İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb
İsrail dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz noyabrın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında ədəbi-mədəni əlaqələrin, ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bədii tərcümənin dil mədəniyyətinin inkşafını təmin edən məsul sahə olmaqla yanaşı, həm də ciddi sənət hadisəsi olduğunu qeyd edən Afaq Məsud İsrail ədəbiyyatının Azərbaycanda tərcümə və nəşr məsələlərinə də toxunub: “Tərcümə Mərkəzi daim İsrail ədəbiyyatı və əsasən, yəhudi əsilli yazıçıların əsərlərinə xüsusi diqqət göstərib, öz mətbu orqanlarında bu ədəbiyyata məxsusi yer ayırıb. Bu ədəbi nümunələr sırasında İsaak Babelin “Odessa hekayələri”ni, Artur Millerin pyeslərini və s. qeyd etmək olar. Mərkəzin üzümüzə gələn ildə ivrit dilindən tərcüməsini və nəşrini nəzərdə tutduğu növbəti müəllif – məşhur yəhudi yazıçısı Şelom Aleyxemdir”. Afaq Məsud həmçinin, Azərbaycan dilinə tərcümə edilməmiş Tövratın orijinaldan tərcümə məsələsinə toxunaraq, bu işdə İsrail mütəxəssisləri ilə birgə əməkdaşlığın vacibliyini qeyd edib.
Cənab Rafael Harpaz öz növbəsində Azərbaycanda belə bir qurumun yaradılmasının ciddi hadisə olduğunu qeyd edərək, Tərcümə Mərkəzinin ədəbiyyatlar və xalqlararası körpülərin yaradılmasında böyük rol oynayacağına əminliyini bildirib. “Digər ölkələrlə müqayisədə İsrail və Azərbaycan arasında əlaqələr xüsusi templə inkişaf edir və hər iki tərəf üçün önəmli xarakter daşıyır. İqtisadi əməkdaşlığımız, Qarabağ məsələsində mövqeyimiz buna bariz sübutdur. Təsadüfi deyil ki, bu gün İsraildə 70 000-ə yaxın Azərbaycandan köçmüş yəhudi yaşayır və fəaliyyət göstərir. Onlar təmiz Azərbaycan dilində danışır və bu dili, Bakını heç bir vəchlə unutmurlar. Biz coğrafi cəhətdən yaxın olmasaq da, mədəni və mənəvi bağlar həmişə İsraillə Azərbaycan arasındakı əlaqələrin inkişafına təkan verib. Biz həm iqtisadi, həm də ədəbi-mədəni sferalarda əməkdaşlığa maraqlıyıq”.
Görüşün sonunda gələcəkdə İsraildə keçiriləcək ədəbi-mədəni tədbirlərdə Mərkəzin iştirakı, həmçinin, ədəbiyyatlararası mübadilələrin təşkilində səfirliklə Az.TM arasında birgə layihələrin hazırlanması barədə razılıq əldə olunub.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...