrının səhnəsində pyesləri tamaşaya qoyulub;
· 1977-ci ildə yazdığı “Bir balaca səhv” hekayəsi ilə bədii yaradıcılığa başlayıb;
· “Elçilik” və “İtki” adlı nəsr kitabları nəşr olunub;
· Mirzə Fətəli Axundov adına ədəbiyyat mükafatına layiq görülüb.
İtki
(hekayə)
Neçə il idi Əkbərnən görüşmürdük? On il, on beş il? Bəlkə də, çox, bəlkə də, az. Bilmirəm. İndi kim mənə desəydi ki, burda, bazarın gur yerində, bu saat, bu dəqiqə, on metr qabaqda, piştaxtanın arxasında gilas satan Əkbəri görəcəksən, görüşəcəksiniz – inanmazdım.
Gilasın qeyri-adiliyini, iriliyini, ağlığını, qırmızılığını, gözəlliyini, qəşəngliyini (bəh, bəh) uzaqdan gördüm, görən kimi də… Bilirdim ki, gördüyüm gilas bahadır, almayacağam, qiymət-filan soruşmayacağam. Amma getdim gilas satılan yerə, getdim elə-belə gilasa tamaşa etməyə, baxmağa. Gözələ baxmaq savab… Baho, kimi görsəm yaxşıdır? Əkbəri. Qucaqlaşdıq. “Ayə, necəsən, ə?” “Yaxşıyam, ayə.” “Sən hara, bura hara?” (o gülə-gülə gilası göstərdi.) “Yaxşı, şəhərə – bazara demək istəyirdim – gələ bilərsən, bizə gələmmirsən?” “Gəlmişdim.” “Bizə?!” “İş yerinə. Dedilər Lənkərandasan.” “Hə-ə, keçən il qastroldaydım orda.” – Suçlu adam kimi dilləndim. O gələndə Lənkəranda olduğum üçün sanki günahkardım.
Gələn-gələn gilasın qiymətini soruşur, sahibini – Əkbəri gözləyirdi.
– Torban varmı? – Onun səsində yalan, sünilik yoxdu, əksinə, tələb vardı, hökm, əmr, ərk vardı. “Neynirsən?” “Uşaqlara gilas…” “Yox, yox, yox…” “Hə, hə, hə…”
Bazardan çıxanda əlimdəki torbanı xəlvətcə, sevinclə sanballayır, düşünürdüm ki, dörd kilo olar. Çox olar. Beş kilo? İyirmi manat irəli düşmək. Əstəğfürullah.
Bilirdim, başa düşürdüm ki, belə düşünmək, fikirləşmək pisdir, yaxşı deyil, əclaflıqdır. Nə eləyim bə? Düşüncələrimlə, fikirlərimlə mən çoxdan bacarmıram, onların öhdəsindən gələmmirəm.
Bir də irigözlü, arıq (arıqlıqda anasına çəkib) oğlum çərəzi dünyada hər şeydən çox sevir. Uşaqlıqda, bəlkə, mən özüm də onun kimi olmuşam. Yəqin. Ola bilər. Nə bilim.
Gilas dolu torbanı stolun üstünə qoydum. Dedim, buyurun, nuş eləyin, sizi quru yerdən tapmamışam ki.
Arvadımın heyrət, təlaş dolu gözlərini görəndə:
– Qorxma, – dedim, – kefli-zad döyləm, pulları da xərcləyib, kökünə daş atmamışam.
Gilası? Gilası qardaşağam verib. Əkbər. Hansı Əkbər? Ucaboy, enlikürək, alnıaçıq. (Zarafat.) Sarı Əkbər. Pa atonnan, indi məni də tanımyacaq. Onun haqqında yüz dəfə demişəm ki sənə. Uşaqlıq dostum, qardaşağam. Hazırlıq gör, sabah yox, biri günə qonaq çağırmışam onu.
Tanışlar, qonşular deyir ki, sən yaxşı kabab çəkirsən. Mən özüm də elə özüm haqda bu fikirdəyəm.
İki kilo yaxşı qoyun əti aldım. Bud əti, qabırğa və bir-iki tikə də döş əti, – qəssab tanışımdı. Kababın iyi ərşə bülənd olanda, qonşular uşaqlarını çağırıb evə dolduranda özümə, arvadıma, həyata qarşı ürəyimdə, beynimdə hirs oyanan anda Əkbər gəldi. Gülə-gülə, sinəsini irəli verə-verə, gözlərindən aydınlıq, təmizlik, ötkəmlik yağa-yağa. İşləri xod gedən adamların gözlərində daim belə ifadə olur.
