Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında
Qazaxıstanın “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində dünyasını vaxtsız dəyişmiş gənc, istedadlı yazıçı Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə tərcümə müəllifi – Mərkəzin rus dili mütəxəssisi Arzu Rəcəbova, bədii redaktoru – Rusiya ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” portalı əsasən dünya ədəbiyyatının Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
https://adebiportal.kz/ru/blogs/view/5819 |
Zərdüşt Şəfi
· 1986-cı ildə anadan olub;
· 2005-ci ildən hekayə və esseləri dövrü mətbuatda dərc olunub;
· 2009-cu ildə “İlin gənc yazıçısı” mükafatına layiq görülüb;
· “Başqa adamlar” adlı ilk kitabı 2011-ci ildə işıq üzü görüb;
· 2012-ci ildə qan xərçəngi xəstəliyindən vəfat edib.
Sonuncu çiçək dükanı
O müdhiş gecənin sabahı bütün çiçək dükanları bağlandı. Nəinki çiçək dükanları, şəhərdəki bütün xidmət sahələri də dondu. Sonradan günlər keçdikcə onlar gah sakit, gah gizli fəaliyyət göstərərək yavaş-yavaş işlərini bərpa etsələr də çiçək dükanlarından açılan olmadı.
Əslində çiçək tacirlərindən heç birinin digərinin daha işləməmək qərarından xəbəri yoxdu. Yəqin bu şəhərin insanlarının çiçəyə ehtiyacı olmayacağını düşünmüşdülər. Heç vitrinlərdən çiçəkləri də yığışdırmamışdılar- o faciədən qabaq dükanlar necə bağlanmışdılarsa, elə də qalmışdı. Və elə bil bu vəziyyəti çiçəklər də hiss etmişdilər- onlar da bir gecənin içində sanki hansısa bir yararsızlıq duyğusu ilə solub-bürüşmüş, axşama qədər isə çürümüş çiçəklərin qoxusu küçələri basmışdı.
Bircə qərənfillərə bunların heç bir aidiyyəti yoxuydu- həmin günlərdə onlar hər yerdə adamların rastına çıxır, hər kəsin əlində gəzirdi. Buna görə də o dükanların vitrinlərində, çürümüş çiçəklərin arasında qərənfil görə bilməzdin. Ancaq onların camaata kimin necə və nə vaxt payladığını deyə bilmərəm.
Bircə mən bağlamamışdım dükanı. Əslində digərlərinə baxanda o balaca zirzəmiyə heç dükan da demək olmazdı- mənim özümə bənzəyən köhnə təmirli dükanım yaşadığım binanın altında, gözdən uzaq bir küncdə idi. Heç müştərilərim də o qədər çox deyildi, alıcılar əsasən məhlələrarası qonşularım. Bütün çiçəkləri də özüm becərirdim- beşmərtəbəli evin üçüncü mərtəbəsində ikiotaqlı mənzilimi istixanaya çevirmişdim. Evimə baxan olsa, orda insanın yaşadığına yəqin ki, inanmazdı. Ya da evə ilk dəfə daxil olan insan cənnətə düşdüyünü düşünər— minilliklər sonra ora qayıda bildiyinə sevinərdi. Yəqin cənnəti görüb bunları düşünən insanın bir az da xəstə təxəyüllü olmalıdı — sağlam düşüncəsi adam torpaq və soxulcan iyi verən bu cür otaqlardan sadəcə heyrətlə qaçardı. Mən niyə qaçmırdım- özümə də maraqlı idi. Yəqin bir səbəb vardı– mən çiçəklərimi sevirdim. Bu məhəbbət adi təbiət sevdasından daha üstün idi, məsələn, baba- nəvə sevgisinə daha çox oxşayırdı. Mən çiçəklərimə qulluq edərkən onları balaca balalar kimi əzizləyir, onlarla danışır, onlarla gülür, bütün dərdimi onların yanında unudurdum. Qoca yaşımda onlarla vaxt keçirməkdən zövq alır, çiçəklərim üçün mahnılar qoşub oxuyurdum. Yəqin bu da ahıllığımdan irəli gələn bir xəstəlik idi.
