“Macar etüdləri” kitabı nəşr olundu

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – Turançılıq ideyasının geniş miqyasda yayılması və bərqərar olması işinə xüsusi töhfələr vermiş tanınmış macar alimləri və elm korifeylərinin həyat və fəaliyyətini əks etdirən “Macar etüdləri” kitabı işıq üzü görüb.
Görkəmli filoloq, professor Vilayət Quliyevin təhlil və araşdırmaları əsasında ərsəyə gətirilmiş kitab macar-türk əlaqələrinin mənəvi yaxınlığının tarixi köklərindən bəhs edən “Hun-türk qurultayı və Macarıstanda turançılıq”, “Macarları özlərinə tanıdan alim”, “Macar türkologiyasının ikinci adamı”, “Budapeştdə türk ellərinin elçisi”, “Avropa türkologiyasının son mogikanı”, “Macar nəsrinin sevilən “türk povesti” kimi maraqlı faktlar və hadisələrlə zəngin fəsillər üzrə tərtib edilib.
Kitabın ön sözünün müəllifi – Vilayət Quliyev, redaktoru – İradə Musalıdır.
Ön söz
Azərbaycan dövlət başçısının sərəncamı ilə Macarıstana səfir təyin ediləndə bu Mərkəzi Avropa ölkəsində on bir il qalacağımı və on bir ilin hiss olunmadan ötüb keçəcəyini ağlıma da gətirməzdim. 2010-cu il iyunun 5-də Budapeştə gəldim. On bir il iki ay beş gün sonra isə əzəmətli macar paytaxtını tərk etdim. Başqa sözlə desəm, həyatımın az qala yeddidəbir hissəsini dost ölkədə keçirdim.
Təbii ki, illərin sezilmədən, kosmik sürətlə bir-birini əvəz etməsinin səbəbləri müxtəlifdir. İlk sırada diplomatik fəaliyyət üçün səmt küləyi rolunu oynayan zəruri anlaşma mühiti, əməkdaşlıq və iş birliyi ab-havası dayanır. Ölkənin və xalqın ürəyəyatımlılığı, maraqlı insanlarla təmas, yeni dostlar, səyahət imkanları və s. amillər də zamanın hiss olunmadan keçməsinə öz təsirini göstərir. Nəhayət, elmi və ədəbi-bədii yaradıcılıqla məşğul olanlar üçün isə hər yeni ölkədə mövzu, tarixi əlaqələr və problematika baxımından tamamilə fərqli üfüqlər açılır.
Polşada səfir kimi çalışdığım altı il ərzində ölkənin arxiv və kitabxanalarından topladığım və əksəriyyəti elmi dövriyyəyə ilk dəfə daxil edilən materiallar əsasında “Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən. 1930-cu illər” (Torun, 2010; rus dilində), “Polşa tatarları Azərbaycanda” (Torun, 2011; rus dilində), “General Masey Sulkeviç” (Varşava, 2018; polyak dilində), “Polyaklar Azərbaycan Demokratik Respublikasında” (Varşava, 2018; polyak dilində) kimi kitablar və çoxsaylı məqalələr hazırlayıb çap etdirmişdim.
Bir məsələ vardı ki, vaxtilə Azərbaycan kimi Polşa da işğala uğrayıb Rusiyanın tərkibinə qatılmışdı və bu da öz növbəsində hələ XIX əsrin əvvəlindən iki ölkə arasında əlaqələrin inkişafına təkan vermişdi. “İsti Sibir” adlandırılan Qafqazda, eləcə də Bakıda böyük polyak icması mövcud olmuşdu. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Polşa Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan siyasi mühacirətinin mərkəzlərindən birinə çevrilmişdi. Yəni bu ölkədə tariximiz, ictimai-siyasi fikir və mədəniyyətimizlə bağlı mövzu qıtlığı yox idi, təki işləməyə istək və vaxt olaydı...
(ardı “Macar etüdləri” kitabında)
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“BookZone” kitab evi
“Çıraq” kitab evi
“Çinar” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.
-
Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...