O, on bir yaşlı utancaq oğlumu göstərib, xəbər aldı:
– Çingiz budumu, ə?
– Hə.
Əkbər oğlumun üzündən öpüb:
– Ə, kişiqırığı, nətəhərsən, ə? – Kefini, yaşını, neçənci sinifdə oxuduğunu soruşandan sonra gətirdiyi kağız bükülülərini ona verdi. – Apar, evə qoy.
Onun ikinci oğlumdan xəbəri yoxdu hələ. İkinci, kiçik oğlum dünyadan, adından, dədəsinin, anasının onu necə istəməsindən xəbərsiz, balaca çarpayısında mışıl-mışıl yatırdı.
Əkbər mənim kabab dəstgahıma, canfəşanlığıma baxa-baxa:
– Nə zəhmət çəkirsən, – dedi. Mən çörək yeyib gəlmişəm.
İnciyən kimi oldum. Ürəyimdə: “Bizə gələcəyini bilə-bilə bə niyə yeyib-içirdin”. Bərkdən: “Zərər yoxdur, ikinci dəfə qardaşağanın evində yeyib-içsən, nə sənə ağırlıq eləyər, nə bizə”, – dedim.
Güldü, güləndən sonra buyurdu ki, onda eşikdə oturaq.
– İçəridə süfrə hazırdır, – bunu arvadım dedi.
Arvadımın xasiyyətinin bir cəhətindən çox razıyam. Hansı vədə olur-olsun, istər gecə, istər gündüz, qapımızı kim açır-açsın, istər qohum, istər yad, qonağa cani-dildən qulluq eləməliydi. Eləməliydi yox, eləyirdi. Ləzzətlə, məmnun-məmnun fikirləşirdim ki, bu yüz əlli faiz mənim tərbiyəmin nəticəsidi. Ancaq hərdənbir oyanmış vicdanımın qarşısında sıxılmamaq, özümü öz gözümdə ədalətsiz görməmək, arvadımı gözümdə qaldırmaq üçün fikirləşirdim ki, tərbiyədən, öyüddən ayrı, insanın qanından, canından, damarından savayı, cibində də nəsə olmalıdır. (Rəhmətlik Yaralı Muxtar da sağ olsaydı böyük, hər biri para çörək tutan ciblərini çevirib deyərdi, vallah, ciblərim bomboşdur, heç nə də yoxdur, əgər ciblərim boşdursa, deməli, kəlləm də…)
Arvadımın səliqə-sahmanı olan stolun başına keçəndə, Əkbər körpə oğlumu gördü. Daha doğrusu, o əyləşmək istəyəndə nəyəsə bərkdən güldü, mən qorxa-qorxa uşağa tərəf baxdım ki, oyanar birdən. (İşıq haqqı qəsdən baxmadım.) Elə bu vaxt Əkbər mənim baxışımı tutdu və uşağı gördü.
– Allahsız, ikincidirmi?
O, uşağın üzünü yaxşı görmək üçün beşiyin üstə əyildi.
– Neçə aylıqdı?
– İyirmi günün içindədi.
– Bah, – o donuxdu: – Ə, bə mənə niyə deməyibsən? “Uşağın qırxı çıxmamış üstünə gəlməzlər, sədəmə toxunar, nəzərrənər, qonaq qədəmini içəri qoymamış gərək uşağı bayıra çıxardasan və s…”
– Ə, mən elə şeylərə fikir verən deyiləm.
– Yox, elə demə.
Əkbər cəld əlini cibinə saldı, bir qalaq pul çıxartdı və göy bir əllilik ayırıb uşağın yorğanının üstünə qoydu.
“Ə, lazım deyil, nə elədiyindi, ə, bəsdi, biabır eləmə bizi, yaxşı deyil, üzünə baxmaram sən öl, nə bilim nə, nə…”
Bilirdim ki, heç vaxt nə Əkbərin, nə arvadımın, nə beşinci sinfə keçmiş oğlumun fikrinə gəlməz ki, mən Əkbəri qırxı çıxmamış uşağın üstünə elə bu əlli manata görə çağırmışam. Mənim də ağlıma, ürəyimə gəlməzdi, gəlmədi də, ancaq… Gözümdəmi, əlimdəmi, nəfəsimdəmi, məndən kənardamı, mənim özümdəki (bilmirəm, bilmirəm) bu fikir-sual. “Sən Əkbəri elə bu əlli manata görə çağırmısan?” – müstəqil, amansız, dəhşətli şəkildə mövcud idi.
