Minsk kitab sərgisində Tərcümə Mərkəzinin fəaliyyəti təqdim olunub
"Kitabsız ev pəncərəsiz otaq kimidir" - Minskdə keçirilən XIII Beynəlxalq kitab sərgi-yarmarkasının pavilyonlarından birinin üzərindəki bu yazı bu cür möhtəşəm forumların devizi sayıla bilər. Doğrudan da, Belarusun "BelEkspo2 Milli sərgi mərkəzi özünün zəngin pavilyonları, özünəməxsus dizaynı ilə çoxotaqlı, geniş, qotik üslubda işlənmiş işıqlı evi xatırladırdı.
Azərbaycan-Belarus ədəbi əlaqələr mövzusunda təşkil olunmuş tədbir çərçivəsində Tərcümə Mərkəzinin təqdimat mərasimi "Zvyazda" Dövlət redaksiya-nəşriyyat evinin pavilyonunda baş tutdu. Hələ tədbirə yarım saat qalmış bütün tamaşaçı yerləri tutulmuşdu. Tədbiri Aleksandr Karlyukeviçin özü aparırdı. Təqdimat mərasimində Azərbaycanın Belarusdakı səfirliyinin məsul işçiləri, Belarusdakı Azərbaycan icmalarının təmsilçiləri belarus şair və yazıçılarla yanaşı, qonşu pavilyonlardan qonaqlar da iştirak edirdi. A.Karlyukeviçin giriş sözündən sonra "Zvyazda"nın pavilyonda quraşdarılmış böyük monitorda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Tərcümə Mərkəzinin əməkdaşları olaraq ziyarətçilərin çoxsaylı suallarını cavablandırdıq. Belarusdakı Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Salatın Ömərovanın hazırladığı ədəbi-bədii kompozisiya alqışlarla qarşılandı. Yeri gəlmişkən, Azərbaycan-Belarus ədəbi-mədəni əlaqələrinin genişlənməsi və dərinləşməsi ilə bağlı Salatın xanımın Minskdə gördüyü işlərdən hamının ağızdolusu söhbət açdığının şahidi olduq. Belarus tələbələr Süzanna Ağayeva və Olesya Kosoykinanın Azərbaycan dilində zövqlə səsləndirdikləri şeir parçalarını heyranlıqla dinlədik. Azərbaycan icmaları konqresinin sədri, məşhur idmançı Natiq Bağırovun dərin məzmunlu nitqi, Belarusun tanınmış şairi Tatyana Sivetsin çıxışı - o özünün "Bakı" poemasından parçalar oxudu - xüsusi rəğbətlə qarşılandı.
Tərcümə Mərkəzinin uğurlu təqdimat mərasiminin keçirilməsində əməyi olan hər kəsə, xüsusilə də, Belarusun nüfuzlu yazıçısı Aleksandr Nikolayeviç Karlyukeviçə təşəkkürümüzü bildiririk.
Etimad Muradov,
Minsk-Bakı 10-14 fevral
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...