“Leyli və Məcnun” Frankfurtda təqdim olundu

“Leyli və Məcnun” Frankfurtda təqdim olundu

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Almaniyada işıq üzü görmüş  Leyli və Məcnun” əsəri Frankfurtun mərkəzi “Veltenlezer” kitab evində təqdim olunub.

Tədbiri giriş sözü ilə  tanınmış alman alimi, Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman  açaraq  Nizami Gəncəvinin zəngin ədəbi irsindən, dünya ədəbiyyatına bəxş etdiyi bəşəri əsərlərinin dərin fəlsəfəsindən danışıb.

Mayns Universitetinin professoru, tanınmış türkoloq-alim Hendrik Boeshoten Nizami yaradıcılığının özünəməxsusluğu, ideya və məna aktuallığı baxımından bu günlə səsləşməsi barədə fikirlərini açıqlayıb və tədbir iştirakçılarının mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Naşir Hans Jürgen Maurer çıxışında  Nizami Gəncəvinin Azərbaycanın klassik şairi olsa da, beynəlxalq Vikipediyada hələ də fars şairi kimi təqdim edilməsinin təəssüf doğurduğunu bildirib, dahi ədibin milli  mənsubiyyəti ilə bağlı əsl  həqiqətlərin dünyaya yayılmasında bu səpkili layihələrin əhəmiyyətini qeyd edib: “Əsl həqiqət isə ondan ibarətdir ki, dahi şair Azərbaycanın hazırda ikinci böyük şəhəri olan Gəncədə anadan olub, heç vaxt doğma şəhərindən kənara çıxmayıb, yalnız orada yazıb-yaradıb və elə Gəncədə də dəfn olunub. Mən özüm də Azərbaycanda olarkən dahi şairin Gəncədəki məqbərəsini ziyarət etmişəm”.

Tədbirin sonunda tanınmış alman aktyoru Stefan Bittoun “Leyli və Məcnun” əsərindən parçalar ifa edib.

Qeyd edək ki, “Leyli və Məcnun” əsərinin alman dilinə tərcümə müəllifi – görkəmli alman mütərcimi Rudolf Qelpkedir.  İlk dəfə 1963-cü ildə Sürixdə  işıq üzü görmüş  kitab, əsərin müəllifini alman oxucu auditoriyasına “fars şairi” kimi tanıtsa da, əsərin 2021-ci ildə Almaniyada işıq üzü görmüş yeni nəşri (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Leyli və Məcnun”u həmin auditoriyaya “dahi Azərbaycan şairi Nizami”nin  əsəri olaraq təqdim etdi.

 

Qalereya

VƏ DİGƏR...