Bu fikir-sual, yaxşı fikir-sual deyildi. Bu fikir-sualı unutmaq, üstündən qələm çəkmək üçün araq içmək lazım idi.
Əkbər dedi, mənə az süz, içmişəm bayaq. “qardaşağanın küməsinə xoş gəlmisən” – bir qədəh, “həmişə sən gələsən” – yenə bir qədəh…
İndicə kövrələcəydik, uzaqda qalmış xatirələri ipə-sapa düzəcəkdik.
Mən birdən anladım ki, üzümü Əkbərə tutub danışa bilməyəcəyəm. Əkbər bunu məndən qabaq başa düşmüşdü deyən. Yəqin, elə ona görə də o, arvadıma müraciətlə dilləndi:
– Ağabacı, bilirsən mən İsmayılnan havaxtdan dostam, qardaşağayam? İ-i-i… – üzünü mənə çevirib, dəyişmiş səslə xəbər aldı: – Ayə, neçə ildi sənnən qardaşağayıq?
Onun bu sualında, sualının ahəngində doğmalıqdan, ərkdən özgə də nəsə vardı. Böyüklükmü deyim, üstünlük, dambatlıqmı… “Bəli, beş kilo gilas, əlli manat pul, – acı-acı düşündüm. – İndi adama salamı da havayı vermirlər”.
Qarasına dilləndim:
– Dürüst yadımda deyil. Səkkizinci, ya doqquzuncu sinifdə oxuyanda tanış olmuşduq deyən.
– Ə, yox, ə, – səsində, başını geri eləməyində, gözlərinin oynaq parıltısında üstünlük özünü büruzə verir, bilinirdi.
Yaxşılığı pislikdən tez dərk eləyən oğlumun, ərinə həssasdan həssas olan (tək məhəbbətindən yaranmamışdı bu) arvadımın yanında Əkbərdə belə üstünlük olmayaydı gərək. İndi əvəzini çıxacaqdım.
– Ağabacı, altıncı sinfi bitirib yeddinciyə keçmişdim. Yaylaqdaydım. Aran yolunun altında heyvanları otarırdım. Bir də gördüm eşşək qabağında, mən yaşda, mən boyda bir oğlan gəlir. Özü də dörd bir yana boylanmağından görünür ki, qorxur, pəsinir. Mənim də əlimdə, Həzrət Abbas haqqı, bir kərməşöy ağacı var, uzunluğu iki özüm boyda. Öz-özümə dedim, indi bu oğlanın kürəyinə bir ağac çəkəcəm (ölmüşdü Xandadaş), eşşəyini qoyub qaçacaq. Yaxınlaşıb yolun qırağında hazır dayandım. Oğlan mənə çatar-çatmaz bərkdən:
– Ə, kimsən, ə? – dedim.
Özüm bilə-bilə səsimi qaldırdım ki, bu uşaq, bu oğlan incisin məndən, cavab qaytarsın, mən də ağacı qaldırım düşüm canına. İncimək-zad nədi, oğlan dönüb yazıq-yazıq dedi ki, Balçılıdan gəlirəm, Balçılıda oluruq, Balçılıyam mən.
Soruşdum ki:
– Eşşəyin də Balçılıdımı, ə?
Dedi ki, hə.
Sonra da boynunu burub yalvarmağa başladı ki, sən mənim əmim oğluna oxşayırsan, gəl dost olaq. Mənim də ürəyim yumşaldı, qollarım yanıma düşdü, dedim, gəl olaq. Həmən o oğlan, bax, bu İsmayıldı.
Əkbər güldü. Onun uşaq kimi saf, təmiz gülüşü adamın xoşuna gəlirdi. Düşündüm ki, dost, bu gülüş də səni mənim əlimdən qurtara bilməyəcək.
Dedim, sən danışıb qurtardın, indi də mən danışım.
Kiçik bir haşiyə. Mən, Əkbərin gözlərinə baxıb danışa bilməyəcəkdim. Arada uzun vaxt səhralığı vardı. Arvadıma da baxıb danışa bilməyəcəkdim. Tale, bəxt söhbətlərindən tutmuş xırda məişət söhbətlərinə kimi bütün söhbətləri, biz bir-birimizə yox, ortaya demişdik həmişə.
