Nəsiminin qəzəllər toplusu Moskvada təqdim olundu
Moskva Mərkəzi Ədəbiyyatçılar Evində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Moskvada işıq üzü görmüş “И стал Путем Истины я сам” (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Moskva Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış Rusiya yazıçıları, elm adamları, media və ictimaiyyət nümayəndələri iştirak edib.
Toplantını giriş sözü ilə açan Pyotr Elm və İncəsənət Akademiyasının (PEİA) vitse-prezidenti, Moskva Yazıçılar Birliyinin I katibi Valeri İvanov-Taqanski Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini əlamətdar hadisə adlandırıb. “Prezident İlham Əliyevin bu günlərdə Soçiyə səfəri, Rusiya lideri ilə mehriban dostluq münasibətləri xalqlarımız arasında əlaqələrin parlaq perspektivlərindən xəbər verir”, –V.İvanov-Taqanski vurğulayıb. Daha sonra PEİA-nın həqiqi üzvü, alim Aleksandr Rudnev, Nəsiminin həyat və yaradıcılığından danışıb, böyük şairin irsini Şərq xalqlarının mədəni sərvəti adlandırıb. Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun professoru Abuzər Bağırov, filologiya elmləri doktoru Natalya Dutko, Nəsiminin zəngin yaradıcı irsi, dünya poeziyasına bəxş etdiyi misilsiz töhfələrindən söz açıblar. Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid nəşr haqqında ətraflı məlumat verərək Nəsiminin yubileyinin ilk dəfə 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO-nun tədbirləri siyahısına daxil edildiyini və beynəlxalq miqyasda qeyd olunduğunu diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Moskva Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin tələbələri Nəsiminin qəzəllərindən parçalar səsləndiriblər. Nəsimi yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiyada Rusiyanın əməkdar artisti Qalina Ulyotova, Yelizaveta Kobzeva, Yelena Kan musiqi nömrələri ilə çıxış ediblər. “Katyuşa” teatr məktəbi üzvləri tərəfindən Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edilib.
İnstitutun tələbəsi Anna Danilova: “Nəsimi poeziyası insan qəlbində sözə, sənətə ehtiram, özünün özünə hörmət, insanlara sonsuz sevgi hissləri oyadır. Nəsimini oxuyarkən bir daha əmin oldum ki, Şərq poeziyası sonsuz müdriklik xəzinəsidir. Mənim üçün Nəsimi poeziyanın peyğəmbəridir. Düşünürəm ki, “Nəsimi ili” sülh və əmin-amanlıq ili olmalı, dahi şairin bəşəriyyətə ünvanladığı fikirləri əks etdirməlidir”.
Qeyd edək ki, Moskva Yazıçılar Birliyinin “U Nikitskix vorot” nəşriyyatında çap edilmiş kitaba şairin 200-ə yaxın qəzəl və rübaisi, Nəsimi yaradıcılığını işıqlandıran “Поезия вечной истины” adlı məqalə daxil edilib.
Kitab ötən aylardan başlayaraq Rusiyanın mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...