Mən inanırdım ki, onlar da məni sevirlər. Hələ səpdiyim toxumların cücərmədiyini, əkdiyim şitillərin tutmadığını, güllərimin solduğunu görməmişdim- ta o müdhiş gecəyə kimi. Bu vaxta qədər heç yerdən çiçək alıb dükanımda satmamışdım- ancaq öz əlimin məhsulunu çıxarırdım satışa. Bəlkə bütün bunlara görə o faciəli günün səhəri mən dükanı açmaya bilmədim.
Faciə baş verən gecəsi küçədən güllə və qışqırıq səsləri, heyrət və qorxu hissi açıq pəncərədən içəri dolduqca beynimdə ancaq bir fikir vardı- güllərimi, əllərimin zəhmətini bu faciədən qorumaq.
Onlar işıq gələn hər yerə atəş açırdılar: içimdən bir çoxları kimi əliyalın, bağıra-bağıra onların üstünə getmək fikri keçsə də, güllərimin qeydinə qalmaq, onları sahibsiz buraxmamaq naminə, özümü Həvva yaradılana qədərki Adəm kimi hiss edərək qaranlıqda oturdum. Sonradan, şəhərdə baş verənlərə öz gözümlə şahid olandan sonra bu qoca yaşımda özümdən utanmışdım- hər kəsin canını tapşırmağa çalışdığı saatlarda mən sanki böyük bir xəzinə qoruyurmuş kimi güllərimin üstündə əsirdim— unutmuşdum ki, insanlar olmayan yerdə gözəllik də yoxdu, incəlik də, yəni ondan sonra heç güllər də lazım deyil heç kimə, ondan sonra güllər Marsdaki suya bənzəyir, istifadəsi mümkünsüz, yararsız.
Sabaha kimi düşünmüş — tək-tük uzaqda və yaxında atılan güllələri saymış və belə qərara gəlmişdim ki, işləyəcəm. Başqa gəlir gətirəcək yerim də yoxuydu, çiçəklərimə də heyfim gəlirdi— həm də ola bilməz axı bu şəhər ümumiyyətlə çiçəklərdən imtina etsin və ən azından o faciəni ağlamağa çiçək axtarmasın.
Çiçəklər insanın həmişə həm sevincini, həm kədərini bölüşüblər- insanlar toya da çiçək aparıblar, qəbir üstünə də, ad gününə də, xəstə yanına da- yəni bir az dərin fikirləşsən çiçəklər üçün bir başqa hissiyyat mövcuddur ki, onun tərkibində həm kədər, həm faciə, həm də xoşbəxtlik və ümid var- qəribə də olsa onlara baxaraq həm gülə, həm gülümsünə, həm göz yaşları axıda, həm də hönkürüb ağlaya bilərsən.
Çiçək fəlsəfəsi
Bəlkə də bu hissin adı dostluq və sadiqlikdir— yəni onlar bir yaxın dost kimi hər kəsin xeyirinə və şərinə yarayırlar. Bu xüsusiyyətlərinə görə də onları hər kəs sevir- qoca, cavan, uşaq, sağlam, xəstə və hətta ölülər.
Mən filosof deyiləm- bu fikirlər də mənim deyil. Mən onları bir şeir kitabında oxumuşdum. Kitabı mənə dostum vermişdi- kitabın müəllifi siyasi xadim, həm də xalq şairiydi. Hər adam onun kitabını tapmaq, şeirlərini oxumaq istəyirdi. O müdhiş gecədən bir il qabaqkı dəfn- o şairin dəfni hələ də yadımdadı. Elə izdihamlı mərasimlər həmişə olmur. Onda mən çiçəklərimi havayı paylamışdım- bunu özümə borc bilmişdim.
