Salam Sarvanın şeirləri Bolqarıstan elektron ədəbiyyat jurnalında

Bolqarıstanın “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış şair Salam Sarvanın “Yaşayış”, “Vəziyyət”, “Kişi”, “Xətlər”, “Sevgi”, “Kəndirbaz”, “Körpü” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi və tərcüməçisi Dimitr Xristovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen sviat” elektron ədəbiyyat jurnalı müntəzəm olaraq səhifələrində Edqar Po, Frans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
https://literaturensviat.com/?p=185675 | ![]() |
· Salam Sarvan
· 1966-cı ildə Cəlilabadda anadan olub;
· N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib;
· "Sənə deyiləsi deyil, sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir;
· şeirləri ingilis, fransız, rus, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub;
· "Boğulmaq da olmur, dayazdır dünya" kitabı Ukraynada nəşr edilib;
· “Qızıl kəlmə” ədəbi mükafatının “Poeziya nominasiyası” üzrə qalibi olub.
YAŞAYIŞ
Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.
VƏZİYYƏT
Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA!
KİŞİ
Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə –
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.
XƏTLƏR
Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»
SEVGİ
Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.
KƏNDİRBAZ
Cavanlığı kəndir üstündə
keçmiş bu qoca
indi körpü üstündə ovudur ozünü.
KÖRPÜ
Bu gün bildim ki,
ən etibarlı körpü
suyun öz səthidir -
heç vaxt uçulmayacaq,
sökülməyəcək körpü
VƏ DİGƏR...
-
Qismətin şeirləri Avstriya portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.