Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında

Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında

İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının ispan dilinə tərcümə edilmiş “Sual”“Min illər” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras və Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyevadır.

Qeyd edək ki, geniş oxucu auditoriyasına malik “Alquibla” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Xuan Gil Albert, Qustavo Adolfo Bekker, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Roke Dalton Qarsia kimi məşhur dünya şairləri və yazıçılarının yaradıcılığını işıqlandırır.  

 

Sabir Rüstəmxanlı

(1946)

– Azərbaycanın Xalq şairi;

– 1989-cu ildə Azərbaycanda ilk müstəqil mətbuat orqanı olan “Azərbaycan” qəzetini təsis edib;

“Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. şeir kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarının, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı” kimi romanların müəllifidir.

 

 

 

SUAL

 

Bəlkə, bu dünyada mən yoxam artıq,

Qarışıb payıza uçub getmişəm.

Sahibsiz adımdır ortada qalan,

Özümsə xəlvətcə köçüb getmişəm.

 

 

Sən adda adam da yaşamır, bəlkə,

Özündən yadigar qoyub bu səsi.

Verdiyi əzabı unutdurmağa

Beş-on söz eşidim sevgi əvəzi.

 

Bəlkə, bu özü də bir aldanışdır,

Bəlkə, gördüyüm də yuxudur elə.

Çoxdan itirdiyim nəğmələrimi

Tale başqasına oxudu elə.

 

Könlümdə əbədi gəncliyin odu,

Bəs həsrət deyərək çağlayan nədir?

Yoxsansa, yoxluğun sevgisi olmaz,

Varsansa, bəs yolu bağlayan nədir?

 

 

MİN İLLƏR…

 

Yağışlı-çiskinli çöllərlə gedirəm –

Ürəyimdə Sən!

Ürəyimdə sirr çiçəyi, sevgi adlı möcüzə,

Mənimlə min illər yol gələn…

Min illər öncə bir ildırım şarı kimi düşdün içimə…

Min illərdir zülməti qova-qova acıq verirsən

Ayrılığa… Təkliyə… Qəmə…

Tarix bu sevgiyə bağlıdır.

Onun nəfəsiylə dirçəlir zaman…

Min illərdir sənə sevgi nəğməsi oxuyuram

Heç usanmadan…

 

 

 

Bu sevgidir yağış olub yağan,

Qar olub əriyən…

Güllərin könül rüzgarı kimi

Bu dünyanı bürüyən…

İkimizin köksündə bir ruh, bir can…

Gedir əbədiyyət karvanı – başında sevgimiz.

Həm karvana son qoşulan,

Həm də dünya qədər Qoca Sarvan!

 

https://www.alquiblaweb.com/2023/03/03/sabir-rustamkhanly-

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.