Beləcə o şairin misralarını yadıma salmağa çalışaraq dükanı bağlamamaq və sadəcə adını dəyişmək haqqında düşündüm- ancaq bir qərara gələ bilmədim. Görəsən nə ad versəm çiçək sözünün hal- hazırda insanlarda yaratdığı mənfi emosiyanı aradan qaldıra bilər, nə ad versəm bu dükan insanların gözündə açıq qaldığına, elə bir faciədən sonra bağlanmadığına görə bəraət qazana bilər?
Xalqın belə faciəli günündə bircə qarın çörəkdən ötrü çarpışdığımdan özümü qınamışdım da. Ən azından çiçəklərin günahı yoxuydu, ən azından əlimdə olanları satmalıydım- axı məzarların üstünə çiçək lazım olacaqdı. Əslində bunların bəhanə olduğunu da bilirdim: mən sadəcə işimdən əl çəkmək istəməmişdim, başqa bir işlə məşğul olmağa ərinərdim, bəlkə də rəqiblərimin olmayacağını hiss edərək daha çox pul qazanmaq istəmişdim…
O gecə qocaman şəhərdə kimsə yatmamışdı- meyitlər küçə-küçə , ev-ev, məscid-məscid daşınmışdı. Evlərinə sığınan insanların isə fikirləri, ümidləri dolaşmışdı bütün dünyanı. Pəncərələrdən baxanlara elə gəlmişdi ki, bu gecə şəhərdə böyük oğurluqlar baş verir.
Gizli oğurluqlar
Küçələrdən meyitlərin aparılması sakit- səssiz görülən oğurluqlara bənzəyirdi, hətta təcili yardımlar da sirena və işıqlardan imtina etmişdilər- çünki o qədim nağıldan tamamilə fərqli olaraq indi səs gələnə də, işıq gələnə də güllə atırdılar. Sanki Cırtdanın hara getdiyini dəqiq bilməyərək elə birdəfəlik məsələni həll etymək istəyirdilər.
Şəhərin küçələrini gəzdikcə tamam haldan düşdüm. Sağ qalmaq üçün işıqlardan qaçmaq, binaların girişində, ya da tinlərdə gizlənmək, hətta bəzən yalandan meyitlərin arasına uzanmaq lazım gəlirdi- tankların üstündə çəkdiyi şəkli rəssam seyr edər kimi ətrafı seyr edənlərin, atmağa heç nə tapmayanda havaya ataraq bəlkə də xəyallarında Allahın mələklərini vurmağa çalışanların güllələri hələ qurtarmamışdı.
Bax hər şey ordan başlamışdı- küçələrdən. Hər kəsin həyatında yaxşıya, ya da pisə doğru bir çevriliş, bir dönüş nöqtəsi olur. O gecə və o küçələr minlərlə insanın həyatında olduğu kimi mənim həyatımın da dönüş nöqtəsi imiş.
Evimə tərəf qayıdanda, işıqlanmaqda olan şəhərin alatoranında qarşıma çıxan mənzərədən donub qaldım- üst-üstə qalanmış meyitləri bir neçə təcili yardım daşımağa çalışır, bir yandan da adamlar onları qucaqlarında yaxındakı məscidə və evlərə qaldırırdılar. Heyrətdən üzümü Tanrıya çevirəndə gözlərim beşmərtəbəli binanın üstündə ilişib qaldı- orda, nədənsə bu alatoranda işıqlı şəkildə aydın görünən bir adam dayanmışdı- nə əlində silah görünürdü, nə də kiminsə onu görərək atəş açacağından qorxurdu. Kölgənin qırmızımtıl rəngi vardı- bəlkə də işıqlanmaqda olan səmanın rəngiydi bu, bəlkə də hər tərəfdə gölməçələnən qan gözümü tutmuşdu.
