Mirbəhram Əzimbəylinin şeirləri İran ədəbiyyat portalında

Mirbəhram Əzimbəylinin şeirləri İran ədəbiyyat portalında

İranın populyar “qalampress.ir” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin  “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Mirbəhram Əzimbəylinin fars dilinə tərcümə olunmuş “Anama şeir”, “Özüm kimi” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin fars dilinə tərcümə müəllifi – fars dili mütəxəssisi Əli Şükrüdür.

Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən portal ədəbi əsərlərlə yanaşı, dünya ədəbi-mədəni prosesi və hadisələri ilə bağlı məlumat və  məqalələri işıqlandırır.

 


Mirbəhram Əzimbəyli

1994-cü ildə Bakıda anadan olub;

“Qarabağ harayı” adlı ilk məqaləsi  2001-ci ildə “525-ci qəzet” də dərc olunub;

 “Bir cocuğun dünyasından səslər”“Səssizliyin harayı” kitablarının müəllifidir;

“Ümid işığı”“İlin gənci” mükafatlarına layiq görülüb;

 Türkiyə Orta Doğu Texnik Universiteti, Böyük Britaniya Oksford Universitetinin məzunudur.

 

ANAMA ŞEİR

Kəndirdən sallanan qadın cəsədi,

Anamın ipdən asdığı paltarlara düşən qar dənəcikləri!

Bu mart günündə dişlərini qıcayan ac qurd kimi ölüm gəzir

aramızda...

Ana, əllərini ver, gözlərinə basdır gözlərimi!

Saçların dünyanın ən gözəl çiçəkləridir qəbrimə qoyulan!

İndi bu dəqiqə heç kimi, heç nəyi istəmirəm!

Bir nağıl danış,

üşüyürəm!

Deyirlər, adamlar öləndə üşüyür,

Qorxuram...

Başımı sıx sinənə, torpaq kimi ört məni

Ana, ver əllərini...

Gördüm, qorxdum ilk dəfə ölümdən!

Ölmək - bir səs kimi, söz kimi gözəldir

Amma ən pis ölüm ana

kimi ölməkdir! Bilirəm, analar yaşatmaq üçün yaranıb

Ölən

uşaqlığımın xatirəsini yaşat

Ən sevdiyin ölünün xatirinə!

 

ÖZÜM KİMİ

Mən özüm kimi olmaq istədim, qoymadılar.

Yerişimə,

baxışıma, gözümə, sözümə söz dedilər tanımadığım

qohumlarım, dostlarım.

Keçmədiyim yollarda

yaşlandırmaq istədilər məni.

Az qala Allah olub məni

təzədən yaratmaq istədilər,

Anam olub doğmaq

istədilər məni.

Bəyənmədilər, dəyişmək istədilər səsimi...

Milçək kimi vızıldadılar, ilan kimi fısıldadılar

Köhnəlmiş ruhları geyindirmək istədilər bədənimə.

Bildilər ki, sevirəm dənizi,

Dalğa olub boğmaq istədilər məni.

Gördülər əllərimin arasında əllərini,

Gördülər o dünya boyda gəlinliyini,

Gördülər bu dünya boyda kəfənimi,

Yandırdılar bizi məhəbbətimizin atəşində.

Külümüzdən alovlandıq, günəş olduq, ay olduq,

Ruhumuza, bədənimizə tay olduq,

Bax bu misralarda üzən çay olduq

 

 

Keçid: http://qalampress.ir/

 

 

 

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.