Heydər Əliyev tərcümə sahəsinin əhəmiyyəti haqqında
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 23 may tarixli 2236 №-li Sərəncamıyla Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması qərara alınıb.
Azərbaycanda tərcümə işini tənzimləyəcək, dünya ədəbiyyatını Azərbaycanda, milli ədəbiyyatımızı dünyada tanıdacaq dövlət qurumunun yaradılması ideyası ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1981-ci ildə Azərbaycan yazıçılarının VII qurultayında səsləndirilib.
Ulu öndərin tərcümə sahəsinə verdiyi böyük önəm, bu sahənin ölkənin mənəvi-maarifçi durumu üçün vacibliyi, eləcə də xalqlar, dillər və ədəbiyyatlar arasında qarşılıqlı mübadilələrin əhəmiyyəti barədə irəli sürdüyü parlaq fikir və ideyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Heydər Əliyevin Azərbaycan yazıçılarının VII qurultayındakı nitqindən
Qardaş ədəbiyyatların çiçəklənməsi və yaxınlaşmasının çoxcəhətli proseslərində qarşılıqlı tərcümələr getdikcə daha böyük rol oynayır. Bu, milli mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və zənginləşməsinin böyük ictimai-siyasi əhəmiyyətə malik qüdrətli vasitəsidir. Qeyd etmək lazımdır ki, bu sahədə respublikada az iş görülməyib. A.Puşkinin və L.Tolstoyun, M.Lermontovun və A.Çexovun, M.Qorkinin və V.Mayakovskinin, A.Tvardovskinin və M.Şoloxovun, K.Markovun və V.Kojevinkovun, A.Fadeyevin və B.Polevoyun, A.Çakovskinin və N.Tixonovun və bir çox başqa rus yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur. Respublikada ölkəmizin qardaş xalqlarının bir çox yazıçılarının əsərləri nəsr edilmişdir.
Lakin bu sahədə indiyədək həll olunmamış problemlər də az deyildir. Mən ən əvvəl bu işdə kortəbii axın elementləri olduğuna diqqəti cəlb etmək istəyirəm. Nəşriyyatlarda dünya və rus klassikasının, sovet ədəbiyyatı əsərlərinin seçilib Azərbaycan dilində nəşr edilməsi üçün dərin düşünülmüş, uzun müddət qüvvədə ola bilən plan yoxdur. Azərbaycan klassik və müasir ədəbiyyatının rus dilinə tərcümə edilməsi sahəsində də uzunmüddətli fəaliyyət planı tərtib olunmamışdır. Yüksək ixtisaslı tərcüməçi kadrları çatışmır. Yeri gəlmişkən, qeyd edək ki, indiyədək heç kəs yüksək ixtisaslı professional tərcüməçilər hazırlamaq və bunları təkmilləşdirmək işini təşkil etməyə ciddi təşəbbüs göstərməmişdir. Bizdə olan tərcüməçi qüvvələri isə hələ də pərakəndə haldadır.
Bədii tərcümələrin keyfiyyəti problemi ciddi problem olaraq qalmaqdadır. Halbuki respublikamızın sosial və mənəvi inkişaf tələbləri, Azərbaycanın sosialist mədəniyyətinin daha da yüksəlməsi bütün ictimai-siyasi və bədii ədəbiyyat tərcüməsi işini kökündən yaxşılaşdırmağı tələb edir. Görünür, Yazıçılar İttifaqında və respublika Dövlətnəşrkomunda çalışan yoldaşlar tərcüməçilərin fəaliyyətinə rəhbərlik etməyin konkret təşkilat formaları haqqında ciddi düşünməlidirlər.
Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Azərbaycan Dövlət Universitetinin rəhbərləri jurnalistika fakültəsi tələbələrinin müxtəlif tərcümə sahələri üzrə ixtisaslaşmasını, onların hazırlığını yüksəltməyi təmin etməlidirlər. Bu problemlərin həllində yaradıcı işçilərin mümkün qədər geniş dairəsi iştirak etməlidir. Ömrünün ən gözəl illərini A.S.Puşkinin dahiyanə “Yevgeni Onegin” əsərinin tərcüməsinə həsr etmiş Səməd Vurğunun sözlərini xatırlatmaq istəyirəm. Səməd Vurğun demişdir: “Mən istəyirdim buna nail olam ki, Puşkin ruhu, onun obrazları azərbaycanlılar üçün daha yaxın olsun, azərbaycanlı Leyli obrazını necə sevir və ona necə ehtiram bəsləyirsə, Tatyananı da elə sevsin, ona da elə ehtiram bəsləsin”.
Yaradıcı tərcümənin bu böyük və nəcib vəzifəsini bizim ən qüvvətli yazıçılarımız şərəflə yerinə yetirməlidirlər. Vəzifə bundan ibarətdir ki, respublikanın yazıçılar təşkilatı sovet tərcümə məktəbinin ənənələrini inkişaf etdirərək rus tərcümə ustaları ilə, bütün qardaş respublikaların tərcüməçiləri ilə – planetimizin həyatını inqilabi surətdə dəyişdirmək uğrunda, sülh və sosial tərəqqi uğrunda ümumi mübarizəyə kömək edən mütərəqqi xarici ədəbiyyatın tərcüməçi nümayəndələri ilə yaradıcılıq əlaqələrini möhkəmlətsin. Bu məqsədlə tərcümə ədəbiyyatının müntəzəm nəşri üçün imkanlar axtarıb tapmaq lazımdır.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi bu məsələlərə prinsipial əhəmiyyət verərək respublikada tərcümə işinin vəziyyətini xüsusi müzakirə etmək və onun əsaslı surətdə yaxşılaşdırılması üçün müvafiq tədbirlər görmək niyyətindədir.
Ölkəmizdəki xalqların ədəbiyyatlarının yaradıcılıq əlaqələrini möhkəmlətməkdə, bunların qarşılıqlı təsir və qarşılıqlı zənginləşmə proseslərində rus dili çox mühüm rol oynayır. Rus dilinin köməyi ilə mühüm ədəbiyyatların görkəmli ustalarının əsərləri bütün ölkədə və onun hüdudları xaricində geniş yayılır və şöhrət qazanır.
Biz bu gün Azərbaycan ədəbiyyatının rus dilinə bədii tərcüməsi sahəsində rus yazıçılarının böyük xidmətləri haqqında dərin minnətdarlıq hissi ilə danışırıq. Bu yaradıcılıq dostluğunu, bu gözəl ənənələri inkişaf etdirmək və möhkəmlətmək lazımdır. Bununla əlaqədar olaraq yazıçılarımızın rus dilini dərindən öyrənməsi kimi çox mühüm vəzifə qarşıda durur. Söhbət ondan gedir ki, respublikamızın yazıçıları ana dilində əsərlər yaradarkən rus dilinin, rus və bütün sovet ədəbiyyatının böyük sərvətlərindən daha dolğun istifadə edə bilsinlər.
Dillərin qarşılıqlı əlaqəsi həmişə faydalıdır, xüsusən bədii söz ustaları üçün. Bu əlaqələr milli ədəbiyyatımızın əsərlərinin rus dilinə tərcüməsi kimi mühüm işdə də böyük yaradıcılıq imkanları açır. Azərbaycan və rus dillərini mükəmməl bilən hər bir yazıçı, ədəbiyyatçı çox böyük fayda verə bilər. Yazıçıların bu cür inkişafına hər vasitə ilə kömək etmək lazımdır. Biz inanırıq ki, bu, gözəl bəhrələr verər, böyük bədii nailiyyətlərə səbəb olar.
Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.
12 iyun 1981-ci il
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...