"Morelin ixtirası" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan "Morelin ixtirası" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva, Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Omar Senon Medina Kintero, Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Santyaqo Luis Bento Fernandes Alkasar, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini, Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Marta Galindo, Argentina-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun nümayəndəsi Mirkazım Kazımov və ölkənin elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva geniş nitqində Servantes Ədəbiyyat Mükafatı laureatı, ispandilli ədəbiyyatın məcrasını kökündən dəyişmiş Adolfo Bio Kasaresin "Morelin ixtirası" kitabının əhəmiyyətindən danışıb: “Həyatda bütün günlər önəmlidir, lakin insanlara yeni bir kitabı oxumaq imkanı verən günlər daha vədvericidir, çünki bu kitablarda təcəssüm olunan ideyalar müəllifdən xalqlara təsir etmək məqsədilə ötürülür. 1940-cı ildə bir argentinalı tərəfindən yazılmış əsəri bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əvəzolunmaz köməkliyi ilə bu ölkənin sakinlərinə öz ana dillərində təqdim etməkdən şərəf duyuruq”.
Daha sonra səfir kitabın müəllifi haqqında qısa arayış verib: “Əsərin müəllifi Adolfo Bios Kasares 1914-cü ildə Buenos-Ayres şəhərində varlı bir ailədə anadan olub. Yazıçı axıcı, kübar və eyni zamanda sadə bir dildə, incə yumor hissi ilə yazıb-yaradıb. “Morelin ixtirası” müasir ədəbiyyatın klassik nümunəsi sayılır, boş bir adada cərəyan edən hadisələr birinci şəxsin dilindən nəql olunur”.
ARNK yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud ilk əvvəl Tərcümə Mərkəzi və onun fəaliyyət istiqamətləri barədə məlumat verib:
“Tərcümə Mərkəzi öz yaradılma tarixi və bioqrafiyası ilə Azərbaycanda, bəlkə də dünyada unikal, fərqli bir qurumdur. Bu quruma 2014-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yeni status verildi. 1989-cu ildən fəaliyyət göstərən Mərkəz, bu illər ərzində çox ciddi mənəvi və maddi çətinliklərlə üzləşsə də, öz ali missiyasını ədəbiyyata olan böyük sevgi və sədaqətlə yerinə yetirməyə davam edib. 25 çətin, keşməkeşli illər ərzində dünya ədəbiyyatının seçilən, sevilən yazıçılarının əsərlərini Azərbaycan oxucusuna çatdırıb, ərsəyə gətirdiyi tərcümələri öz “Xəzər” dünya ədəbiyyatı jurnalında, onun nəşri dayananda isə internet vasitəsi ilə yayımlayıb. Və biz uzun illər göstərdiyimiz fəaliyyətlə bağlı, çevirdiyimiz əsərlərin və müəlliflərin adlarının toplandığı kataloqu nəşr edərkən, bu illər ərzində, həqiqətən böyük işlərin ərsəyə gətirildiyinin şahidi oluruq. Dünyanın elə bir aparıcı ədəbiyyatı, elə bir önəmli əsəri olmayıb ki, Mərkəz ona diqqət ayırmasın, tərcümə edib Azərbaycan oxucusuna çatdırmasın. Və bu ədəbiyyatlar arasında Latın Amerikası ədəbiyyatı da həmişə önəmli yerlərdən birini tutub. Argentinanın ən məşhur qələm adamlarının – Xorxe Luis Borxes, Xulio Kortasar, Ernesto Sobato, Roberto Arlt, eləcə də indi adlarını xatırlatmadığım bir çox ədiblərinin əsərləri Mərkəz tərəfindən hələ 90-cı illərdə Azərbaycan dilinə tərcümə edilib. Argentina ədəbiyyatı, ilk növbədə intellektual ədəbiyyatdır. Bu ədəbiyyat insan düşüncəsi üçün yeni qatlar açır və açmağa davam edir. İndi sizə təqdim olunan bu əsər də öz unikallığı ilə fərqlənir. Mən Azərbaycan oxucusuna, ilk olaraq məhz bu əsərin təqdim olunmasını təklif edən cənab səfirə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu kitab, Adolfo Bio Kasaresin Azərbaycanda işıq üzü görəcək əsərlərinin ilkidir”.
Milli Kitabxananın rəhbəri Kərim Tahirli layihənin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu layihə Azərbaycan oxucularının Argentina yazıçılarını daha yaxşı tanıması istiqamətində atılan addımdır.
Yazıçılar Birliyinin katibi, şair, jurnalist Rəşad Məcid Azərbaycan oxucusuna yeni bir yazıçını tanıtdıqları üçün cənab səfirə və Tərcümə Mərkəzinə təşəkkürlərini bildirib.
Tərcümə Mərkəzini aparat rəhbəri yazıçı Yaşar Əliyev Latın Amerikası ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüb. O söyləyib ki, bir yazıçı kimi formalaşmasında bu ədəbiyyatın müstəsna xidmətləri olub.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...