Azərbaycan hekayələri Fransada təqdim olundu
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Strasburqun mərkəzi “Kleber” Kitab Evində baş tutan tədbirdə Fransanın tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitabda İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının hekayələri yer alıb.
Tədbiri giriş sözü ilə moderator, professor Tyeri Edmond açaraq, sözü ilk əvvəl Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova verib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi və “Kapaz” Nəşriyyat Evinin sıx əməkdaşlığının məhsulu olan “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Fransada nəşrini təqdir edib və bu kitabın xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə rolu oynadığını bildirib.
Daha sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuda verilib. Tədbir iştirakçılarına Mərkəzin yaradılması və fəaliyyəti haqqında qısa məlumat verən A.Məsud ədəbiyyatın ali missiyasından – ayrı-ayrı irqləri və millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların və sevgilərin daşıyıcısı olduğundan, tarix boyu bədii ədəbiyyatın bu qədim və əzəli doğmalığı dünya fikir müstəvisində yaşatdığından söz açıb, Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada tanıdılması işinə yetirdiyi qayğı və diqqəti vurğulayıb.
Sonra Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət və mənsub olduğu dil qrupu haqqında geniş məlumatla çıxış edib.
Strasburq Universitetinin Filologiya fakültəsinin dekanı, professor Jan-Pol Meyer antologiyaya daxil edilmiş əsərlərlə bağlı fikir və dəyərləndirmələrini bölüşüb və Mir Cəlalın “Dissertasiya” hekayəsindən bir parçanı səsləndirib.
Tanınmış fransız yazıçı Mişel Kop onu xüsusilə təsirləndirmiş hekayələrlə bağlı təəssüratlarını bildirib və çıxışını A.Məsudun “Dovşanın ölümü” hekayəsinin oxunuşu ilə bitirib.
Daha sonra tənqidçi Jan Emmanuel Medina çıxış edərək, ərsəyə gətirilmiş kitabın, hər iki ölkənin mədəni-ictimai həyatında əhəmiyyətli hadisə olduğunu qeyd edib. Sonra “Kapaz” Nəşriyyat Evinin rəhbəri Albert Vak, əməkdaşlar Nicat Kazımov və Dilbadi Qasımov çıxış edərək, qarşıda duran perspektiv layihələr haqqında danışıblar.
Tədbirin sonunda çıxışçılar iştirakçıların suallarını cavablandırıblar və qonaqlara furşet təqdim olunub.
Kitabın, yaxın zamanlarda Paris, Tuluz, Anje və digər şəhərlərin mərkəzi kitabxanalarına, universitetlərinə yerləşdiriləcəyi, silsilə təqdimatlarla Fransanın ədəbi ictimaiyyətinə təqdim ediləcəyi gözlənilir.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...