Azərbaycan hekayələri Praqada təqdim olundu
Dövlət Tərcümə Mərkəzi ilə Çex Respublikasının “Karolinum” nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində Praqada işıq üzü görmüş “Sarı gəlin – Azərbaycan hekayələri antologiyası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Karlov Universitetinin professoru İvana Bozdexova açaraq kitaba daxil edilmiş əsərlərin bədii məziyyətindən, çex dilinə tərcümə və tərtib prosesindən danışıb: “Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini əks etdirən bu nəfis tərtibatlı kitab Çexiyanın ədəbi mühiti tərəfindən böyük maraqla qarşılanıb, müxtəlif ədəbi üslublu əsərlərin tərcüməsi yüksək dəyərləndirilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi bu layihə qurumun növbəti uğuru, iki dost ölkə arasında mədəniyyətlərarası dialoqun inkişafına verilən əlamətdar töhfədir”.
Karlov Universitetinin prorektoru Yan Kuklik kitabın hər iki ölkənin ədəbi-mədəni həyatı üçün yeni hadisə olduğunu, xalqlararası anlaşmaya zəmin yaradan bu səpkili layihələrin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu bildirib.
Daha sonra Karlov Universitetinin professoru Zuzana Krjihova, Klara Xoulikova, “Karolinum” nəşriyyatının direktoru Petr Valo, tədbirdə iştirak edən Çexiya şair və yazıçıları çıxış edərək nəşrin Azərbaycan ədəbiyyatının özünəməxsusluğunu, fəlsəfi çalarlarını əks etdirməsindən söz açıblar, layihənin Çex və Azərbaycan xalqlarının bir-birini yaxından tanıması, mədəniyyətlərarası dialoqun qurulması işinə böyük töhfə olacağını bildiriblər.
Azərbaycanın Çex Respublikasında səfiri Adış Məmmədov nəşrin hər iki ölkənin ədəbiyyatı üçün əhəmiyyətindən, Azərbaycan xalqı və mədəniyyətinin Çex oxucularına yaxından tanıdılmasında mühüm rolundan danışıb: “Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərin əsərlərindən bəzi nümunələr müxtəlif dövrlərdə Praqada çap olunsa da, milli ədəbiyyatın Çex oxucusuna bu cür küll halında təqdim edilməsi ilk və əlamətdar hadisədir”.
Mərasimin bədii hissəsində kitaba daxil edilmiş əsərlərdən – Əzizə Cəfərzadənin “Gözlənilməyən gəliş”, Anarın “Gürcü familiyası”, Elçinin “Sarı gəlin” hekayələrindən parçalar səsləndirilib, Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifa olunub.
Qeyd edək ki, bu ilin mart ayında Praqada işıq üzü görmüş kitaba Əbdürrəhimbəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, Anar, Əzizə Cəfərzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Kamal Abdulla, Şahmar, Sara Nəzirova, Rafiq Tağı, Saday Budaqlı, Etimad Başkeçid kimi tanınmış Azərbaycan ədiblərinin əsərləri daxil edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...