Ona görə də qabağımdakı nimçəyə baxıb danışmağa başladım.
– O vaxt bizim yaylağımız sizin yaylaqdan yuxarı, Soyuqbulaqdaydı. Özü də Balçılıqdan-zaddan gəlmirdim o gün. Bunu yalan deyirsən, uydurursan özündən. Meşənin fızıllığında, meşəbəyindən gizlin, beş-on pərdi kəsib yığmışdım, dan yeri ağaranda ulaqlara sürütdəmə qoşub aparacaqdım arana. İşimdən, yorğunluğumdan razı fışqırıqlaya-fışqırıqlaya dəyəmizə gedirdim. Nədənsə, o yay özümü, kəndimizə gələn pəhləvan kimi güclü-qüvvətli hesab eləyirdim. Hamıya, hər şeyə, qocalmış nənəmə, qurumuş ağaclara, malların, qoyunların dırnaqları altında tapdaq-tapdaq olub bulanmış çeşməyə, axsaq atımıza, göyün genişliyində başını itirmiş buludlara yazığım gəlirdi. O axşam yenə ürəyim üstümdə durmur, şadlıq qarışıq, səbəbindən özümün də baş tapmadığım şirin kədər, iztirab içində çırpınırdı. Bax, elə bu dəm səni gördüm. “Gördüm” sözü əsl mənanı vermir. Beynimdə, ürəyimdə yaranan bir topa işıq birdən səni bürüdü və sənin qiyafən, görkəmin ömürlük yaddaşımda qaldı. Həm də o vaxt sənlə, sənin görkəminlə bağlı məndə yeni bir fikir yarandı. Bu fikrə kəşf də demək olar, vallah. (gül, gül). Necə idi onda sənin qiyafən? Deyim, deməyim? Sən onda yemişan kolunun yanında durmuşdun (Qurumayıbsa, kəsməyiblərsə, o yemişan kolunu indi də göstərə bilərəm). Boynunu çiyinlərinin arasına qısıb baxırdın, başında da gözlərinin üstünə düşmüş köhnə, iri papaq vardı. Sortovun (pencəyin), şalvarın elə bozarmışdı ki, havaxtsa onların təzə olmasına inananlar vardı. Ayaqlarında çarıq. Bu, sənin ümumi görkəmin. Xüsusi görkəminə gəldikdə, onu iki yerə bölmək olardı. Necə ki bir ölkəni iqlim şəraitinə, torpağına görə iki yerə bölürlər ha, bax, o cür. Elə mənim kəşfim də (belə demək caizsə) bu bölgüylə bağlıdı (gül də, niyə gülmürsən?). Sənin sağ və sol tərəflərin (böyürlərin yəni) və bu tərəflərin – böyürlərin fərqi. Mən bu fərqi o dəqiqə gördüm. Görməyə də bilərdim, necə ki biz hərdən, hərdən yox, lap çox vaxt, çox vədə çox şeyi görmür, görməzliyə vurur, düz keçirik. Lakin bu fərqi görməmək üçün kor olmaq lazım idi və mən bu fərqi görəntək heyrətə gəldim, desən, hələm bir az da sarsıldım. Yox, yox, elə bilmə, elə güman eləmə ki, sənin bir çiynin o birindən hündür, o biri də bu birindən aşağıydı. Deyirəm ki, Allah eləməmiş, bir gözün sağa baxırdı, biri də sola, biri dağa, biri də arana (Arana, baxırmış, bəlkə? Yəqin, baxırmış). Yox, yox, fərq ayrı şeydədi. Sənin sağ tərəfin – yəni sağ böyrün, sağ çiynin, sağ qolun, sifətinin sağ tərəfi (gərək deyəydim sağ qulağın