İki addım o tərəfə atdım- kimsə dözə bilməyib bu gecənin itkilərinə, kimsə təslim olmaq istəyir həyata- özünü atmaq istəyir, olmaz belə, belə zəiflik olmaz! Ancaq bir anın içində gördüyüm dizlərimi qatladı- qırmızımtıl kölgə sərbəst bir şəkildə binanın qırağından adladı və mənim bir anda onu ətrafdakılara göstərmək istədiyimdən sanki istifadə edib yoxa çıxdı. Dizlərim yerdə, əllərim ətrafdakılara onu göstərmək istədiyimdən havada, bax eləcə qaldım.
Özümü itirmişdim. Əllərim əsir, heyrətidən çığıra da bilmir, səsim batmış halda, dizlərim yerdə, qəribə səslər çıxararaq asvaltın qan qoxuyan tozunu sifətimə çırpır, beynimə dolan maraqlı bir fikirlə çığırmaq istəyirdim: ölənlərin, şəhidlərin arasında mən yoxam! Mən sağam! Niyə? Qorxaq kimi çiçəklərinin arasında, qaranlıqda oturaraq bundan sonra alverimi necə quracağımı düşünmüşdüm çünki, sağ-salamat ola-ola meyitlərin arasına uzanmışdım çünki. Çünki baş verənlər mənə uzaq bir xəyal kimi görünmüşdü: ancaq öz çiçəklərimi düşünərək, ancaq özümü düşünərək hər kəsi unutmuşdum!
Ətrafda meyitləri daşımağa çalışan insanlar məni küçədən qaldıraraq təcili yardıma vermək istəyirdilər, ancaq bu mümkün deyildi. Dizlərimdən aşağısı tutmur, çəkim ağır, özüm də heç qiyamətəcən dizlərimi yerdən qaldıra bilməyəcəyimi düşünürdüm. Bir neçə adam birlikdə də cəhd etdilər, ancaq məni yerimdən qaldıra bilmədilər- “dərdi ağırdı” dedilər.
Mən heç nə görmürdüm- sarsılmışdım, tapdalanmış və məhv olmuş, ölmüşdüm sanki. Yoxa çıxaraq havanın tərkibinə çevrilmişdim elə bil- boğazımdan bir ağır zəncirlə yük asılmışdı. Ölmək istəyirdim: ancaq buna təbii bir yol yoxdu. Özünü yaşamaq istəməyəndə öldürə bilmək qüdrətinin təbii bir halda insana verilməməsi ədalətsizlikdi deyə düşünmüşdüm. İndicə o kölgənin özünü binadan atıb öldürmək istəyən insan olduğunu düşünəndə onun bu hərəkətini zəiflik kimi qiymətləndirmişdim.
Gözlərimdə o kölgənin izi qalmışdı- diqqətlə baxan olsaydlı, bəlkə hələ də göz bəbəklərimin böyümüş qaranlığında onun azacıq qızarmış əksini görə bilərdi. Mən elə bil hələ də onu görürdüm.
Sonra təngnəfəs, sərxoş insanlar kimi, bir az da gülə- gülə dəli kimi sürətlə küçələri keçərək, döngələri dönərək, insanların utancaq baxışları altında özümü yaşadığım məhəlləyə yetirdim- yolboyu kiminsə məni təqib etdiyini düşünərək arxaya baxdım, qarşıma çıxan bütün binaların üstünə baxdım- “o kim idi, nəyə baxırdı, ordan hara uçdu” kimi axmaq suallar verirdim özümə- balaca uşaqlar günəşin hara getdiyini soruşan kimi. Özümə güldüm yolboyu- yolboyu həm də bütün küçələrdə mənə elə gəldi ki, artıq burda olmuşam, burdan bir dəfə keçmişəm, hətta bəzən mənə elə gəldi ki, bayaqdan bir addım da getməmişəm, elə yerimdə dayanıb qalmışam- kölgə bax elə bu binanın başından baxırdı qan gölməçələrinə, mən də bax burda, bu meyitlərin yanında yerə dizlərim üstə dəymişdim. Bəlkə bütün küçələrdə mənzərələrin eyni olduğundandı bu, bəlkə də qan tutmuşdu gözlərimi.
