Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Halem Alqubaisi Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru xanım Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyətindən, dünya ölkələri ədəbiyyatları mübadiləsi istiqamətində həyata keçirilən layihələrdən danışıb:
“Son iki ildə Mərkəz ədəbiyyatlararası mübadilələr istiqamətində müxtəlif formatlı layihələr həyata keçirir. Bununla bağlı aidiyyatlı dünya qurumları ilə əməkdaşlıq edir, Azərbaycanda fəaliyyət göstərən səfirliklərlə görüşür, dil, ədəbiyyat, tərcümə sahəsində müxtəlif formatlı layihələr həyata keçiririk. Bu layihələr qismində, milli ədəbiyyatımızın dünyada tanıdılması məqsədi ilə tərtib edilmiş “Müasir Azərbaycan antologiyası” kitabını artıq bir neçə dilə tərcümə və nəşr etmişik və bir neçə ölkədə təqdimatını keçirməyə hazırlaşırıq. Bu kitaba Azərbaycan ədəbiyyatının ən tanınmış, ən istedadlı ədiblərinin əsərləri toplanıb. Kitabın ərəb dili versiyası artıq Misirdə nəşr mərhələsindədir. Hazırda bu kitabın digər ərəb ölkələrinə də yayılmasına səy göstəririk. Azərbaycan multikultural ölkə olaraq, bütün dünya ölkələri və xalqları ilə hər sahədə olduğu kimi, ədəbiyyatlararası mübadilələrə də açıqdır. Birləşmiş Ərəb Əmirlikləri dünyada ən iri beynəlxalq kitab sərgilərinin təşkil olunduğu, kitaba, mütaliəyə böyük marağın yaşandığı qabaqcıl ölkələrdən biridir. Azərbaycan ədəbiyyatının belə bir ölkədə tanıdılması, həmçinin dil, ədəbiyyat, tərcümə sahəsində qura biləcəyimiz təcrübə mübadilələrinin, hər iki ölkənin mənəvi və maarifçi durumuna öz töhfəsini verəcəyinə, xalqlarımız arasında qarşılıqlı anlaşmanı, dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyinə ümid edirəm”.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Halem Alqubaisi öz növbəsində, belə bir görüşə şərait yaratdığı üçün Mərkəzin direktoru Afaq Məsuda dərin təşəkkürünü bildirdi:
– Sizin Mərkəzin fəaliyyəti haqqında məlumatlıyam, çox müsbət fikirlər var. Biz böyük məmnuniyyətlə Mərkəzlə əməkdaşlığa hazırıq. Ədəbiyyatlararası mübadilələr hər bir xalqın mənəvi dirçəlişinə, maarifçi durumuna böyük təsir göstərir. Vacib deyil bu, hansı ölkənin ədəbiyyatıdır. Əsas olan odur ki, bu ədəbiyyat xoş, müsbət təsirlərin daşıyıcısıdır, cəmiyyətə öz xeyirxah töhfəsini verəcək. Bizim ölkədə kitaba, mütaliəyə böyük diqqət ayrılır. Hətta iş yerlərində ədəbi mütaliəyə bir saat əlavə vaxt ayrılır. Ədəbiyyatın cəmiyyətin formalaşmasında rolu böyükdür. Bu mənada, Mərkəzin gördüyü işlər təqdirəlayiqdir. Çox istərdik Mərkəz Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif şəhərlərində keçirilən beynəlxalq kitab sərgilərində iştirak etsin. Azərbaycan ədəbiyyatının bizim ölkə oxucusuna çatdırılması istiqamətində irəli sürdüyünüz bütün təkliflərinizi məmnuniyyətlə qəbul edirik və onların tez bir zamanda həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində kataloq və bukletləri və nəşrləri təqdim olundu.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...