da) sol tərəfindən – sol böyründən cəsarətliydi, qoçaqdı; sağ gözün sol gözünə nisbətən düz baxırdı, qıyılmışdı, giləsi tərpənmirdi. Sol böyrün, sol gözündən tutmuş, sol ayağına kimi mağmındı, əlacsızdı, qorxaqdı. Bir haya bənddi, ilim-ilim itəcəkdi. Onu saxlayan, uçmağa-qaçmağa qoymayan sağ böyründü (yazıq sağ böyür). Bilmirəm, fikir vermisənmi, adam vuruşmağa, dalaşmağa gedəndə həmişə sağ çiyni üstdən dönür, sağ çiynini irəli verib gedir. Qorxub qaçanda isə sol çiyni üstdən dönür. Həm də sənin sol tərəfin – sol böyrün kasıbdı, paltarının sol tərəfindəki yamaqlar daha böyükdü, şalvarının sol balağı, sortovunun sol ətəyi sağınkına nisbətən qısaydı, üzülüb əldən çıxmışdı tamam. Soldakı gözün iriydi (yenə də iridi) və bütün dünyanın qorxusu-hürküsü sənin bu gözünə dolmuşdu. O vaxtdan bir sual həmişə məni narahat eləyir, düşündürür. Niyə, nə üçün insanın sol tərəfi, sol böyrü belə qorxaqdı, cəsarətsizdi, qıpıqdı. Bəlkə, instinkt olaraq ürəyimizi qoruyuruq, bəlkə, beynimizin sol yarımkürəsi ətraf şəraitə, mühitə qarşı daha həssasdır? Amma onda, o anda sənin sağ böyrünlə sol böyrün arasında amansız mübarizə – ölüm-dirim mübarizəsi gedirdi. Sol böyrün deyirdi, qaçaq, sağ böyrün deyirdi, dayan. Bu mübarizədə kimin qalib gələcəyi, zəfər çalacağı məndən asılıydı. Onda, orda çol tərəfinə – sol böyrünə həm yazığım gəldi, həm də bərk acığım tutdu. Ürəyimdə onu möhkəm yamanladım, dedim, bu nə həyatdı, bu nə gün-dirrikdi, a sol böyür, sənə baxıram, vallah, əl-ayağım yerdən üzülür, az qalıram gedim çatını salım boynuma… (Əkbər şaqqıldadı. Bu şaqqıltı təmizdən-təmizdi. Nə üstünlük, nə böyüklük… Belə ha!) Sağ böyrünə yazığım gəlmədi, yox, eləcə ona hayıfsındım. Necə ki, çıxılmaz vəziyyətə düşmüş igid. Amma hayıfsınırlar ha, bax, o cür. Çünki sol tərəf – sol böyür (ay namərd sol böyür) qoymayacaqdı sağ böyrü dinc nəfəs almağa, didəcək, boğaza yığacaq, çürüdəcəkdi. Hiss etdim ki, bu dar ayaqda sağ böyrə kömək etməmək kişilikdən döyül. Ona görə də onda, orda sənin sol böyrünə ürəyim yandı, nahaqdan döyülüb-söyülmüş kiçik qardaş kimi onu oxşamaq, ürək-dirək vermək istədim, dedim, nədi, ə, Yanıq Kərəm üstə oxudum ki, ayə, gəl dost olaq, a qərib böyür, a köyrək böyür.
Əkbər güldü. Necə, nə təhər, hansı çeşiddə – deyəmmərəm, çünki… danışdığım yarıgerçək, yarıuydurma əhvalat ruhumdamı, xəyalımdamı, fikrimdəmi nəyisə tərpətmişdi. Elə bil uzun illər bundan qabaq ötəri gördüyüm (həm də qorxduğum) yuxunu, hansı möcüzəyləsə yenidən xatırlamışdım.
Bu duyğunun bitdiyi anda Əkbərin səsini eşitdim.
