Məşhur fransız səyyahın İrəvan təəssüratları
Dövlət Tərcümə Mərkəzi orta əsrlərdə Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist Şardənin Fransa Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərində azərbaycanlılar, onların həyatı, adət-ənənələri haqqında yer almış fikirlərini əks etdirən “Məşhur fransız səyyahın İrəvan təəssüratları” adlı sənədli material hazırlayıb. İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərinə tərcümə edilmiş materialın xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın aidiyyətli mətbuat orqanlarına göndərilməsi, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Jan Batist Şardən
• 1643-cü ildə Parisdə anadan olub;
• Səfəvi hökmdarı II Şah Abbasın 1666-cı ildə imzaladığı Xüsusi fərmanıyla Səfəvi hökmdarının taciri vəzifəsinə təyin edilib;
• 1685-ci ildə İngiltərəyə köçüb və ömrünün sonunadək (1713) orada yaşayıb;
• Şardənin Paris Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərinin “Parisdən İsfahana səyahət” adlı II fəsli Azərbaycan haqqında qeydlərlə zəngindir.
Səyahətçinin qədim Azərbaycan şəhəri İrəvanla bağlı təəssüratlarını təqdim edirik.
Parisdən İsfahana səyahət
“...Bir çox şəhər və qəsəbələrdən keçib, şər qovuşanda İrəvana çatdıq... Tiflisdən İrəvana məsafə 48 lyödür[1]. İrəvan böyük şəhərdir, lakin yöndəmsiz və çirklidir. Şəhərin böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Bircə dənə də olsun, gözəl binası yoxdur. Şəhər hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi[2], cənub-qərb tərəfdən isə Qırxbulaq[3] çayları axır. Bu çaya bulaqlarının sayına görə həm də “Qırxbulaq çay” deyirlər.
...İrəvan qalası həcmcə kiçik bir şəhərdən böyükdür. Qala oval formadadır, dairəsi dörd min addımdır və təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı səfəvilər yaşayırlar... Qalanın müdafiəsi üçün iki min əsgər ayrılıb. İrəvan hakiminin sarayı qalanın içərisindədir... Qalanın şimal tərəfində yerləşən təpədə kiçik bir qala da var. Aralarındakı məsafə min addım olar. Bu yerin müdafiəsi ikiqat divarla və toplarla möhkəmləndirilib. Orada iki yüz adam yerləşə bilər. Buranın adı “Keçiqala”dır.
Şəhər qaladan bir top mərmisi məsafəsi qədər uzaqdır... Şəhərdə qədim bir qüllə də var. Onun nə vaxt tikildiyini öyrənə bilmədim...
Qarşıda yerləşən bazarın lap yaxınlığında kərpicdən tikilmiş və hazırda uçub-dağılmış qədim bir məscid var. Məbəd onu inşa etdirən şəxsin şərəfinə Div Sultan məscidi adlanır. Oradan üç yüz addım kənarda böyük bir meydan yerləşir... Şəhərdə və qalada çoxlu hamam və karvansara var...
Bu hakim bəylərbəyi (söhbət İrəvan hakimindən gedir) hələ də sərdar adlanır. ...Sərdarın adı Səfiqulu xandır.
İrəvan bəylərbəyiliyi ən varlı və ən çox gəliri olan əyalətdir. Onun ildə otuz iki min tümən (500 min ekü[4]) gəliri olur. Orada qadağan olunmuş yollardan istifadə etməklə bu gəliri ildə iki yüz min tümənə çatdırırlar”.
J.B.Şardənin İrəvana ilk gəlişi milli Azərbaycan bayramı olan Novruza təsadüf edir
“...1673-cü ilin mart ayının 21-i idi. Gün çıxandan qırx yeddi dəqiqə sonra qala qarnizonu və artilleriyası Yeni ili elan etdi və bayram münasibətilə üç yaylım atəşi açıldı. Burada Yeni ilin gəlişini, gecəyə, ya gündüzə təsadüf etməsindən asılı olmayaraq, Günəş Qoç bürcünə daxil olan an elan edirlər.
Səfəvilərdə dini və xalq bayramları lap çoxdur. İstər dini ayinlərin və əsas dini hadisələrin tarixi, istərsə də ilin fəsil dəyişməsini bildirən günlər müqəddəs, əziz günlər hesab olunur. Bununla belə, dini bayramlardan üçü təntənə ilə qeyd edilərək, ənənə şəklində qorunur. Səfəvilər Orucluq bitən günün səhərini bayram edirlər. İbrahim qurbanı və Əli tərəfdarlarının din yolunda şəhid olması tarixi burada hüznlə qeyd olunur. Yeni il təntənəsi də, xalq bayramı olmasına baxmayaraq, təntənə ilə qeyd edilir. Bunu da demək lazımdır ki, Novruz bayramı üç gün davam edir. Saraydakı kimi, digər yerlərdə də bu bayram, Günəş Qoç bürcünə daxil olduğu andan hesablanmaq şərtilə səkkizinci günədək davam edir. Bu bayram Novruz Sultaniyyə adlanır. Bu isə “Möhtəşəm yeni il”, yaxud “İmperiyanın yeni ili” deməkdir.
Bayram günlərində bayram libası geyinmiş münəccimlər şah sarayına və ya yerli hökmdarların iqamətgahına gəlirlər. Onlar gecə-gündüz bərabərliyi anını müşahidə etmək üçün ora bir-iki saat əvvəl təşrif buyururlar. Münəccimlər gecə-gündüz bərabərliyini alçaq damların üstündən, meydançalardan izləyərək təyin edirlər. Məhz onların işarəsilə yaylım atəşləri açılır, musiqi alətləri – nağaralar, şeypurlar səsləndirilir”.
"Parisdən İsfahana səyahət"
Amsterdam 1711
Fransız dilindən tərcümə edən: Vaqif Aslan
[1] Lyö – 1 lyö təxminən 4 km-dir.
[2] Zəngiçayın bir adı da “Çıldırçay”dır. İşğalçı ermənilər indi onu “Razdan” adlandırırlar.
[3] Qırxbulaq – daha əvvəlki adı Gedərçay olub. İşğalçı ermənilər indi onu “Getar” kimi tələffüz edirlər.
[4] Ekü – Fransada qədim pul vahidi
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...