Tərcümə Mərkəzinin nümayəndə heyəti Sofiyada
ARNK yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti dekabrın 13-17 tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edir. Sərgi çərçivəsində nümayəndə heyətinin Bolqarıstan Tərcüməçilər Birliyi, Bolqarıstan Kitab Sərgisinin rəhbərliyi ilə görüşləri keçirilib. Bolqarıstan Tərcüməçilər Birliyinin rəhbərliyi ilə paytaxtın Sofiya Universitetində baş tutan görüş zamanı Mərkəzin son iki il ərzində ədəbiyyatlararası mübadilələr istiqamətində həyata keçirdiyi layihələrdən, rus dilində Moskvada, ingilis dilində Londonda, türk dilində Ankarada, ərəb dilində Qahirədə nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyaları”ndan, habelə dünya ədəbiyyatı nümunələrinin Azərbaycanda geniş təbliğindən söz açılıb. Hazırda çex, ispan, ukrayna, belarus, fransız və gürcü dillərinə tərcümə prosesində olan bu akademik nəşrin bolqar dilinə tərcüməsi, bu işin Bolqarıstanın tanınmış tərcüməçiləri tərəfindən həyata keçirilməsi və Sofiyanın aparıcı nəşriyyatlarında nəşri ilə bağlı danışıqlar aparılıb.
Bolqarıstan Tərcüməçilər Birliyinin sədri İvo Panov:
– Sizin Mərkəzin fəaliyyətini maraqla izləyirik. Məşhur Argentina yazıçısı Adolfo Kasaresin “Morelin ixtirası” kitabını nəşr etmisiniz. Bu, çox maraqlı əsərdir və ümumiyyətlə, Argentina ədəbiyyatı dünyanın aparıcı ədəbiyyatları sırasında həmişə diqqət mərkəzində olub. Mərkəzin ədəbiyyatlararası mübadilələr istiqamətində həyata keçirdiyi bu layihələri, dünyanın ən istedadlı ədəbi simalarının Azərbaycanda tanıdılmasını və təbliğini təqdirəlayiq hal hesab edirik.
Görüşdə Bolqarıstan Tərcüməçilər Birliyinin sədri İvo Panovla yanaşı, qurumun sədr müavinləri Rada Şarlanciyeva və Veselina İjekova, məsul katib Sabina Pavlova, Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak ediblər.
Bolqarıstan Kitab Sərgisinin rəhbərliyi ilə baş tutan növbəti görüşdə 2017-ci ildə Sofiyada keçiriləcək sərgidə Azərbaycanın geniş və əhatəli iştirakının təşkili ilə bağlı danışıqlar aparılıb. Mərkəzin direktoru Afaq Məsud və “Bolqar Kitabı” Assosiasiyası idarə heyətinin sədri Veselin Todorov gələn il keçiriləcək adıçəkilən beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycan ədəbiyyatının bolqar oxucusuna tanıdılması istiqamətində atılacaq addımlarla bağlı fikirlərini bölüşüblər.
Tədbirlərdən sonra Afaq Məsud Bolqarıstanın “Standart” qəzetinin müxbiri, tanınmış jurnalist Olia Al-Ahmedə müsahibə verib.
Sabah Mərkəzin nümayəndə heyətinin Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Anqelov, Bolqarıstanın “Zaxariy Stoyanov” nəşriyyatının rəhbəri İvan Qranitski, tanınmış ədəbiyyatşünas alim Dmitri Qaçev və Bolqarıstanın Təhsil Nazirliyinin Dövlət nəşriyyatı idarə heyətinin sədri Anastasiya Boneva ilə görüşü keçiriləcək.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...