İsa İsmayılzadənin şeirləri Gürcüstan ədəbiyyat portalında
Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi İsa İsmayılzadənin gürcü dilinə tərcümə olunmuş “Mən bir termos şüşəsiyəm”, “Qatım bir-birinə gecə-gündüzü” və “Bir də görərsiniz...” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi –tanınmış şair, tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin maddi dəstəyi ilə yayını maliyyələşdirilən portal, mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino, Ceyi Hopler kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
İSA İSMAYILZADƏ
(1941–1997)
– Şair, tərcüməçi;
– “Ulduz” jurnalında şöbə müdiri, “Azərbaycan” jurnalında baş redaktorun müavini vəzifələrində çalışıb;
– “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət”, “Yelləncəkdə yellənən külək”, “Bir ömürlük gecə” kimi onlarla şeir kitabının müəllifidir;
– K.Simonov, Y.Yevtuşenko və digər şairlərin şeirlərindən nümunələri dilimizə çevirib.
MƏN BİR TERMOS ŞÜŞƏSİYƏM
Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)
Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda
tənhalığın üstünə düşüb sınmışam –
necə sındığımı heç kəs görməyib,
Heç kəs bilməyib.
Mən bir termos şüşəsiyəm –
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugün-sabah
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma dəyə bilər…
Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək,
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.
Sonra da yana-yana
zərgər barmaqlarla cilalayacaq –
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək…
Soyuqdan genişlənib istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək…
Mən bir termos şüşəsiyəm…
təzədən sınmaq üçün,
təzədən yanmaq üçün
bir heyrətin üstünə
daş kimi düşəsiyəm…
BİR DƏ GÖRƏRSİNİZ…
Dostlarıma, əzizlərimə
… Bir də görərsiniz mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm,
Çətin,
Çətin yolunuza çıxam dünyada.
Başını bulayıb köks ötürən də,
Əlini dizinə çırpan da olar,
Tüstüsü başından çıxan da olar,
Mənsiz
bir ömürdən-gündən usanan,
Başdaşına dönüb baxan da olar…
Yığışın bir yerə, yığışın, dostlar,
Sizin aranızda,
sizdən xəbərsiz
Mənə də, mənə də bir yer tapılar.
Dinib-danışmaram, susaram onda…
Neyləyim, neyləyim açılmaz daha
Sözümə
ömürlük bağlı ürəklər,
Üzümə
ömürlük bağlı qapılar.
Siz də danışmayın, bir anlıq susun…
Siqaret üstündən yaşarsın gözü
Tüstüsü başından çıxan Abbasın.
Yalvarıram sizə,
Mən gedəndən sonra “qeybət daşını”
Bir qara daş kimi atın dənizə,
Dalğıclar yığılsa –
tapa bilməsin,
İlişməsin ayağına bir kəsin…
… Bir də görərsiniz, mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm –
Çətin,
Çətin yolunuza çıxam dünyada…
***
Qatım bir-birinə gecə-gündüzü,
Axşamım-səhərim qarışıq düşsün.
Yaza bilmədiyim sətirlərimdən
Alnıma təptəzə qırışıq düşsün.
Desinlər:
Bu nədir, bir gecəliyə
Adam da bir belə qocala bilər?..
Heç kəs bilməyəcək –
şeir yazanda
Bütün ağrıların gedər heçliyə,
Bütün qırışların açıla bilər! –
Açılar
ürəyin qırışıb belə…
Hamı gözlərinə ipək görünər,
Hamını öpməyə hazır olarsan.
Ulduzları dərib,
çiçək yerinə
Qızların üstünə tolazlayarsan.
Ayağı da yerə toxunmaz onda…
Elə bilərsən ki, damarlarından
Bir coşqun çay axır –
sevinc adında,
Boğula bilərsən burulğanında…
…Sonra yavaş-yavaş
sovuşub gedər,
Təkcə adı qalar sevincin, adı…
Bunu da bir kəsə açıb demirdim:
Hər şeir –
ömrümü bir gün uzadır,
Amma…
ikicə gün alır ömürdən.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...