Sevinc Çılğının şeirləri Türkiyə portalında
Türkiyənin “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Sevinc Çılğının türk dilinə uyğunlaşdırılmış “Adagio” və “Səndən ibarət” şeirlərinin yayınına başlayıb. Şeirlər türk dilinə – Dövlət Tərcümə Mərkəzinin türk dili mütəxəssisi Sənan Nağı tərəfindən uyğunlaşdırılıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portalın Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini mütəmadi şəkildə işıqlandıran xüsusi səhifəsi yaradılıb.
ADAGİO
Adagio
sən mənim taleyimin soundtrekisən
sakit axan gözyaşlarımın səsi
kədərli gülüşlərimin ahəngi
çırpındıqca çırpınan ürəyimin döyüntüsüsən
Adagio
sən mənim həyatımın fonunda həmişə varsan
və sən olduqca
mən burda və indi olsam da, başqa zamanda, başqa məqamda yaşayıram
Adagio
sən mənim deyə bilmədiklərimsən
susduqlarımı hayqıran
hayqırdıqlarımı pıçıldayan
pıçıldadıqlarımı özümə qaytaran
sənin qədər heç nə mən deyil
heç nə bu qədər mənim deyil
taleyimin ən kəskin döngələrində
alnıma yazılanların pozulmayan həqiqətində
savaşdığım
çırpındığım
üz-üzə gəldiyim özümdə səslənirsən
Adagio
səndə hüzünlü, ağrılı,
yorğun sevinclərimin ritmi var
həmişə
hər yerdə
qulaqlarımda
dodaqlarımda
keçmiş və keçməmiş dünənimdə
gələcəyinə ümidim olmayan gələcəyimdə
içimdə
ömrümün ard-arda düzülmüş ağrılarında
uzun, ağır və cingiltili violançel süzülür
yanaqlarımdan dodaqlarıma süzülən susduqlarım kimi
Adagio...
gedənlərin himni
qalanların matəmi
dəfn olunmuş eşq
yaşanmamış ömür
və indi xatirəyə dönən hər şey...
Adagio
sən mənim həyatımın soundtrekisən
başdan sona...
susma
mən səninlə getmək istəyirəm sona...
susma…
SƏNDƏN İBARƏT
İçimdə itirdiklərimi çöllərdə aradım
səhra qumdan, mən səndən ibarət
Məcnun deyiləm, amma çöllərə düşdüm
yad ellərə, əllərə düşdüm
baxdım gördüm sən yoxsan... mən tozdan ibarət
Sevmək üçün gecikdim, amma ölmək üçün də çox tez
sevdiyim, səni içimdə öldürmədən yola davam etmək haram
dəvələr avarə yollarda, bu yol səndən ibarət
Səni sordum Məhəmmədə,
səni İsaya sordum.
Yandırdım adına bir şam
adın dilimdə duam
dizinə baş qoyduğum,
izinə baş qoyduğum,
gəl gör kafir olmuşam, allah səndən ibarət...
|
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...