O gecənin səhəri dükanı həmişəkindən də bir saat tez açdım- göz önündə olacaq və insanların fikirlərini cəlb edəcək çiçəkləri öndən yığışdırdım, qapının üstünə asılmış lövhəni götürdüm, atdım zırzəminin ən uzaq küncünə. Bacardığım qədər çiçəkləri, güldanları və dibçəkləri zirzəminin nisbətən arxa hissəsinə daşıdım. Xeyli də yorulub tərlədim- sonda işimdən razı qaldım. Baxanda bu mənzərə gözlərimə xoş gəldi: “elə belə də olmalıydı, lap əvvəldən”— düşündüm- “ elə həmişə, dünən gecədən də qabaq bu zirzəmi belə olmalıydı,”- və bunu indiyə kimi niyə etmədiyimə heyfisləndim.
Dibçəkləri və içində güllər dolu güldanları bacardığım qədər içəri yığdığımdan balaca bir yerə iç-içə sıxılmış güllər eyni zamanda həm xoşbəxt ( sanki bayram məclisinə yığışmışdılar ), həm də bədbəxt ( sanki nədənsə qorxub meydandan arxaya çəkilmişdilər ) görünürdülər.
Bir az da kədər doldu qəlbimə- guya ki, çiçəkləri bir az gözə çarpdırmamağa çalışdım, nəticədə dükan əvvəlkindən də gözəl oldu. Sanki qapıdan düz içəri olan pillələrlə enən kimi, bir boşluğa düşürdün və qəfil çiçəklər öz gözəllikləri və ətirləri ilə səni ağuşlarına alırdılar: nəfəsin qısıla-qısıla, güc- bəla ilə, yorulmuş əzələlərinə inad dağın başına qalxmısan, nəfəsini dərə-dərə, yüksəklikdən aldığın həzzdən ayılmamış, qarşındakı çəmənliyin tən orasının güllər açdığını görürsən- qıpqırmızı, sapsarı, qatışıq bənövşəyi və bəzən də qaramtıl- bədənindəki son gücünlə özünü onlara çatdırmağa, onların arasında bir üzügöyə, üzütanrıya uzanmağa çalışırsan- niyə, heç özün də bilmirsən. Və bundan sonra nə olacaq- öləcəksənmi damarlarına səbəbsiz yüklənən bu sevincdən, ya yenidən doğulacaqsan- bəlkə də öz içində oyanacaqsan qəfil yuxudan- heç düşünmədən.
Elə bil qəsdən bütün bu hissləri hesablayıb bəzəmişdin dükanı- hirsləndim öz- özümə. Nə qədər gözəl görünsə də “belə olmaz” deyə düşündüm. Dibçəklər üçün satdığım torpaq kisələrinin birinin ağzını açdım və yerlə bir etdim- qoy dağınıqlıq olsun, içəri girənin ağlına bir dağınıqlıq çöksün, beyinlərdəki xaosa bərabər olsun.
Bütün bunları edərkən əllərim əsirdi.
Bununla da ürəyim sakitləşmədi- bəzi çiçəklərin qanadlarını qırdım, ancaq sonadək qoparıb atmadım- qırılmış qanadlar dərilərindən asıla qaldı, sahibsiz kimi- ayrı vaxt bunu heç vaxt edə bilməzdim, bunu ayrı vaxt belə qoymazdım- bəzilərinin qönçələrini qırıb atdım yerə, ayaq altına, bəzisini də ümumiyyətlə çox gözəl olduğuna görə məhv etdim. Çünki şəhərin hazırki halıyla onların gözəlliyi heç uyuşmurdu- hətta dükanımda belə bir gözəlliklə yanaşı özümü narahat hiss edirdim: elə bil hər kəsin aclıq çəkdiyi bir zamanda sən naz- nemət içində üzürsən.
