Vaqif Bayatlı Odərin şeirləri Almaniya ədəbiyyat portalında

Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin alman dilinə tərcümə edilmiş “Hər kəsdən çox”, “Uşaqlar və hərflər” və “Gül düzəldirəm adamlardan” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas alimi Kerstin Krapsdır.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Vaqif Bayatlı Odər
(1948)
– Şair, tərcüməçi;
– Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib;
– “Ulduz” jurnalının şöbə müdiri, “Xəzər” jurnalının baş redaktoru vəzifələrində çalışıb;
– “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” və “Bəy atlı şeirlər” kitablarının müəllifidir;
– “Mirzə Cəlil” və “Vladimir Mayakovski” mükafatları laureatıdır;
– “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Hər kəsdən çox
Dünyanın ən güclü adamı
ola da bilmərəm,
olmaq da istəmirəm.
İstəmirəm bir kimsə
mənimlə qorxuda uşağını.
Dünyanın ən varlı adamı
ola da bilmərəm,
olmaq da istəmirəm,
rahat yatmaq istəyirəm gecələr.
Mən səni, mən səni
dünyada hamıdan çox
sevə də bilmərəm,
sevmək də istəmirəm,
çünki
bütün yalandan sevənlər
hamıdan çox sevirlər.
Mən səni sakitcə,
yavaşca sevmək istəyirəm,
tanrıdan yazılantək.
Bir balaca quş
öz balaca yuvasının
küncünə qısılantək.
Gül düzəldirəm adamlardan
Gül kimi qoxlamaq istəyirəm adamları,
odu ki, gül düzəldirəm adamlardan,
ancaq gül olmaq istəmirlər adamlar,
onda adam düzəldirəm güllərdən,
Deyirlər, güldən adam olmaz,
Allah gildən düzəldib adamları,
sən də gildən düzəlt,
gildən düzəldirəm adamları
şeir deyirəm, şeir yazıram onlara,
ancaq məndən şeir yox, gil çiçəklər istəyir gil adamlar,
gil çiçəklər düzəldirəm gil adamlara,
gil çiçəkləri gil qızlara aparır gil oğlanlar,
elə gil çiçəkləri görən kimi
gil uşaqlar doğur gil qadınlar,
Bəlkə, Allah da istəmir gül adamları,
Bəlkə, gil qoxusu xoş gəlir Allaha,
odu ki, bir ucdan artırır gil adamları?!
Ancaq. Allahım, mən gil qoxusu yox,
gül qoxusu istəyirəm,
təzədən adam düzəldirəm güllərdən,
gül yollar, gül evlər düzəldirəm onlara,
gül içkilər düzəldirəm gül şairlərə,
gül həbsxanalar düzəldirəm gül dustaqlara,
ancaq deyirlər, güldən yox, gildən düzəlt bizi,
deyirəm, dayanın, heç olmasa, son dəfə
gil olmamış, gül kimi qoxlayım sizi,
qoxlayıram, bir də, bir də lap dərindən də,
İlahi, neyləmisən bunlara,
gil olmaq istəyə-istəyə, “gil” deyə-deyə,
gil iyi gəlir güllərindən də?!
Uşaqlar və hərflər
Çiçəklərin,
bir də uşaqların gözləridi
dünyada ən iri gözlər,
böyüklərçün ən anlaşılmaz sözlərdi
uşaqların çiçəklərə,
çiçəklərin uşaqlara dediyi sözlər.
Dəniz göylə,
güzgü suyla dopdolu
gözəl qabdı uşaqlara,
hər şey canlıdı,
hər şey kitabdı uşaqlara.
Gözləritək ürəkləri də böyük olduğundan
hər şeyin adını
böyük hərflərlə yazar,
yazar balaca uşaqlar.
Böyüdükcə, gücləndikcə
qələm tutan barmaqlar,
böyüdükcə, gücləndikcə uşaqlar,
balacalaşar hərflər,
onlarçün də
anlaşılmaz bir dildə
danışar çiçəklər.
Vagif Bayatly Oder | ![]() |
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.
-
Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...