– Ə, sən şairsən, – dedi və tələsik dodaqlarını dəsmalla sildi. – Ağbacı, ağbacı, sənə bir əhvalat danışacağam. Bayaqkı heç, bayaqkı zarafatdı. Heç yadımdan çıxmaz. İyirmi il bundan qabaq xalamın gözünün ağı-qarası, cavan oğlu bərk xəstəydi. Sağalmaz dərdə düçar olmuşdu. Bir gün yanına gedəndə ağlaya-ağlaya gileyləndi ki, məni Bakıya aparmadılar, yoxsa sağalardım. Birtəhər oldum. Dedim, hazırlaş, sabah səni Bakıya aparacağam. Anam, qohum-qardaş (xalamdan başqa), hamı qınadı məni, dedilər, nə özünə, nə də o yazığa əziyyət vermə, havayı işdi. Dedim, heç olmasa, son arzusu gözündə qalmasın. Ertəsi gün yola düşdük. Yazığın görünüşü eləydi ki, adam qorxurdu. Dik qalxmış yanaq sümüklərinin sarı dərisi deyirdin cığara kimi üzüləcək bu dəqiqə. Dərində, çökəkdə halqalanmış gözləri qorxulu-qorxulu közərir, işarırdı. Vaqonda adam az olduğuna görəmi, ya rəhmətliyin qorxunc görkəminə görəmi, Bakıyadək yanımızda heç kəs oturmadı. Bələdçi də elə aralıdan soyuq-soyuq soruşdu ki, biletiniz varmı? Maşın tutub xəstəxanaları gəzəndə başa düşdüm ki, xalaoğlunu nahaq gətirmişəm. “Qəbul vaxtı bitib, sabah, sabah…” – deyirdilər. “Napravleniye” istəyirdilər. Mehmanxanalar bundan da betər. “Yerimiz yoxdur”, – deyirdilər. Xalaoğlunun halı xarablaşmışdı. Titrəyib qızdırır, öskürəkdən ikiqat olurdu. Neynim deyən yerdə, birdən əmim yadıma düşdü. Şoferə dedim, filan yerə sür. Sürdü. Onun haqq-hesabını verib, xalaoğlunun qolundan yapışıb, gəldim əmimgilə. Əmim o vaxtlar vəzifəli yerdə işləyirdi. (İndi? – Əkbər güldü. – İndi cındırlar trestinin müdiridir). Arvadı vardı, adı Zinyət xanım. Əmim onu xanım yox, xatın çağırardı. Qapını bizə Zinyət xanım özü açdı, xalaoğlunu görəntək qapını örtdü və başladı qapının dalındanca biznən danışmağa. “Əmin evdə yoxdur, bacımgil bizdədir, xəstəyəm, zobum qalxıb, televizorumuz göstərmir, bacım oğlunu əsgər aparırlar, gecənin bu vaxtı və s.”
Pilləkənləri asta-asta enirdik, ürəyimdə də özümü danlayırdım ki, maşını nahaq buraxdım. Blokdan çıxanda gördüm maşın yerindəcə dayanıb. Qapını açıb, xalaoğlunu otuzdurandan sonra şofer soruşdu ki, indi hara sürüm? Dedim, bilmirəm, bajıoğlu, bu şəhərdə gumanım gələn axırıncı qapını indicə döydüm. Daha elə bir yer qalmayıb, bəlkə, sən elə bir yer tanıyırsan? “Yox, tanımıram”, – dedi. Bax, elə bu zaman İsmayıl yadıma düşdü. Ağabacı, Allah haqqı, o anda bir milyon pul tapsaydım, elə sevinməzdim. Sür, dedim, şoferə, sür bu ünvana. Gəldik, gördük İsmayıl hələ yatmayıb, oturub kitab oxuyur. Onda İsmayıl Vaqif küçəsində, köhnə əsgər məktubları təki üçkünc, dar bir otaqda kirayədə yaşayırdı. Balaca stolu, köhnə, cırıldayan divanı vardı. Xalaoğlunu gətirib uzatdıq (indi uzatmayaq) divana. Üstünü yorğannan, adyalnan basdırdıq. İsmayıl hardansa yarım litr süd tapdı, isidib içirtdik xalaoğluya və bir azdan o tərlədi. Tərləyən kimi də yatdı. İkimiz də səhərədək çimir eləmədik. Xəstə inildəyib oyandıqca ona gah süd, gah çay, gah da isti suynan bəhməz qarışdırıb verirdik. (Allah sənə rəhmət eləsin, ay Urquya nənə, qəbrin nurla dolsun. Tələbəlik illərində göndərdiyin o banka-banka bəhməz əlimdən çox tutub.) O gecənin səhəri İsmayıl özü də nədənsə imtahan verməliydi. Düzdümü, ə? (Başımı tərpətdim). Stolun üstündə də qırıq güzgü parçası vardı, üzü qəzetlə örtülü. Soruşdum ki, güzgünü niyə örtmüsən? Utandın, dedin ki, heç. Fikirləşdim ki, dərs oxumağına, çalışmağına mane olur, yəqin, ona görə güzgünün üzünü örtmüsən. Heylədimi ə? (Yenə başımı tərpətdim.)