Bütün bunları edərkən zərrə qədər də tərəddüd etmədim- çiçəklərin gözəlliklərini qıra- qıra anladım ki, dünən gecədən bu yana keçən zaman ərzində bütün bu ssenari beynimdə yazılıbmış. İçimdə bir hiss də vardı- çiçəklərin məndən inciməyəcəklərinə əmindim. Bircə gözümdə dünən axşam ilk güllə səsi eşidiləndən bəri yığılıb qalmış yaşlar məni dinləmədilər- azadlıq arzusuyla gözlərimə dolub yanaqlarıma daşdılar. Mən onları bu uzun ömrümdə çox əsarətdə saxlamışdım, indisə bu, mümkün deyildi.
Bir siqaret yandırdım- ilk dəfə çiçəklərin yanında, utanmaz- utanmaz siqaret çəkməyə başladım, tüstüsünü də rahatca hər tərəfə fısqırtdım. Əvvəl bunu heç vaxt etməzdim, utanardım çiçəklərimdən, onların onsuz da zirzəmi qoxusuyla korlanmış havalarını korlamağa qıymazdım, ancaq indi çox şey dəyişmişdi. Dəyişən nə idi axı- hələ özüm də bunu ayırd edə bilməmişdim. Siqaretin tüstüsüylə ürəyimə bir rahatlıq çökdü- sinəmə bir boşluq doldu sanki və beynim dincəldi. Hətta bir anlıq mənə elə gəldi ki, çiçəklər də bu havadan məst oldular, onların da gövdələrində boşluqlar varmış- tüstü onların bədənlərində də öz yerini aldı, sanki çiçəklər də düşünmürdülər artıq nəyin niyə və necə olduğunu.
Günlər keçdikcə məni narahat edən bircə o kölgənin anlaşılmaz görüntüsü idi. Faciədən sonra bir neçə gün həlak olanların basdırılma mərasimində də, o gündən sonra hər gün ancaq və ancaq o xiyabana tərəf axışan insanların arasında da, gecələr təklikdə çıxıb dolaşdığım küçələrdə də, hətta öz yaşadığım binanın üstündə də gözlərim o kölgəni axtarırdı. Ondan bir iz yox idi. İnsanların arasında onu axtardıqca hiss edirdim ki, sanki hamı ona oxşayır- ancaq necə oxşaya bilərlər axı, mən ki kölgəni uzaqdan görmüşdüm- bircə qırmızımtıl rəngi yadımda idi.
O gecədən sonra şəhər dəyişmişdi. İnsanlarda mübarizə əzmi artmışdı- ruhlanmışdılar, dirçəlmişdilər. Onlar bir- birləri ilə eyni doğmalarını itirmiş kimi danışırdılar. O gündən bəri hər kəs faciədən qabaqkı kimi meydana axışırdı. Sanki bütün yollar bir neçə gündən bəri böyük bir xiyabanda basdırılan şəhidlərlərin yanına aparırdı, hara gedirsə getsin, hər kəs ordan keçir, hər kəs orda dayanır, orda nəfəs alırdı.
Bir də bir qəribəlik vardı insanlarda- sanki bir- birlərinin gözünün içinə baxmağa qorxurdular. Hər kəs sanki o gecə ölmədiyinə görə utanırdı- sanki özü kimi ölməyənlərə deyil, ölənlərin gözünə baxırdı. Ölənlərin yaxınları idi burda hər kəs- burda hər kəs ölü sahibi kimi hiss edirdi özünü. Həm də hiss etdim ki, sanki o gündən sonra şəhərin küçələrində, meydanlarında qarşıma çıxan hər kəs ölmüşdü- hər kəs canlı meyit kimi gəzirdi. Və əslində bunun- bu hisslərin nə dərəcədə qorxulu olduğunu indi anladım. İndi anladım ki, əslində bu qırğın tamamilə başqa məqsdədlər daşısa da əks nəticə verib- belə qəzəb, belə qorxmazlıq insanlarda yaratmaq olmaz.
