Afaq Məsud “İvane Maçabeli” və “Mixeil Cavaxişvili” mükafatlarına layiq görüldü
Gürcüstan Yazıçılar Evində Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Gürcüstanın tanınmış yazıçı və şairlərinin, elm və sənət xadimlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Gürcüstan Yazıçılar İttifaqının sədri, tanınmış şair Makvala Qonaşvili qonağı və tədbir iştirakçılarını salamlayaraq yazıçının şəxsiyyəti və yaradıcılığı haqqında danışıb.
“Uzun illər boyu bu binada bir çox əlamətdar tədbirlər, yaradıcılıq gecələri keçirilib, lakin bugünkü tədbir xüsusilə seçilən və yaddaqalandır. O səbəbdən ki, Gürcüstan Yazıçılar Birliyinin bu tarixi binasının bugünkü qonağı – Azərbaycanın Xalq yazıçısı, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin yaxınlaşmasında böyük xidmətləri olmuş Afaq Məsuddur. Əsərləri dünyanın dörd bir yanında böyük maraqla oxunan bu məşhur yazıçıya Gürcüstan Yazıçılar İttifaqının qərarı ilə təşkilatın ən yüksək ödülünü – “İvane Maçabeli” mükafatını təqdim etməkdən dərin məmnunluq duyuram”.
Daha sonra tədbirdə iştirak edən yazıçı və ziyalılar, tanınmış elm və sənət adamları çıxış edərək yazıçının yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, tanınmış şair David Şemokmedeli: “Bizim Azərbaycanla ədəbi əlaqələrimizin, dostluğumuzun təməli dahi klassiklərimiz tərəfindən qoyulub. Bu gün bu sıx əməkdaşlıq Afaq Məsudun timsalında davam etdirilir. Dünyanın müxtəlif qütblərə parçalandığı bu pərişan dövrdə yaradılmış belə bir məhəbbət vadisi dünyanın qurtuluş məkanına çevrilə bilər. Afaq Məsudun əsərləri dünyanın bir çox dillərinə çevrilib, hər yerdə maraqla qarşılanıb, dram əsərləri tamaşaya qoyulub, yaradıcılığına dair dissertasiyalar yazılıb. Onun nailiyyətlərini, layiq görüldüyü mükafatları sadalasam, çox vaxt aparar. Mən onun “Azadlıq” kitabı ilə bağlı təəssüratlarımı “Ədəbi Gürcüstan” (“Literaturuli Sakartvelo”) qəzetində çap etdirdiyim məqaləmdə ətraflı ifadə etmişəm. Bu məqalə bir sıra dillərə tərcümə edildi və sosial şəbəkələrdə geniş yayınlandı.
“Azadlıq” romanı olduqca dərin və diqqətəlayiq bir əsərdir. Qısaca desəm, bu, əslində, azadlığın metaforudur. Əsərdə azadlıq uğrunda mübarizəyə başlayan xalq və dövlət modeli verilib. Şəxsən mən həmin dövlətin timsalında öz Vətənimi gördüm. Bu, bütün postsovet dövlətlərinin bədii modelidir. Romanda azadlıq bir yaşam hissi deyil, azadlıq uğrunda mübarizənin özü kimi təqdim edilir. Əsərdə eyni zamanda real həyatla paralel şəkildə hökm sürən irreal həyat hadisələri təsvir edilir. Məşhur alman filosofu Karl Yunq deyir ki, xəyali aləmdə yaşamaq gerçək həyatda yaşamaqdan qat-qat qorxuludur. Romanda hadisələr yuxu və reallıq arasında cərəyan edir. Burada sərt romantizm və magik realizm elementlərinə rast gəlinir. Əsərdə azadlıq həm də istifadə olunmayan xəzinə kimi təsvir olunur. Yəni azadlıq var, amma insanlar ondan necə istifadə edəcəklərini bilmirlər.