Səhər xalaoğlunu aparıb Respublika Xəstəxanasına qoyduq. Bir həftədən sonra isə (o, ah çəkdi) onu xəstəxanadan çıxartdım. Həkimlər dedilər, yazığın son nəfəsidir, apar, heç olmasa, öz yerində-yurdunda ölsün. İki gündən sonra canını tapşırdı. Öləndə yanındaydım. Dedi, xalaoğlu, gedirəm, köçürəm bu dünyadan. Mələklər məni çağırır. Amma borclu gedirəm. O Bakıdakı dostuna deyərsən, halal eləsin məni… İsmayıl belə İsmayıldı, Ağabacı. Arzu eləyirəm ki, onun oğlanları da hər cəhətdən dədələrinə çəksinlər, dədələrinə oxşasınlar.
Bu sözlər mənim də, arvadımın da, oğlumun da ürəyinə sarı yağ kimi yayıldı.
Əkbər sağollaşıb gedəndən sonra arvadım:
– Dostun yaxşı adamdır, – dedi.
Onun gözlərindəki işıq, məhrəmlik həm də mənə onu deyirdi ki, sən özün yaxşı olduğuna görə, dostun yaxşı adamdır.
Mən oğluma baxa-baxa:
– Əlbəttə, – dedim.
Gecə saat on iki oldu, bir oldu, gördüm yata bilmirəm, durdum çıxdım bayıra. Əkbər nəyə görə bu yalanı uydurub danışdı? Yoxsa dolayırdı məni? Yox, nə səsində, nə gözlərində gizli bir məna, istehza görmədim. Bəlkə? Nə bəlkə? Yəni o günə qalmışam ki, o, məni arvadımın, oğlumun gözündə qaldırmaq istəyirdi? Belə bir əhvalat olmayıb axı? Olmayıb. Qəti olmayıb.
Öz-özümü sakitləşdirmək üçün, əlimi dizimə vura-vura:
– Dayan, – dedim, – dayan.
Bəlkə, Əkbər məni kiminləsə dəyişik salır? Bəs onda o, mənim tələbəliyimi görməyə-görməyə ünvanımı, evimin formasını, cırıldayan divanı (o divan yadıma düşəndə, böyürlərim indi də ağrıyır), südü (hər gün yarım litr süd alırdım), bəhməzi hardan bilir? Onu da düz dedi ki, mən imtahanlara daim gecələr hazırlaşırdım. Bəs qırıq güzgü, güzgünü qəzetlə örtməyim? Niyə ortürdüm güzgünü? Güzgünü ona görə örtürdüm ki, o zaman sol gözümün əcaib iriliyini, sağ gözümün qıyıqlığını (elə bil nişangaha baxırdım) görməyim. Düzdümü? Ancaq Əkbərin danışdığı, söylədiyi əhvalat olmayıb. Dünyadakı bütün müqəddəslərə and içərəm ki, olmayıb. Yaddaşımız, xatirələrimiz zehnimizin, idrakımızın hüdudundan qıraqda deyil. Şüurumuz sönənə kimi onlar bizim ixtiyarımızdadır. Elədimi? Elədi. Lakin (təsadüf, təsadüflər) mümkündümü ki, havaxtsa gördüyümüz bir yuxu, başımıza gələn bir əhvalat yadımızdan çıxsın, yaddaşımızdan silinsin? Sonra nə qədər zehnimizlə əlləşək, vuruşaq, o yuxunu, o əhvalatı xatırlaya bilməyək? İşdi-şayətdi (şeytanın qıçını sındırmış olsaq) yadımıza düşsə əgər (olmayan əhvalat necə yada düşə bilər? Bəs təsadüf? Təsadüflər?), elə bilək ki, elə zənn edək ki, bu əhvalat bizim başımıza gəlməyib, başqasının başına gəlib.
Bu yuxunu mən görməmişəm. Görməmişəm. Bəlkə, görmüşəm? Onda bu, mənim yuxum deyil.
Niyə?
Ancaq mən, qırx üç yaşlı indiki İsmayıl istəyirdim ki, Əkbərin danışdığı o əhvalat, nolaydı iyirmi il bundan qabaqkı o cavan, sağlam, güləş (güləşmi?) bir oğlan olan İsmayılın başına gələydi. İyirmi il bundan əvvəlki İsmayıl da (ə, qağa, hardasan, ə?) ömrünün axırına kimi (yəni mən – indiki İsmayıl) bu əhvalatı unutmayaydı (başını min iş qatsa da), yaddan çıxartmayaydı.
Nəyi?
https://www.chitalnya.ru/work/3668009/ |
VƏ DİGƏR...
-
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın...
-
Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...