Şəhərdə yeganə çiçək dükanını ilk dəfə bütün faciələrə baxmayaraq gizli- aşkar bir- birlərini sevməyə davam edən sevgililər aşkar etdilər. Yavaş- yavaş hiss etdim ki, ən eybəcər hala düşmüş çiçəklər alıcıların daha çox diqqətini çəkir- mən də hər səhər gözlərimin yaşını silə- silə çiçəklərimi qırır, vicdanımı yeyib- bitirərək alverimi böyüdürdüm.
O facidən sonra ümidlərini bir- birinə bağlayan, ya da heç kimə ümid etməyərək şəhid olmuş qohumlarına ağlayan insanlar bu kiçik zirzəminin səsini yavaş- yavaş bütün şəhərə yaydılar. Özüm də hiss etmədən, başımı aşağı salıb çiçəklərimi becərə- becərə, əllərimi əsdirərək hər axşam onların qol- qanadını qıra- qıra şəhərin dilinə düşdüm. Bəlkə də bilsəydim belə olacaq- heç açmazdım o faciədən sonra dükanı. Bəlkə də bilsəydim çiçəklərin qol-qanadını elə insafsızca qırıb insanların diqqətini üstümə çəkməzdim. Bəlkə də çiçəkləri havayı paylasaydım daha yaxşı olardı- belə gözə girməzdim.
O faciəli gündən sonra şəhər mənim çiçəklərimlə nəfəs alırdı- artıq sevgililər deyil, adi şəhər sakinləri də səbəbli- səbəbsiz çiçəklərimi alır, içlərindəki kədəri, gözlərindəki əzabı o çiçəklərə ötürür, çiçəklər də sanki bir məmnuniyyətlə insanları narahat edən fikirləri canına hopdurur və onların ağırlığı altında solurdular.
Alverim qalxdıqca qəlbimi bir kədər bürüyürdü- utanırdım insanların kədərindən pul qazandığıma. Və günü- gündən daha çox çiçək yetişdirməyə çalışır, qiyməti aşağı salırdım. Sonda ən aza endirdim qiyməti- ancaq özümün və çiçəklərimin tələbatına uyğun pul almağa başladım insanlardan. Eyni zamanda da bir rahatlıq vardı içimdə- mənim çiçəklərim insanları sakitləşdirir, rahatlaşdırırdı.
Bütün tacirlər, çiçək dükanı sahibləri- yenə də bir- birindən xəbərsiz demək olar eyni fikir ardıcıllığını düşünür, durur, gözləyirdilər. “Qoca işini yaxşı qurub, gör bir saman altdan necə su yeridir…”— deyirdilər dükanım haqda. Mənim xəbərim yoxdu.
“Elə bir gündən sonra abırsız- abırsız çiçək satır, utanmaz- utanmaz pul qazanır…”— deyə şəhərin ən böyük çiçək taciri əlini stolun üstünə çırpıbmış. Əslində qəzəbinin səbəbi tamam başqa idi.
“Bizim fikirləşə bilmədiyimizi düşünüb, bizim ağlımıza gəlməyəni edib…”— başını aşağı salıb onun qarşısında durmuş köməkçisi çiyinlərini çəkərək dillənibmiş.
Bir gecə dükanını bütün gücü ilə işə saldı. Bir gecədə bütün dükanı tər- təmiz təmizlətdi, yenilətdi və vitrinləri hazırlatdı. Ancaq iş çoxdan dayandığından çiçəkləri lazım olan yerlərdən tapa bilmədi- həm xaricdən çiçək gətirənlər bu tərəflərə artıq gəlmirdilər, həm də yerli istehsalçılar artıq çiçək yetişdirmirdilər.
Onlar mənim çiçəkləri hardan gətirib satdığımı tapmağa çalışarkən yeni bir faciənin əsası qoyuldu: hazırlatdığı, təzələtdiyi vitrinləri bir gecədə də vurub dağıtdılar, yerlə bir etdilər. Çiçək satışı üçün hazırlanmış, bu bər- bəzəkli, ancaq çiçəksiz vitrinlər hələ də meydanlara yığışıb ən azından ölən şəhidlərinin ruhuna azadlıq tələb edən insanların gözlərinə pis görünmüşdü.