Əslində, müstəqillik və azadlıq ayrı-ayrı kateqoriyalardır. Müstəqillik nisbətən aşağı pillə, azadlıq isə ali ruhi məsələdir. Afaq Məsud məhz həmin ali durumdan bəhs edir. Bu problem bu gün bizim üçün, eləcə də bütövlükdə dünya üçün çox əhəmiyyətlidir. “Dövşanın ölümü” hekayəsi barədə də fikrimi bildirmək istəyirəm. Bu, olduqca dərin bir əsərdir. Həmin əsərdə qadın və kişi başlanğıcı, qarşıdurması təsvir olunur. Ağ dovşan məhəbbət, əsərin sonundakı kirpi isə tənhalıq rəmzidir. Əsərdə sevgisini itirmiş iki insan təsvir olunur. Məhəbbət ölür, personajlar isə diridir. Hekayə bədbin sonluqla bitir. Mən bu əsəri “Romeo və Cülyetta” ilə müqayisə edərdim. “Romeo və Cülyetta” əsərində qəhrəmanlar ölür, məhəbbət qalır, bu, nikbin bir sonluqdur. “Dovşanın ölümündə” isə dediyim kimi, qəhrəmanlar qalır, məhəbbət isə ölür. Bu, eyni mövzuya hədəflənmiş iki baxış bucağıdır. Orxan Pamuk “Atamın çamadanı” romanında sərt romantizmdən istifadə edir, Afaq Məsud isə bu sayaq yazarlardan fərqli olaraq, sərt romantizm və magik realizmin vəhdətini yaradıb hər ikisindən məharətlə istifadə edir. Afaq Məsudun əsərlərini tam anlayıb dəyərləndirmək üçün oxucuda xüsusi hazırlıq lazımdır. Ədəbiyyat sahəsində müəyyən təsəvvürə malik olan bir insan kimi deyə bilərəm ki, Afaq Məsud böyük yazıçıdır. Onun əsərləri gürcü və başqa dillərə uğurla tərcümə edilib. Bu isə o deməkdir ki, dünya ədəbiyyatına böyük bir yazıçı təşrif buyurub. Dünyada, o cümlədən Azərbaycanda yazılan dəyərli əsərlər gürcü mədəniyyətinin də ayrılmaz hissəsinə çevrilməlidir. Artıq Afaq xanımın əsərləri bizim mədəniyyətimizin bir hissəsidir. Bu gün biz təlatümlü dünyada əsərləri ilə oyanışa, bəşəriyyətin xilasına xidmət edən böyük bir yazıçı ilə görüşürük. Bu görüş həm də iki qardaş xalqın mehriban qonşuluq münasibətlərinin əbədi olduğunun bariz nümunəsidir. Afaq xanıma dəvətimizi qəbul edib Gürcüstana təşrif buyurduğuna görə bir daha dərin təşəkkürümü bildirirəm və Rustaveli Cəmiyyətinin Təltif Komissiyasının qərarı ilə Azərbaycanın Xalq yazıçısı Afaq Məsuda böyük məmnunluqla ədəbiyyata verdiyi böyük töhfələrə görə Gürcüstanın görkəmli nasiri Mixeil Cavaxişvili adına mükafatı təqdim edirəm.
Gürcüstan İncəsənət Akademiyasının vitse-prezidenti Şota Mağlakelidze: Qonağımızı səmimi-qəlbdən salamlayıram. İlk öncə deməliyəm ki, məhz Afaq Məsud kimi yazıçılar ədəbiyyatda yeni mərhələ, xüsusi epoxa yaradıblar, əsas istiqamətləri onlar müəyyən ediblər. Mən bu görüşü eyni zamanda hər iki qardaş xalqın qədim tarixli ədəbi əlaqələrinin davamı və hər zaman qürurla xatırladığımız bu tarixin ən dəyərli məqamlarından biri hesab edirəm.
