Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Gürcüstanda nəşr olundu
Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub (ADTM). Zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib. Kitabın redaktoru – yazıçı-tərcüməçi İmir Məmmədli, ön sözün müəllifi – professor Xəlil Yusiflidir.
İNSAN DÜHASININ ƏLÇATMAZLIQ NÜMUNƏSİ
Böyük Azərbaycan şairi və mütəfəkkiri, məşhur “Xəmsə”nin (“Beşlik”) müəllifi Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarındandır. Onun poeziyasında hər bir mövzu və hadisə mütəfəkkir şair qəlbindən keçərək dərin ictimai və fəlsəfi məzmun alır.
Böyük söz ustası mövzunun imkanlarından istifadə edərək həyat, insanlar, onların əxlaqı, rəftarı, əməlləri barədə narahat düşüncələrini qələmə almışdır. Nizami insan və zaman probleminə, bu problemin ayrı-ayrı cəhətlərinə poemada dönə-dönə toxunur və hər zaman insanı yaxşılığa, gözəlliyə səsləyir, zamanın eyiblərini çəkinmədən romantik bir pafosla dilə gətirir.
Nizaminin poeması bu həqiqəti sübut edir ki, qurbanlar, faciələr hesabına olsa da, gec-tez insan dünyanı insaniləşdirəcək, zamanı dəyişdirəcək, zaman özü də dəyişəcəkdir. Həyatın və təbiətin öz dialektikası var; xərabə olan abad olacaq, pis olan yaxşılaşacaq:
Daim xaraba da olsa bir diyar,
Bil ki, abadlıqdan onda nişan var.
İstər xarab olsun, istərsə abad,
Daimi bünövrə qoymamış həyat.
Bu dialektik düşüncələr göstərir ki, Nizami insanın zaman üzərində qələbəsinə, indi ağa olanın sabah məhv olacağına, bu gün faciə qurbanı olanın sabah vüsala və sevincə yetişəcəyinə inanır. "Leyli və Məcnun" poeması insan və zaman mövzusu ətrafında şairin düşüncələrindən ibarət möhtəşəm bir poeziya ümmanıdır. Nizaminin "Leyli və Məcnun" poeması ancaq nakam bir eşq macərasının nəzmə çəkilməsi hadisəsi deyil. Bəlkə də, bunu daha çox bu mövzudan istifadə edərək dünya və insan haqqında yaradılmış bədii-fəlsəfi möhtəşəm bir əsər kimi qəbul etmək lazımdır. İnsan düşünə bilər ki, bütün bu söhbətlərin "Leyli və Məcnun" mövzusu ilə nə əlaqəsi var. Ancaq əsəri diqqətlə oxusaq, anlayarıq ki, bu rəngarəng düşüncələr birbaşa "Leyli və Məcnun" mövzusu ilə bağlıdır. Şair əsərin həm əvvəlində, həm də əsər boyu müxtəlif yerlərdə müxtəlif üsullarla həyat, dünya, dövrün insanları, onların amalları, səviyyələri, əməlləri haqqında söhbət açır, bu söhbətləri də mövzuya yad, kənar bilmir.
Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədakar, təmənnasız olduğunu, onun "idrak yolundakı əngəlləri" necə qətiyyət və cəsarətlə kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb göstərir.
Orta əsrlər şəraitində qadınların oyanışı, insanlığını dərk etməsi və faciəsi isə Leyli surətində əks etdirilmişdir. Leylinin faciəsi köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun yeniliyə qarşı qəddar və amansız olmasından yaranır. Orta əsr feodalının mütləq hakimiyyətinin hələ güclü olduğu, lakin sarsılmağa başladığı bir dövrdə Leylinin faciəsi təbii idi. Leyli zahirən zəmanəsinin tələblərinə baş əyən, əslində isə ona məğrur bir sükutla meydan oxuyan, onun istədiyi, dediyi kimi olmayan, şərin zülmət gecəsində günəş kimi parlayan, içində insanlığın əbədi məşəlini gəzdirən bir insan kimi yaşayır.
Nizami bu poemada yaratdığı surətlər, təsvir və təhlil etdiyi hadisələr, mətləblər vasitəsilə dövrünün zəngin mənəviyyatlı insan obrazını, fikir, düşüncə və əxlaq mənzərəsini yaratmışdır. Hətta hər bir zərrənin müəyyən bir iş gördüyünü söyləyən dahi sənətkarın bu əsərində də ən epizodik surət belə mühüm ideya yükü daşıyır, dövrün insan xarakterlərini daha dolğun göstərməyə xidmət edir. Şairin bütün əsərləri kimi bu poema da həyatın özündən gələn zəngin fikir xəzinəsidir.
Xəlil Yusifli,
Filologiya elmləri doktoru, professor
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...