Mən isə bütün bunlardan xəbərsizdim. O kölgənin kabusuna çevrilmişdim. Yuxuda qırmızımtıl kölgə məni təqib edirdi, dükanda olmadığım vaxtlarsa mən təkrar- təkrar küçələri axtarır, o binanı tapmağa çalışır, ancaq tapa bilmirdim. Elə bil o küçə, o bina şəhərdən itmişdi. Eyni zamanda da özümü tamamilə itirdiyimi hiss edirdim. Hiss edirdim ki, artıq çiçəklərin qol- qanadını məhz o kölgənin acığına daha hirslə, daha həvəslə qırıram. Hiss edirdim ki, artıq çiçəklərin qol qanadının qırılmaması üçün zaman yetişsə də bu adətimi tərgidə bilmirəm. Hər dəfə yeni bir çiçəyə zərər vurarkən dönüb girişə baxır, o kölgənin gəlməli olduğunu düşünür və hər bir müştərimin sifətində onu axtarıram.
Yavaş- yavaş dəli olurdum elə bil. Qocalırdım. Əllərim daha həyəcanla əsir, ürəyim hər gün daha bərk döyünürdü. Mən gözləyirdim.
Bir çoxları vitrinlərin yerlə bir edilməsini mənim işim hesab etdi- çünki mən heç nədən xəbərsiz gecələr o kölgəni axtarırdım şəhərdə. O faciədən sonra şəhər ilk dəfə birdən- birə canlandı və ortalığa yeni bir mövzu gəldi. Dükanıma söhbətə, ağzımdan söz almağa kimlər gəldi- kor –peşman qayıtdılar. Dükanım o qədər sadə, çiçəkləri o qədər hüzünlü, özüm də o qədər qoca idim ki, mənim belə bir şey etməyəcəyim göz önündə idi. Hələ çiçəklərimin qırıqlığında, solğunluğunda bir sehr vardı- gördülər almaya bilmirdilər, aldılar- çiçək tamamilə solunca çiçəkdən ayrıla bilmirdilər.
Bir sabah çiçək almağa gələn bir cütlüyün məni dükanın içində, yarpaqları, qolları, qönçələri qırıq çiçəklərinin arasında ölü tapacaqlarına əmindim- vitrinləri dağıdılan dükanın şüşələri yerlərdən tamamilə yığışmamış olmalıydı bu. Belə də oldu. Böyük bir bıçaq kürəyimdə, böyük kədər dükanımda, böyük bir qan gölünün içində. Ölümün başına yığışaraq zirzəmidəki çiçəklərin qan qarışmış ətrinə heyran olan insanları sarsıdansa, meyitimi üzüyuxarı çevirərkən gözlərimdəki sevincin böyüklüyü oldu- sanki kimsə mənə böyük bir yaxşılıq edib.
Məni onlarla yanaşı basdırdılar- xiyabanda, şəhid kimi, üstümdə bütün şəhər də ağladı, dükanımdakı bütün çiçəkləri də tökdülər üstümə. Bundan gözəl ölüm ola bilməzdi mənim üçün- çünki mən axtardığımı da tapmışdım. O qırmızı kölgəli adam gəlmişdi o gün dükanıma- sadəcə əlində məni vuran bıçaq vardı. Mən onu çoxdan gözləyirdim…
Mən öləndən sonra şəhərdə çoxlu çiçək dükanları açıldı. Insanlar da yavaş-yavaş həyatlarına döndülər. Onlar azadlığı əldə etdilər və unutdular. Yaşasaydım mənə qəribə gələrdi. Ancaq indi hər şeyi başa düşürəm- azadlığı ancaq ölənlər unutmurlar. Yaşayanlarsa azadlığı unutduqları üçün yaşaya bilirlər. Ölümü soruşsanız, o qədər də fərq yoxdu, bircə əllərim daha əsmir…
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...