“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
“Xəzər”in oxucuları jurnalın bu sayında:
“FÖVQƏL” rubrikasında – Anton Çexovun “Qara rahib” əsəri;
“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Əli Kərimin şeirləri;
“MÜSAHİBƏ” rubrikasında – Cerom Selincerin “Yazıçı, kitabına imza atmaz...” müsahibəsi;
“ESSELƏR VƏ ƏDƏBİ PORTRETLƏR” rubrikasında – Andre Moruanın “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Uolter”, “Anatol Frans” esseləri;
“SALNAMƏ” rubrikasında – Vilayət Quliyevin “Macarları özlərinə tanıdan alim” tarixi əsəri;
“GÜRCÜ POEZİYASI” rubrikasında – Besik Xaranaulinin şeirləri;
“NORVEÇ NƏSRİ” rubrikasında – Tarey Vesosun “Qışın son günləri” hekayəsi;
“KORİFEYLƏR” rubrikasında – Fyodor Dostoyevskinin “Zavallılar” romanının ardı;
“DUBLİN MÜKAFATI LAUREATLARI” rubrikasında – Kolm Toybinin “Bruklin” romanının ardı;
“AFORİZMLƏR” rubrikasında – dünyanın məşhur yazarlarının yazıçı sənəti, istedad və dahilik, kitab və mütaliə haqqında fikirləri ilə tanış olacaqlar.
"Xəzər"in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
Jurnalın yeni – “Fövqəl” rubrikası və A. Çexovun “Qara rahib”i ilə açan əsərə yazılmış “Qara rahib – sirli təşrif” (A.Məsud) ön sözünü “Xəzər”in oxucularının nəzərinə təqdim edirik.
“QARA RAHİB” – SİRLİ TƏŞRİF
May ayının əvvəllərində Ramiz Rövşənlə bədii söz, onun təsir gücü ilə bağlı baş tutan söhbət əsnasında mən ədəbiyyatın, az qisim əsərləri çıxmaq şərtilə, artıq əvvəlki gücə və sirayət qabiliyyətinə malik olmadığı, bir vaxtlar ağrı və əzablarının həqiqiliyi ilə, az qala şüuraltımıza hopmuş “Hərb və sülh”, “Anna Karenina”, “Qırmızı və qara”, “Ovod”, “Madam Bovari” kimi dünya ədəbiyyatı şedevrləri sayılan romanların belə, istifadə müddəti başa çatmış köhnə məhsullartək təsirini və əhəmiyyətini itirdiyi ilə bağlı fikirlərimi bildirərkən həmsöhbətim əvvəlcə razılaşmadı, məni bu “yanlış mövqedən” daşındırmağa, böyük ədəbiyyatın əbədi və dəyişməz gücünə inandırmağa çalışdısa da, gətirdiyim bir sıra nümunələrdən və izahlardan sonra, axır ki, anlaşdıq.
Sonra nə baş verdisə, bir müddət hər ikimiz ali və müqəddəs olan nəyisə əlimizdən salıb qırmıştək xof dolu qəribə bir ehtiyatla mövzu ətrafında dolaşmağa, sanki kimin, ya kimlərinsə ölümünə çıxardığımız bu amansız “hökm”ə bəraət qazandırmaqdan ötrü məsələni müxtəlif baxış bucaqlarından, ədəbi improvizələr və pauzalarla o üz-bu üzə çevirib çözməyə başladıq. Bu əsnada, sanki mövzunu bir az da xırdalamaq üçün havaya atdığım: “Amma bax, məsələn, Çexovu bu siyahıya salmazdım”, – sözümdən Ramizin üzünün birdən-birə anlaşılmaz, gizli bir sinirlə gərildiyini, gözlərinin pərt bir əsəbiliklə yığıldığını sezib söhbəti dəyişmək istədimsə də, o: “Məncə, elə o da həmin qəbildəndi”, – deyib susdu... və mən elə həmin dəqiqə Ramizin nədən sinirləndiyini, sinirinin səbəbinin onun sevimli yazıçılarından hansı birininsə həmin o “istifadə müddəti başa çatmış əsərlər” siyahısına düşməsi olduğunu anladım.
Ortaya dərin bir sükut çökdü... Mən yaddaşımı gərib Çexovun əsərlərini, vaxtı ilə hədsiz təsirləndiyim “Albalı bağı”nı, “Üç bacı”nı, “Qağayı”nı, xoşbəxtliyi, bədbəxtliyi, yalanı və həqiqəti sualtı donuqluğu andıran darıxdırıcı həyatlarının hansısa alt qatlarında axtaran qəhrəmanlarını, onların romantik dərdlər və mətləblər dolu cansıxıcı söhbətlərini, hətta bir vaxtlar oxuyub sarsıldığım “6 nömrəli palata”nın ağıllı dəlilərini xatırladım... və Çexovla vidalaşırmış kimi, acı bir təslimlə: “Hə... – dedim, – məncə də”.
Söhbətin sabahı günü adətim üzrə gəzintiyə çıxdığım səhər saatlarında qulaqcıqlarımı taxıb, dünən audiomətnini yarımçıq saxladığım “Karamazov qardaşları”nın 6-cı fəslinin ardını dinləməyə hazırlaşırdım ki, qəfildən telefonun ekranına dərin qaranlıqlardan sivrilib suyun üzünə çıxantək gələn Çexovun kədərli şəklindən və şəklin altında audiomətni verilmiş əsərin qara, yağlı şriftlə yazılmış “Çyornıy monax” (“Qara rahib”) adından çaşıb qaldım. Həyəcandan nəfəsim tutula-tutula Ramizlə dünənki söhbətimizi, təsir və sirayət gücünü itirmiş əsərlər siyahısını, müzakirənin Çexovla bitən kədərli sonluğunu xatırlayıb ayaq saxladım...
Bu sirli mesajın kimdən gəldiyini, yaradıcı külliyyatına yaxından bələd olduğumu düşünsəm də, hansı səbəbdənsə oxumadığım bu əsərin dünənki “məhkəmənin” sonunda çıxarılan amansız qərara cavab olaraq göndərildiyini anlamağa başladıqca boğazımın qəhərdən sıxıldığını, başımın əlçatmaz yüksəkliklərə qalxmıştək hərlənməyə, gözlərimin qaralmağa başladığını hiss etdim... telefonun ekranından qəribə bir hüznlə mənə baxan Çexovun şəklinə ehtiyatla toxunub əsəri açdım və bütün vücudum uçuna-uçuna dahi aktyor İnnokentiy Smoktunovskinin ifasında səsləndirilən bu misilsiz şedevri dinləməyə başladım...
A. Məsud
QARA RAHİB
I
Magistr Andrey Vasilyeviç Kovrin çox yorulmuş, əsəblərini pozmuşdu. O, müalicə almırdı, amma bir dəfə, necəsə, tanış bir həkimlə çaxır içərkən söhbətarası xəstəliyindən söz açmışdı, o da ona yaz və yay aylarını kənddə keçirməyi məsləhət görmüşdü. Elə həmin ərəfədə də o, Tanya Pesotskayadan uzun bir məktub almışdı. Tanya onu Borisovkaya qonaq dəvət edirdi və o qərara gəldi ki, həqiqətən də, havasını dəyişsə, pis olmazdı.
Əvvəlcə apreldə o, ata-baba yurdu Kovrinkaya yollandı və orada tək-tənha düz üç həftə qaldı; havalar düzəlib, yollar açılanda isə faytonla keçmiş hamisi və tərbiyəçisi, Rusiyanın tanınmış bağçısı Pesotskigilə yollandı…
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...