Dövlət Tərcümə Mərkəzinin nəşr layihələri Beynəlxalq Tərcüməçilər Festivalında

Dövlət Tərcümə Mərkəzinin nəşr layihələri  Beynəlxalq Tərcüməçilər Festivalında

Ukraynada keçirilən “Кочур-фест” Beynəlxalq Tərcüməçilər Festivalında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşrləri təqdim olunub.

Ukrayna Milli Yazıçılar Birliyi, “Ədəbi Ukrayna” jurnalı və “Саммит-книга” nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilən tədbir İrpen şəhərinin Maksim Rılski adına Mərkəzi Kitabxanasında baş tutub.

Layihənin məsul katibi Marina Qonçaruk çıxışında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyəti, xarici dillərə tərcümə edilərək dünyanın müxtəlif ölkələrində təqdim olunmuş nəşrləri barədə danışıb:

“Azərbaycan Dövlət Tərcümə Mərkəzi bir çox xarici ölkələrlə Azərbaycan arasında ədəbi prosesin genişlənməsi, davamlı inkişafı, müasir və klassik Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği işinə  mühüm töhfələr verir. Qeyd etmək istərdim ki, Mərkəz Ukrayna–Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına xüsusi önəm verir. Ukrain dilinə tərcümə olunaraq Kiyevdə işıq üzü görmüş “Müasir Azərbaycan poeziyası antologiyası”, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum”) qəzəllər toplusu, müasir Azərbaycan şairi Salam Sarvanın “І потонути неможливо, неглибокий цей свит…” (“Boğulmaq da olmur, dayazdı dünya”) şeirlər toplusu bu əlaqələrin sıxlığının əyani sübutudur. Adıçəkilən kitablar Kiyev, Xarkov, Jitomir, eləcə də digər şəhərlərdə böyük maraqla qarşılanıb, şəhərlərin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilib. Dövlət Tərcümə Mərkəzi Azərbaycanda müasir tərcümə məktəbini formalaşdırmaqla yanaşı, dünyanın müxtəlif ölkələrinin tərcüməçiləri ilə təcrübə mübadilələrinə də daim geniş yer ayırır”.

Daha sonra tədbirdə çıxış edən tərcüməçi-diplomat Sergey Borşevski tərcümə sahəsindəki yeniliklərdən, Ukrayna–İspaniya arasındakı tərcümə mübadilələrindən, tanınmış Ukrayna şairi və tərcüməçisi Dmitri Çistyak Dövlət Tərcümə Mərkəzi ilə birlikdə həyata keçirdikləri layihələrdən, sıx əməkdaşlıqdan, İrpen şəhər merinin humanitar məsələlər üzrə müavini Yuliya Ustin isə şəhər meriyasının bu cür layihələrə dəstək verməyə hər zaman hazır olduğundan söz açıblar.

Tədbirin sonunda iştirakçılara Mərkəzin Ukraynada və digər ölkələrdə işıq üzü görmüş kitablarının nüsxələri təqdim olunub.

 

Qalereya

VƏ DİGƏR...

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.

     

     

  • Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...