Gürcüstan Yazıçılar İttifaqı sədrinin müavini, tanınmış şair Bağater Arabuli: “Bu görüş, əslində, dostluq, doğmalıq və məhəbbət təntənəsidir. Bu gün görüşünə yığışdığımız Afaq Məsud – seçilən və sevilən yazıçılardandır. O eyni zamanda Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri olaraq, Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda yayılması istiqamətində böyük işlər həyata keçirib. Bunu da xüsusi olaraq qeyd etməliyəm ki, bir neçə il öncə Gürcüstan Yazıçılar İttifaqında Azərbaycan bölməsinin yaradılması Afaq Məsudun təşəbbüsünün və əməyinin nəticəsidir. Mən ona həm də buna görə dərin minnətdarlığımı bildirirəm. Afaq xanım son dərəcə istedadlı yazıçıdır. Qoy Allah onu qorusun! Allah böyük ədəbiyyatı və onun təmsilçilərini qorusun! Gürcüstan və Azərbaycana eşq olsun!
“Zğvauri” ədəbi birliyinin rəhbəri və eyniadlı jurnalın baş redaktoru, tanınmış şair Bela Keburia: “Afaq Məsud qeyri-ordinar və böyük yazıçıdır. Bu bənzərsiz yazıçı ilə belə bir görüşün sevincini biz bir neçə il bundan əvvəl Batumidə də yaşadıq. Təxminən iki il öncə Afaq xanımı Gürcüstanın Acara bölgəsinə – Batumiyə dəvət etdik. Minnətdaram ki, dəvətimizi qəbul edib gəldi və çox maraqlı bir görüş baş tutdu. Görəydiniz, görüşdə gürcülərlə birlikdə iştirak edən Azərbaycan ziyalılarının sevinci necə yerə-göyə sığmırdı. Batumidə hələ də o görüş haqqında danışırlar.
Gürcüstan Dövlət İncəsənət Universitetinin professoru, Gürcüstanın xalq artisti İura Popxadze: “Əziz Afaq xanım, yazdığınız əsərlərə görə sizə şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, bu əsərlər gürcü dilinə də tərcümə olunub. Qələmə aldığınız “Qatarın altına atılan qadın” pyesi dünyanın bütün aktyor və aktrisalarının ürəyindən qopan ah-fəğan, ağrı-acıdır. Bəli, hər bir aktyor, aktrisa teatr və tamaşaçı tərəfindən sevildiyi və tələb olunduğu xoşbəxt dövrünü yaşayır, lakin gün gəlir ona: “Artıq sənə ehtiyac yoxdur, lazım deyilsən, qocalmısan”, – deyirlər və teatrdan uzaqlaşdırırlar. İndi Tinatin İmnadze ilə birlikdə qarşınızda səhnələrini ifa edəcəyimiz pyes məhz həmin bu istedadlı aktrisalardan birinin faciəsini əks etdirir. Yaşı bir qədər artdıqdan sonra gənc rejissor tərəfindən teatrdan kənarlaşdırılan bu aktrisa dəmiryol vağzalında, əslində isə sən demə, artıq qovulduğu teatrın vağzal dekorasiyası qurulmuş səhnəsində vurnuxmaqdadır və ora nostalji hisslərlə gəlmiş, bir vaxtlar kommunistlər dövründə məşhur olmuş, tanınmış yazıçı-dramaturqla rastlaşır. Bu taleyüklü görüş onların hər ikisinin həyatını bir anın içində dəyişir. İndi biz – Tinatin İmnadze ilə mən həmin o səhnəni, yazıçı ilə aktrisanın görüşü epizodunu təqdim edəcəyik.
Daha sonra Rustaveli Dövlət Teatrının rejissoru, Gürcüstan Dövlət Mükafatı laureatı Qoça Kapanadze, tanınmış şair Nino Sasanava, tanınmış yazıçı, Dövlət Mükafatı laureatı Badri Kutateladze və digərləri çıxış edərək Afaq Məsudun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Rustaveli teatrının aktyorları – Tinatin İmnadze ilə İlia Kopadzenin ifasında yazıçının “Qatarın altına atılan qadın” pyesindən fraqmentlər, Gürcüstanın Xalq artisti Lika Kobuladzenin ifasında “Dovşanın ölümü” hekayəsi təqdim edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...