“Azərbaycan – dünyanın ən sabit, ən əminaman ölkəsidir” – Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Elias Məhəmməd əl-Haq
Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Elias Məhəmməd əl-Haq və xanımı Majda Mahdi Abdelmoneim ARNK yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru xanım Afaq Məsud qonağı salamlayaraq, Azərbaycanda ərəb dilinə, ərəb ədəbiyyatına olan sevgidən və maraqdan, ərəb dilinə tərcümə edilmiş “Müasir Azərbaycan antologiyası”ndan danışıb:
– İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı belə bir akademik formatda ərəb dünyasına təqdim olunur. Bu vaxta qədər milli ədəbiyyatımız dünyaya, yalnız rus dilindən ikinci dilə edilmiş tərcümələr vasitəsi ilə təqdim olunurdu ki, bu proses, yəni ikinci dildən tərcümə yazıçının bədii üslubunun və təhkiyəsinin itirilməsi, çox vaxt orijinalın təhrif olunması ilə nəticələnirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanıyla yaradılmış Tərcümə Mərkəzi bu sahədə kifayət qədər köklü dəyişikliklərə nail ola bilib. Bu gün ədəbiyyatımız dünya xalqları dilinə birbaşa orijinaldan, üstəlik bu işdə kifayət qədər təcrübəsi və istedadı olan dil daşıyıcıları tərəfindən həyata keçirilir. Antologiyanın ərəb dilinə tərcüməsini tanınmış tərcüməçi, Azərbaycanda Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd bəy Sami Elaydi həyata keçirib. Hazırda bu kitabın ingilis, fransız, belarus, alman və fars dilinə tərcüməsi üzərində işlər gedir. Bu sahədə Mərkəz dünyanın aparıcı tərcümə qurumlarıyla, mütəxəssislərlə əməkdaşlıq edir. Mərkəz, həmçinin dünya ədəbiyyatlarının Azərbaycan dilinə mükəmməl səviyyədə tərcümə və nəşr olunması istiqamətində də qarşılıqlı layihələr həyata keçirir. “Xəzər” dünya ədəbiyyatı jurnalı mütəmadi şəkildə dünya ədəbi prosesini işıqlandırır. Jurnal öz səhifələrində, ərəb ədəbiyyatının əsaslı qollarından olan Sudan ədəbiyyatına da geniş yer ayırmağa, bu ədəbiyyatları kitab halında nəşr etməyə hazırdır.”
Sudan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Elias Məhəmməd əl-Haq öz növbəsində, belə bir görüşə şərait yaratdığı üçün Mərkəzin direktoru Afaq Məsuda dərin təşəkkürünü bildirərək, Tərcümə Mərkəzinin, dünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli işlər gördüyü, ədəbiyyatlararası mübadilələrin millətlərarası dostluq və anlaşma münasibətlərində önəmli rol oynadığı barədə danışıb:
– Dünya xalqları arasında qarşılıqlı anlaşmanın bərqərar olmasında tərcümənin, ədəbiyyatın rolu çox böyükdür. Sizin Mərkəz ölkələrarası münasibətlərin yaxşılaşdırılması istiqamətində misilsiz işlər görür. Siz milli ədəbiyyatınızı dünyaya çıxarır, dünya ədəbiyyatını çəkib ölkənizə gətirirsiniz. Bu, çox çətin, çətin olduğu qədər də böyük və ali bir missiyadır ki, bunu yüksək səviyyədə həyata keçirirsiniz. Çox istərdim ki, Azərbaycan Tərcümə Mərkəzi ilə Sudan Beynəlxalq Tərcümə Mərkəzi, Xartum Universiteti və Beynəlxalq Afrika Universiteti arasında sıx əməkdaşlıq münasibətləri qurulsun. Sudanda tərcümə işi, sizin Tərcümə Mərkəzində qurulduğu səviyyədə olmasa da, ədəbiyyatlararası mübadilələr istiqamətində çox işlər görmək olar. Sizi böyük məmnuniyyətlə 17-20 oktyabr tarixlərində Sudanda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət edirəm. Ərəb dilinə tərcümə olunmuş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimatını bu sərgi çərçivəsində həyata keçirmək, Sudan oxucusunu Azərbaycanın ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış etmək ölkələrimiz arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində atılmış xeyirxah addım olar. Azərbaycan bizim üçün doğma bir diyardır. Mənim qızım burada tibb universitetində təhsil alır. Mənə, otuz dörd illik səfirlik fəaliyyətimdə bir çox ölkələrdə yaşamaq nəsib olub. Azərbaycan dünyanın ən sabit, ən əminaman ölkələrindən biridir. Xalqı çox nəcib, mehriban və səxavətlidir. Burada mən özümü doğma vətənimdə hiss edən tək hiss edirəm. Burada nədənsə narahat olmağa heç bir əsas yoxdur. Çünki ölkədə əminamanlıq və sabitlik hökm sürür. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyanın ən sabit ölkəsidir. Belə bir ölkənin, bu xalqın milli-mənəvi dəyərlərinin dünyaya tanıdılması böyük, tarixi bir addımdır. Sizə bu şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram”.
Səfirin xanımı Majda Mahdi öz növbəsində, Afaq Məsuda duyduğu dost münasibətini və hörmətini bildirərək, Mərkəzin ərəb dili və ədəbiyyatı sahəsində ərsəyə gətirdiyi işləri yüksək dəyərləndirib.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...